Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2160/2021 15.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, Müdafiəçi: X4 xx.xx.1984-cü ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, M.Rəsulzadə küçəsi ev 139-da qeydiyyatda olan, Dövlət Sosial Müdafiə Fondunun aparatının X11 və Sosial Sığorta Departamentinin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsi (icra məmuru Bəxtiyar Babayev) tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə 17.09.2021-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 441/2020 saylı, 03.03.2020-ci il tarixli icra sənədinə əsasən 07.02.2018-ci il və 06.03.2018-ci il tarixlərində sığortaedən tərəfindən ödənilmiş 720 manat və 270 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının X3 fərdi şəxsi hesabına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun aparatının X11 və Sosial Sığorta Departamentinin rəhbəri Şəxs icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borclu Şəxs müdafiəçisi, vəkil X4 bildirdi ki, barəsində protokol tərtib edilmiş Şəxs Bakı İnzibati Məhkəməsinin 2-1(112)-441/2020 saylı, 03.03.2020-ci il tarixli qərarının icrası tələb edilir. Lakin həmin qərardan apelyasiya şikayəti verilmişdir və şikayət Bakı İnzibati Məhkəməsinin 24.09.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Buna görə də həmin qərardaddan da apelyasiya şikayəti verilmiş və şikayətə baxılması Bakı Apellyasiya Məhkəməsində 30.11.2021-ci il tarixə saat 11:15 dəqiqəyə təyin edilmişdir. Buna görə də neçə ki həmin qərardaddan şikayətə baxılıb qurtarmayıb, hazırda Şəxs həmin qərarın icrası tələb edilə bilməz, ona görə də onun əməlində heç bir inzibati xəta tərkibi yaranmır. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X1 və onun nümayəndəsi X7 bildirdi ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 441/2020 saylı, 03.03.2020-ci il tarixli icra sənədi uzun müddətdir ki icra edilmir, ona görə də borclu barəsində tədbir görülməsini xahiş etdi. Protokol tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-441/2020 saylı, 03.03.2020-ci il tarixli icra sənədinə əsasən 07.02.2018-ci il və 06.03.2018-ci il tarixlərində sığortaedən tərəfindən ödənilmiş 720 manat və 270 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının X3 fərdi şəxsi hesabına daxil edilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur. İcra sənədinin icrası ilə bağlı borclu təşkilata təkrarən müraciət olunmasına baxmayaraq icra sənədinin icrası təmin olunmamış və bunu 15.03.2020 və 14.09.2021-ci il tarixli məktubları ilə formal səbəblərlə əsaslandırılmamışlar. Qeyd olunan icra sənədi üzrə tələbin təmin olunması vəzifəsini və funksiyasını daşıyan DSMF-nin X11 və Sosial Sığorta Departamentinin rəisi Şəxs ilə müzakirəsi aparılmış, ondan icra sənədinin icra olunması tələb olunmuş, lakin hazıradək icra sənədi icrasız qalmış və bu barədə həmin vəzifəli şəxs tərəfindən hazırlanan yuxarıda qeyd olunan formal məzmunlu məktublar şöbəyə ünvanlanmışdır. Bununla əlaqədar 09.09.2021-ci il tarixdə DSMF-nin X11 və Sosial Sığorta Departamentinin rəisi Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib olunaraq məhkəməyə göndəriləcəyi bildirilmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun 14.09.2021-ci il tarixli məktubunda əsaslı səbəblər göstərilmədən icra sənədinin icrası təmin edilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun aparatının X11 və Sosial Sığorta Departamentinin rəisi Şəxs icra sənədi üzrə tələbi təmin etmədiyinə görə barəsində inzibati protokol tərtib olunur. Borclu barəsində inzibati tənbeh qərarı çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, hazırkı inzibati xəta haqqında protokol Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-441/2020 saylı, 03.03.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədardır. İş materiallarında olan apelyasiya şikayətin və Bakı Apelyasiya Məhkəməsinin məhkəmə işləri üzrə sistemdən çıxarışa əsasən müəyyən edilir ki, Dövlət Sosial Müdafiə Fondunun 29.09.2021-ci il tarixli apelylasiya şikayətinin surətindən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-441/2020 saylı, 03.03.2020-ci il tarixli qərarından apelyasiya şikayəti verilmişdir və şikayət Bakı İnzibati Məhkəməsinin 24.09.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bakı İnzibati Məhkəməsinin 24.09.2021-ci il tarixli qərarından verilmiş şikayətə baxılması Bakı Apelyasiya Məhkəməsində 30.11.2021-ci il tarixə saat 11:15 dəqiqəyə təyin edilmişdir. Buna görə də icra sənədinə əsas olmuş məhkəmə aktından şikayət verildiyindən və şikayət Bakı Apelyasiya Məhkəməsində baxılma ərəfəsində olduğundan, şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Dövlət Sosial Müdafiə Fondunun aparatının X11 və Sosial Sığorta Departamentinin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2160/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2160/2021
15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver