Məhkəmə qərarları › İş №3(004)-2155/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2155/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2155/2022 10.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, 25.02.2022-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, 27 fevral 2022-ci il tarixdə Bakı şəhərində, Bakı Dairəvi yolu istiqamətində idarə etdiyi “MERCEDES” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən saat 11:00 radələrində YPX əməkdaşı onu saxlamış və qayda pozduğunu iddia edərək ona İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib etmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokolu tərtib etmişdir. Protokoldan həmin anda (27 fevral 2022, saat təxm. 11:15 radələrində) 102 qaynar xəttinə şikayətini bildirmişdi, şikayətində qeyd etmişdir ki, yazılmış bu protokolun tarixi və özü səhvdir. YPX əməkdaşının iddia etdiyi qayda pozuntusu və onu saxlamağı 27 fevral 2022 tarixində olsa da, ancaq nədənsə protokol 25 fevral 2022 tarixinə tərtib olunub. (O, bunu təqdim olunan kağız protokolun üstündə sonradan gördü, halbuki 25 fevralda heç o, həmin ərazidən - Badamdar Maşın bazarının qarşısı, keçməmişdir). Bu protokolun səhv yazılması ilə bağlı 102 xidmətinə müraciət etsə də, üzərindən 1 aydan çox keçməsinə baxmayaraq heç bir xəbər yoxdur. O, 102 xidməti ilə təkrar əlaqə saxladıqda onlar ona şikayəti DYP-yə göndərdiklərini bildirdilər. Ancaq DYP-dən də heç bir xəbər yoxdur. Protokolun hansı qayda pozuntusuna görə yazıldığına gəldikdə isə Badamdar maşın bazarını keçdikdən sonra o, sol zolağa keçib dairəvi yola üzü Sədərək TM istiqamətinə gedirdi. Sol zolağa keçərkən orda eyni istiqaməli yolda qoşa xətt (təxm. Socar YDMin qarşısı) olan hissədə dəyişdi zolağı dairəvi yola döndükdən sonra YPX əməkdaşı onu saxladı və bildirdi ki, orda o, zolağ dəyişərkən tək xəttin üzərindən keçərək qayda pozmuşdur. O, ona deyəndə ki, o, həmin hissədə 1.3 xətti olan yerdə zolağı dəyişmişdir, o iddia edirdi ki, həmin yolda qoşa xətt ümümuyyətlə yoxdur. Halbuki, vardır. Qanunda isə həmin xətti tapdalayıb ƏKS istiqamətli yola çıxmaq qayda pozuntusu hesab edilir. O, isə eyni istiqamətli yolda o xətti keçmişdir. Buna baxmayaraq YPX əməkdaşı polis baş serjantı Şəfiyev Seymur (avtomobillərinin nömrəsi YP682 idi) ona protokol tərtib etdi. Protokolun nömrəsi İXP 4475714. Həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X5 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, 25.02.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 25 fevral 2022-ci il tarixdə saat 11:17 radələrində “Mercedes E220 minik” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Kənar Dairəvi yolda hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, 25.02.2022-ci il tarixli protokol əsasında çıxarılmışdır. Beləliklə əvvəl protokol qəbul edilmiş, sonra həmin protokol əsasında da qərar qəbul olunmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X5 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, 25.02.2022-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar