Məhkəmə qərarları › İş №3(004)-2150/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2150/2021

27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2150/2021 27.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Qərarından şikayət verilən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4, X1 iştirakları ilə, X1 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 27.05.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 27.05.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, o 27.05.2021-ci il tarixdə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində ona məxsus **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilini ictimai nəqliyyatın dayanacağından təqribən 20 metr aralı məsafədə park etmişdir. 10 dəqiqə sonra sms vasitəsi ilə BNA tərəfindən 40 AZN cərimə olunmağı barədə qısa mesaj almışdır. Dərhal 141 qaynar xəttinə yığaraq məsələni araşdırmaq üçün ora gedəcəyini operatora bildirmişdir. Operator öz növbəsində pandemiya qaydalarına görə üzbəüz görüşün qadağan olduğundan məsələni araşdıracaqlarına söz vermişdir. Araşdırmanın nəticəsinə görə o İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsini pozaraq ictimai nəqliyyat dayanacağının 15 metr məsafəni qorumadığı üçün cərimələnmişdir. Göndərilən şablon qərar onu qane etmədiyindən onunla birgə yerində araşdırılmanın aparılmasını tələb etmişdir. 45 gün keçdikdən sonra BNA müfəttişi yerində araşdırma aparmışdır. Araşdırmada o sübut etmişdir ki, 15 metr məsafəni tam qorumuşdur və operatorun qeydə aldığı cərimə qanunsuzdur. Müfəttiş hadisə yerində çəkiliş aparmış və ona demişdir ki, rəhbərliyə ünvanlanan qərarın ziddiyyətli olduğunu bildirəcəkdir. Bir gün sonra BNA-dan Ülvi Hüseynov adlı BNA-nın hüquqşünası ona zəng edərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində ona məxsus **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilini ictimai nəqliyyatın dayanacağından təqribən 20 metr aralı məsafədə park etmişdir. Lakin həqiqətən avtomobil ilə avtobus dayanacağı nişanı arasında 15 metrdən az məsafə olmuşdur. Düşünür ki, yol nişanı yanlış yerdə qurulduğundan o inzibati qaydanı pozmamışdır. Bundan əlavə bildirmişdir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş qərar İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin tələblərinə ziddir. Göstərilənlərə əsasən Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 27.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X6 məhkəmə iclasında göstərmişdir ki, Bakı Nəqliyyat X2 barəsindəki BNA ******* saylı, 27.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir. Belə ki, P.Əbilov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinin tələblərini pozaraq 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda öz avtomobilini saxlamışdır. Bundan əlavə şikayətçi qərardan şikayətində inzibati xətanın foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinin İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 122-ci maddəsinin tələblərinə zidd olması ilə əsaslandırmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, bu hal üzrə də şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni 122.1-ci maddə İXM-in digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəyin ki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək, inzibati iş üzrə icraata başlanıla bilər. Bu mövqe 23 fevral 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə edilmiş dəyişiklərdə qismən öz əksini tapmışdır. Belə ki, həmin maddədə qeyd olunub ki, İXM-in 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda rəsmi verilmiş hesab olunur. Bu maddənin məzmunundan görünür ki, İXM foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə 124.5 və 124.6-cı maddələrində göstərilən maddələr üzrə də inzibati xəta hadisələrini aşkar edilməsini mümkün edir. Eyni zamanda bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 6 iyul 2018-ci il tarixli 181 nömrəli Fərman əsasında BNA-ya parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi tapşırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq müəyyən edilir ki, xüsusi texniki vasitələrin köməyi ilə dayanma və durma qaydaları pozuntularının aşkar edilməsi qanuni əsaslarla əldə edilmiş sübut sayılır. Beləliklə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 27.05.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X8 27.05.2021-ci il tarixdə saat 14:30 radələrində “Mercedes C200 minik” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində durma qaydalarını pozduğuna görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən təqdim edilmiş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, X8 27.05.2021-ci il tarixdə saat 14:30 radələrində “Mercedes C200 minik” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində durma qaydalarını pozmuşdur. Bununla da, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara, eləcədə şikayətçinin özünün etirafedici ifadəsinə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, şikayətçi X7 dayanacaq meydançasından 15 metrdən artıq məsafədən dayandığını və bununlada qanunun tələbini pozmadığını bildirsədə İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinin tələblərinə əsasən həm dayanacaq meydançasından, həmdə ki, 5.12 və 5.13 yol nişanalarından 15 metrdən yaxınlıqda dayanmaq digər nəqliyyat vasitələri üçün qadağandır. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Şikayətçi şikayətində onun barəsində qəbul edilmiş qərar üzrə İXM-nin tələbləri pozulmaqla icraat aparıldığını, həmin icraat qaydasında onun barəsində inzibati tənbehvermə qərarı çıxarılmasının şikayətində göstərilən İXM-nin tələblərinə zidd olduğunu qeyd etsə də, məhkəmə aşağıdakılara görə hesab edir ki, şikayətin bu hissəsi əsassızdır. Belə ki, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli fərmanının 1.1-ci maddəsinə əsasən parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə tapşırılmışdır. Bakı Nəqliyyat Agentliyi tərəfindən mübahisələndirilən qərar üzrə icraat İXM-nin 122-ci maddəsi əsasında deyil, həmin Məcəllənin 124.5 və 124.6-cı maddələri üzrə aparılmışdır. Belə ki, həmin xəta bilavasitə kameralarla çəkiliş aparan, idarəetmə mərkəzində olan səlahiyyətli şəxs tərəfindən qeydə alınmışdır. Xətanın qeyd edilən formada qeydə alınmasını inzibati xətalar qanunvericiliyi qadağan etməmiş, İXM-nin 124cü maddəsi qeyd olunan halı istisna etməmişdir. Bundan əlavə, şikayətçinin nəqliyyat vasitəsinin yanında olmadığı fotoşəkillər də mövcuddur. Həmçinin, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli fərmanı ilə də parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə tapşırılmışdır. Bundan başqa, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdəndir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 27.05.2021-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar