Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2152/2022 20.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 21.04.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 21.04.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, barəsində 13.03.2022-ci il tarixində saat 14:22-də Yasamal rayonu, A.M.Şərifzadə küçəsində ASAN xidmətin qarşısında dayanma-durma (İXM 346.1-ci maddəsi) ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müşahidə kamerası vasitəsilə elektron protokol tərtib edilib. Bildirmişdir ki, dayanma-durma ilə bağlı heç bir dövlət orqanının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə bu inzibati xətaya (yəni İXM 346.1-ci maddəsi) görə foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitəsilərin köməyi ilə aşkarlayıb elektron protokol tərtib etmək səlahiyyəti yoxdur. Aşağıda İXM-nin müvafiq maddəsini əlavə edir: 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu maddədən göründüyü kimi etdiyi inzibati xəta (İXM 346.1-ci maddəsi) İXMnin 122.1-ci maddəsində qeyd olunmuş xətalara aid deyil. 346.1 maddəsi ilə inzibati məsuliyyətə cəlb olunarkən mütləq şəkildə avtomobilin foto və video çəkilisi hadisə yerində çəkilir, dövlət orqanının avtomobilində quraşdırılmış bort kompyuter vasitəsi ilə elektron protokol tərtib edilib avtomobilin ön şüşəsinə qoyulur. BNA isə bu xətanı İXM-nin 122.1-ci maddəsinə məhəl qoymadan xüsusi texniki vasitəsilərin köməyi ilə, daha dəqiq desək müşahidə kameraları vasitəsi ilə təsbit edib. BNA-ə etdiyi şikayət əsasında həmin orqan tərəfindən çıxarılmış qərarı ərizəsinə əlavə edir. Qərarda istinad olunmuş bütün maddələr özündə onun da yuxarıda qeyd etdiyi kimi, xüsusi dövlət orqanının əməkdaşı tərəfindən xəta yerində aparılan foto və video çəkilişi ehtiva edir. BNA-nin istinad etdiyi İXM-nin müvafiq maddəsini əlavə edir: maddə 124. İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası; 124.6. Bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4- cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır, inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddənin adından da göründüyü kimi inzibati xəta BİLAVASİTƏ aşkar edildikdə. Daha aydın desək, birbaşa, vasitəsiz. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 21.04.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına (qərar qəbul edən BNA-nın dayanma, durma və parklama qaydalarının nizamlanması şöbəsinin müdiri Vüqar Hüseynov) əsasən X5 13.03.2022-ci il tarixdə saat 14:22 radələrində “Toyota Camry minik” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu, A.M.Şərifzadə küçəsində (ASAN xidmətin yanı) durma qaydalarını pozduğuna görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, qərar ləğv edilməlidir və iş üzrə icraata xitam verilməlidir. Həmçinin aşağıdakı əsasların hər birinin müstəqil mövcudluğu, yəni əsaslardan digərləri təsdiq olunmasa da belə, həmin əsas qərarın ləğvi üçün kifayət edir. İlk əvvəl məhkəmə qeyd edir ki, qərardan şikayətvermə müddəti ötürülməmişdir. Müddətin ötürülməsi təsdiq edilmir. Ona görə də şikayətə baxılmalıdır. Həmçininqərar qanunsuzdursa, bu cür qərardan şəxsin şikayətvermə hüququna məhdüdiyyətlər yaradılmamalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri buna xidmət edir. Çünki İXM-nin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 5.2-ci maddəsinə əsasən həmin Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 1) BNA-nın kamerası ölçü funksiyasına malik deyil. Çünki avtomobilin dayanma qadağandır nişanından hansı məsafədə saxlanılmasını ölçmək üçün kameranın ölçü funksiyası olmadığı üçün, fotoşəkillərdə bu barədə qed yoxdur, avtomobil həmin nişandan hansı məsafədə saxlanılması barədə qərarda da bu barədə qeyd yoxdur. Həmin hal hazırkı iş üçün əhəmiyyət kəsb edən haldır. Həmin faktın başqa qaydada aradan qaldırmaq olmur. Hazırkı vəziyyətdə xüsusi texniki vasitə kimi BNA-nın kameralarının göstəriciləri həmin inzibati xətanı təsdiq etmək üçün kifayət etmir. Çünki həmin qərara BNA-nın F8:4D:FC:33:EC:5E saylı kamerasının (qərarda göstərilib ki BNA-nın Hikvision DS-2DF82361X-AELW(BNA) saylı) çəkdiyi 4 varinatda fotoşəkil əlavə edilmişdir. kameranın qeydə aldığı fotoşəkildəki məlumatlar: 1) Kameranın nömrəsi, 2) fotoşəkilin qeydə alınma tarixi, 3) vaxtı, 4) avtomobilin dövlət nömrə nişanı 5) İXM-nin maddəsi (346.1), 5) Xətanın yeri qeyd edilmişdir. İXM-nin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. İXM-nin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İXM-nin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Göründüyü kimi xüsusi texniki vasitədən istifadə edilmişdirsə, həmin xəta məhz həmin xüsusi texniki vasitənin göstəriciləri nəzərə alınmalıdır. Lakin hazırkı halda kameraların ölçü funksiyası və göstəricisi olmamışdır. Gözəyarı olaraq avtomobilin nişandan 40 metr məsafədə saxlanılmasını güman etmək yol verilmir. İXM-də radarlar vasitəsilə avtomobilin sürət həddini aşması ilə əlaqədar elektron qərarlar qəbul edilir. Bu cür qərarlarda xüsusi texniki vasitənin özü hər hansı bir kənar müdaxilə olmadan, fiziki şəxs aili olmadan, avtomobilin sürəti texniki vasitənin özü ölçür və qərarı da həmin texniki vasitə elektron qaydada özü qəbul edir. Həmdə əgər inzibati xəta xüsusi texniki vasitələrin göstəriciləri əsasında aparılmalıdırsa, fotoşəkili kamera vasitəsilə, avtomobilin dayandığı yerin isə fiziki şəxsin bilavasitə xəta yerində mexaniki üsulla ölçü aparmaqla həllinə yol verilmir. Çünki İXM-nin tələblərinə əsasən zidiyyətli və şübhəli məqamlar şəxsin xeyrinə həll edilməlidir. 2) BNA tərəfindən inzibati xətanın məhz İXM-nin 122-ci maddəsi qaydasında deyil, 124-cü maddəsi qaydasında aparıldığı hesab edilsə də belə, bununla da inzibati xətanın bilavasitə aşkar oldunduğunu hesab edilsə də, belə vəziyyətdə nəzərə alınmalıdır ki, belə hallarda xətanı aşkar edən şəxs fiziki şəxs, yəni BNA-nın əməkdaşı bu xətanı kamera qarşısında oturub müəyyən edir. Əgər belədirsə, onda həmin qərar elektron qərar hesab edilmir. Çünki BNA-nin əməkdaşının qərarı hesab edilir. Bu hal iş üzrə də öz təsdiqini tapır. Çünki göründüyü kimi barəsində şikayət verilmiş BNA ******* saylı, 21.04.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı BNA-nın dayanma, durma və parklama qaydalarının nizamlanması şöbəsinin müdiri Vüqar Hüseynov tərəfindən qəbul edildiyi göstərilib Qərarın imza bölməsində həmin şəxsin soyadı və adı yazılıb. Lakin həmin qərar “elektron imza ilə” təsdiqlənməyib. Bundan əlavə həmin qərar onu qəbul etmiş Vüqar Hüseynov tərəfindən imzalanmamışdır. Beləliklə imzalanmamış qərarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. 3) Bundan əlavə hazırkı inzibati xəta üzrə birbaşa qərar qəbul edilə bilməsi İXM-də müəyyən edilmişdir. Lakin hazırkı inzibati xəta haqqında qərar İXM-də bunun üçün müəyyən edilmiş qaydada çıxarılan qərar da deyildir. Çünki 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi elektron qərar çıxarılırsa, bu zaman bort-kompüter vasitəsilə tərtib olunmalı idi. Lakin hazırkı qərar bort-kompüter vasitəsilə tərtib olunmamışdır. 4) Bundan əlavə BNA tərəfindən həmin hazırkı inzibati xəta İXM-nin 122-ci maddəsi ilə deyil, İXM-nin 124-cü maddəsi qaydasında aparılmışdırsa da, yenə də İXM-nin tələbləri pozulmuşdur. Çünki belə olduğu təqdirdə məhkəmə aşağıdakılara əsasən hesab edir ki, onda İXM-nin 124-cü maddəsi ilə inzibati xəta üzrə icraat aparılması qaydası pozulmuşdur. Çünki hazırkı iş üzrə hər hansı bir inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Birbaşa inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Hazırkı iş üzrə icraat İXM-nin 124.5-ci maddəsi ilə də aparılmamışdır. Çünki həm İXM-nin 124.5, həm də İXM-nin 124.6-cı maddələrindəki qərarlar yalnız bort-kompüter vasitəsilə tərtib olunmalı idi. Belə olduğu təqdirdə hazırkı inzibati xəta, yuxarıda qeyd edildiyi kimi İXM-nin 124.5, 124.6-cı maddəsində nəzərdə tululmuş qaydada yalnız bort-kompüter vasitəsilə tərtib olunmalı idi. Lakin hazırkı qərar bort-kompüter vasitəsilə tərtib olunmamışdır. Belə olduğu təqdirdə icraat zamanı ilk növbədə inzibati xəta haqqında protokol tərtib edilməliydi, bundan sonra qərar qəbul edilə bilərdi. Çünki İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Lakin göründüyü kimi hazırkı iş üzrə ümumiyyətlə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. 5) Bundan əlavə məhkəmə qeyd edir ki, İXM-nin 122.1-ci maddəsində hansı inzibati xətaların, məhz həmin qaydada aparılması orada qeyd edilmişdir. İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətaların İXM-nin 122.1-ci maddəsi aqydasında icraat aparılması “imperativ” norma kimi müəyyən edilmişdir. Ona görə də həmin maddədə “yalnız” ifadəsinin işlədilməməsi, heç də o demək deyil ki, İXM-dəki digər inzibati xətaları da İXM-nin 122-ci maddəsi qaydasında icraat aparıla bilər. 6) Bütün sadalananlardan əlavə məhkəmə qeyd edir ki, İXM-də inzibati xətalar haqqında işlərə baxılmanın ümumi qaydaları müəyyən edilsə də, lakin, həmin Məcəllədə “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri” xüsusi qaydada, yəni İXM-nin 16-cı fəsli ilə tənzimlənir. Ona görə də “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə” məhz həmin fəsildə göstərilmiş qaydalar çərçivəsində baxılmalıdır. İXM-də həmin qaydalardan fərqli qaydalar müəyyən edilsə də, həmin fərqi qaydaların İXM-nin 16-cı fəslindəki işlər üzrə qüvvəsi yoxdur. Belə olduğu təqdirdə şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati tənbehvermə haqqında qərarlardan, tərəflərin izahatlarından, işin mübahisəsiz halı kimi (qərarından şikayətverən orqanın nümayəndəsi də bu halı qəbul edir, mübahisələndirmir) müəyyən edilir ki, həmin qərarlarda qeyd edilən inzibati xəta, yəni İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərarlar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Yəni həmin inzibati xətalar bilavasitə, yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli şəxsin inzibati xətanın törədildiyi yerdə olmaqla, həmin hadisə yerində bilavasitə aşkar etməmişdir. Həmin inzibati xəta hadisəni aşkar edən şəxsin hadisə yerində olmadan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Beləliklə “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri”ni tənzimləyən İXM-nin 16-cı fəslində, həmin işlərə baxılmasını biri-birindən fərqləndirən aşağıdakı 2 qaydası müəyyən edilmişdir: - Maddə 122. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; - Maddə 124. İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası. Belə olduğu təqdirdə “İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası”ndan bəhs edilən İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Məhkəmə həmçinin qərarından şikayət verilən orqanın nümayəndəsinin şikayətə etirazının əsası kimi göstərdiyi məqama, yəni icraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 06 iyul tarixli 181 nömrəli Fərmanına uyğun aparılması barədə dəlillərinə qiymət verərək qeyd edir ki, ümumiyyətlə İXM-nin 57.6-cı maddəsi inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması qaydasını tənzimləmir. Həmin maddə inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydasını tənzimləyir. Yəni həmin maddənin “İnzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası” və ya “İnzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası”nı tənzimləmir. Nümayəndənin həmin dəlili bu işə baxılmasına aidiyyəti olmayan dəlildir. Digər tərəfdən İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmədiyi üçün, hazırkı şikayətin mahiyyətinə uyğun olaraq, digər hər hansı bir qayda İXM-nin 122 və 124-cü maddəsində tənzimlənən qaydalardan fərqli qaydalar bu iş üzrə tətbiq edilə bilməz. O cümlədən də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 06 iyul tarixli 181 nömrəli Fərmanı hazırkı şikayətdə qaldırılmış məsələnin, yəni inzibati xəta hadisəsinin aşkar edilməsin ilə əlaqədar İXM-nin 122 və 124-cü maddəsində tənzimlənən qaydaları tənzimləmir. Göründüyü kimi şikayətçinin təqsirli bilindiyi və barəsində inzibati tənbeh tətbiq edildiyi İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın “İnzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası”ndan bəhs edilən İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmamışdır. Lakin iş üzrə görünür ki, İXM-nin 122.1-ci maddəsinin müəyyən etdiyi qaydalar pozulmaqla, həmin qaydalardan kənara çıxılmaqla, şəxs barəsində İXM-nin 346.1-ci maddəsi ilə inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İXM-nin 122.1-ci maddəsindəki qaydalarla əldə edilmiş sübut, İXM-nin 346.1-ci maddəsindəki inzibati xətanın törədilib-törədilməməsində şəxsin əlehinə istifadə edilə bilməz. Bununla da şəxs barəsində inzibati tənbehvermə qərarı qəbul edilərkən onun təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. Təqsir qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. Qanunda nəzərdə tutulmamış qaydada şəxsin təqsiri sübuta yetirilə bilməz. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Belə olduğu təqdirdə İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 346.1-ci maddəsi ilə Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 21.04.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2152/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2152/2022
20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver