Məhkəmə qərarları › İş №3(004)-2166/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2166/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2166/2022 19.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər Yasamal RPİ-nin 27-ci polis şöbəsinin 28.01.2022-ci il tarixli, EPQ ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 Bakı şəhər Yasamal RPİ-nin 27-ci polis şöbəsinin 28.01.2022-ci il tarixli, EPQ ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, fiziki və hüquqi şəxslərə məxsus binaların yalnız müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində qoruyucu maska taxılması məcburidir. Bizim şirkət isə heç bir müştəri qəbulunu həyata keçirmir və 10 nəfərdən ibarət işçi heyəti ilə beş otaqlı ofisdə fəaliyyət göstərir. Ofisimizin plazanın ümumi sahəsinə çıxış qapısı da hər zaman bağlı olur və ehtiyac olduğu təqdirdə açarla açıb çıxırlar. Ofis sahəsi geniş olduğundan işçilər arasındakı sosial məsafə də hər zaman gözlənilir. Məkanın qapalı olması o demək deyil ki, polis əməkdaşları istədikləri vaxt gəlib həmin məkanlarda karantin qaydalarının pozulmasına nəzarət edə bilərlər. 27 yanvar 2022-ci il tarixdə, saat 17:00 radələrində, özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər fəaliyyət göstərdiyi ofis sahəsinə icazə olmadan qanunsuz şəkildə daxil olaraq, mobil telefonla video çəkiliş aparmış və işçilərin bəzilərinin iş vaxtı ərzində qoruyucu maskadan istifadə etmədiklərinə görə cərimələnəcəklərini bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini təqdim etməmiş və onların polis əməkdaşları olduqlarını müəyyən edə bilməmişdirlər. Növbəti gün, yəni 28 yanvar 2022-ci il tarixdə www.mygov.az portalında barələrində cərimə barədə protokol yerləşdirilmişdir və www.asanpay.az portalında həmin protokol əsasında 28.01.2022-ci il tarixli qərar qəbul edildiyi barədə məlumat yerləşdirilmişdir. Qərarı DİN-ə etdiyi yazılı və elektron müraciətlərdən sonra 29 aprel 2022-ci il tarixdə elektron poçt ünvanına göndəriblər. Lakin, həmin qərarın özü bu vaxta qədər onlara təqdim edilməmişdir. Barəsində tərtib edilmiş EXP ******* saylı, 27.01.2022-ci il tarixli protokol və həmin protokol əsasında qəbul edilmiş 28.01.2022-ci il tarixli, EPQ ******* saylı qərar tamamilə qanunsuz və əsassızdır, ləğv edilməlidir, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, Bakı şəhər Yasamal RPİ-nin 27-ci polis şöbəsinin 28.01.2022-ci il tarixli, EPQ ******* saylı qərarından məlum olur ki X3 27.01.2022-ci il tarixli EXP № ******* saylı inzibati xəta haqqında protokola əsasən, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırılması zamanı X3 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (biz yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Yasamal RPİ-nin 27-ci polis şöbəsinin 28.01.2022-ci il tarixli, EPQ ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Yasamal RPİ-nin 27-ci polis şöbəsinin 28.01.2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar