Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2159/2021 17.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Sabirabad rayonunun, Kürkəndi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sabirabad rayonu, Kürkəndi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Faiq Süleymanovun 06 sentyabr 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə məhsuliyyətə cəlb olunması üçün qərarın icrasının 28-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X7 tərəfindən MN seriyalı ******* nömrəli 17 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 24.08.2021-ci il tarixdə saat 15:00- 16:00 aralığında “Asan-3” xidmətinin qarşısında Şəxs X2 dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X7 bildirdi ki, 25 avqust 2021-ci il tarixdə X5 ərizə ilə polis bölməsinə müraciət edərək 24 avqust 2021-ci il tarixdə Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Həmin məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhər Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli 17 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin ərazidə təhlükəsiz şəhər kameraları mövcud olsa da həmin video görüntülər əldə edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, “Bolt” taksi şirkətində sürücü işləyir və icarəyə götürdüyü “Toyota Prius” markalı avtomobillə sərnişinləri daşıyır. Təxminən üç ay əvvəl sifarişlə avtomobilinə əyləşən və özünü Nərgiz adı ilə təqdim edən qadınla tanış olmuş və onu mənzil başına çatdırdıqdan sonra həmin qadının istəyi ilə öz mobil telefon nömrəsini ona vermişdir. Bundan sonra o, sonradan adının Mənsurə olduğu ona məlum olan həmin qadınla onun zənglərindən sonra telefonla müxtəlif mövzularda danışmış, bir müddətdən sonra Mənsurə ondan onu bacısıgilə aparmasını xahiş etdikdə onu təmənnasız olaraq aparmışdı. Beləliklə 3 ay ərzində Mənsurəni bir neçə dəfə onun çağırışı ilə müxtəlif ünvanlara aparmışdır. Son zamanlar Mənsurə ona onunla cinsi əlaqədə olmasını təklif etdikdə hər dəfə ona ailəli olub körpə övladının olmasını bildirərək onun təkliflərinə rədd cavabı vermişdi. Təxminən iki həftə əvvəl Mənsurəni növbəti dəfə bacısıgilə apardıqda bu mövzuda onunla mübahisələri olmuş və Mənsurə onun mobil telefonunu və sənədlərini alaraq onu şərləyəcəyi ilə hədələyərək avtomobilini tərk etmişdir. Bundan sonra Mənsurə atası Vidadiyə zəng edərək guya ondan hamilə olduğunu söyləmiş və götürdüyü mobil telefonunu və sənədlərini 50 manat pulun müqabilində ona qaytaracağını vəd etmişdir. O, atası ilə birlikdə onun bacısıgilə getdikdə Mənsurənin onları aldatdığı məlum olmuş və onlar geri qayıtmışdılar. Mənsurənin onun guya 24.08.2021-ci il tarixdə saat 15:00 və ya 16:00 radələrində “ASAN-3” xidmətinin qarşısında qarşısını kəsərək döyməsi barədə göstərdikləri tamamilə yalandır. Belə ki, həmin gün ümumiyyətlə Mənsurəni görməmiş və orada quraşdırılmış müşahidə kameralarının görüntüləri Mənsurənin yalanını sübut edə bilərlər. Qeyd etmək istəyir ki, onun guya Mənsurəni döyməsi barədə Mənsurə həmçinin Sabunçu RPİ-nin 13-cü PB-nə də şikayət etmişdir və o bu barədə Rafiq Babayev adlı təhqiqatçıya izahat verərək Mənsurənin yalan məlumat verdiyini bildirmişdir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, təxminən 6 ay olar ki, Şəxs ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. Həmin şəxsdən hamilə olduğu üçün aralarında narazılıq baş vermişdir. Buna səbəb isə Talehin ondan hamiləlikdən azad olmasını tələb etməsidir. 14.08.2021-ci il tarixdə 14.08.2021-ci il tarixdə Taleh onu Bakıxanov qəsəbəsi, R.Şıxəliyev küçəsində döymüşdür. Bununla bağlı o, 13-cü PB-nə şikayət ərizəsilə müraciət etmişdir. 24.08.2021-ci il tarixdə saat 15:00-16:00 aralığında o şikayəti ilə əlaqədar taksidə gedərkən Taleh və atası Vidadi “ASAN-3” xidmətinin qarşısında onun qarşısını kəsmişlər, həmin vaxt Vidadi onu təhqir etmiş, Taleh isə boğazından yapışıb maşına itələmişdir. Ətrafda olan insanlar oraya toplaşdıqda o oradan qaçmışdır. M.Ağamaliyeva həmçinin münaqişənin təxminən 15 dəqiqə davam etməsini, münaqişəni oraya toplaşmış tanımadığı insanların görməsini, münaqişə zamanı sol gözünün alt hisəsindən döş qəfəsindən xəsarətlər almasını qeyd etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisə baş verən ərazidə təhlükəsiz şəhər kameraları mövcud olmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 sentyabr 2021-ci il tarixli qərardan müəyyən edilir ki, münaqişə zamanı Şəxs qəsdən X3 dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişlər. Lakin mövcud qanunvericilikdə və Azərbaycan Respublikasının CMdə edilmiş dəyişikliyə görə 01 sentyabr 2012-ci il tarixdən etibarən “döymə” öz cinayət xarakterini itirmişdir və cinayət əməli hesab edilmir. Odur ki, Şəxs əməllərində cinayət tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində onun Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi barədə tərtib olunmuş 17 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar natamam olduğundan protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, proses iştirakçılarının izahatlarından da aydın olur ki, hadisənin baş verməsi güman edilən ərazidə video kameralar olmuş lakin polis əməkdaşı tərəfindən həmin videomateriallar və məhkəmə-tibbi ekspertizasının müvafiq rəyi iş materiallarına əlavə edilməmiş, həmçinin hadisə şahidlərinin məhkəmədə iştirakı təmin edilməmişdir. Bundan əlavə İXM-in 43.3-cü maddəsində müəyyən edilmişdir ki, həmin Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Həmçinin həmin Fərmanın 6-cı bəndində də müəyyən edilmişdir ki, İXM-in 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ həmin Fərmanla həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Beləliklə əgər inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həm məhkəməyə, həm də müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddirsə, onda həmin inzibati xəta haqqında iş o vaxt məhkəməyə göndərilir ki, İXM-in 43.3-cü maddəsində və Fərmanın 6-cı bəndində müəyyən edilmiş hallar mövcud olsun. Lakin nə məhkəməyə göndərilmiş protokoldan, nə də ki həmin protokola əlavə edilmiş iş materiallarından yuxarıda qeyd edilən Fərmanın 6-cı bəndində və İXM-in 43.3cü maddəsində göstərilmiş halların mövcudluğu görünmür, bu barədə protokolda və ya iş materiallarında hər hansı əsaslandırma aparılmayıb. Yəni protokolu məhkəməyə göndərmiş şəxs daha ağır tənbeh tədbirinin tətbiqini mümkün hesab etməsini əsaslandırmamışdır, Həmçinin nəzərə alınmalıdır ki, məsuliyyəti ağırlaşdıran hallar İXM-in 33-cü maddəsində müəyyən edilmişdir. İXM-in 33.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən həmin Məcəllənin 33.1.1 - 33.1.7-ci maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. İXM-in 33.3-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Daha ağır tənbeh tədbirinin tətbiqini mümkün hesab edən, İXM-in 43.3-cü maddəsində göstərilmiş mütləq meyarlar – inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinin mövcudluğu faktiki olaraq hazırkı iş materialları ilə ümumiyyətlə əsaslandırılmayıb. İXM-in 43.3-cü maddəsində müəyyən edilmiş hallar mövcud deyil. Buna görə də necə ki, İXM-də göstərilmiş həmin hallar müvafiq icra hakimiyyəti orqanları tərəfindən əsaslandırılmamışdır və belə bir hallar mövcud deyildirsə, onda həmin inzibati xəta haqqında işi baxmaq üçün öz mülahizəsinə əsasən məhkəməyə göndərilməsi, həm İXM-nin, həm də qeyd edilən Fərmanın yuxarıda göstərilən tələblərinə ziddir. Buna görə də qeyd edilən hallar mövcud olmadıqda, həmin inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olmur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Buna görə də yuxarıda göstərilənlər nəzərə alınmaqla, hazırkı işə məhz protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən baxmalı və qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər nöqsanlar aradan qaldırılmadan və işin hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə məhkəmədə baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 17 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan, natamamlıqla bağlı şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol onu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100-110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş 17 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2159/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2159/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver