Məhkəmə qərarları › İş №3(004)-217/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-217/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-217/2025 14.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci polis şöbəsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı, 13 yanvar 2025-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:28-də Zərdabi 88 ünvanında saxlanılaraq PŞ-ə gətirilmiş və üzərindən 0,54 qram marixuana aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, ara-bir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Polis əməkdaşları onu saxlayan zaman üzərində bir siqaretlik narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Daha sonra o, polislər tərəfindən polis şöbəsinə dəvət edilmiş və orada müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman üzərində olan narkotik vasitəni könüllü təqdim etmişdir. Polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsirə məruz qalmamışdır. Əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Həmçinin verilən suala cavab olaraq isə şübhəli şəxs qismində tutulduğu 11 yanvar 2025-ci il tarixdən məhkəməyə gətirilənə qədər polis şöbəsində olduğunu, azadlığa buraxılmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 13 yanvar 2025-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:28-də Zərdabi 88 ünvanında saxlanılaraq PŞ-ə gətirilmiş və üzərindən 0,54 qram marixuana aşkar edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 11 yanvar 2025-ci il tarixdə, saat 12:28-də tutulmuşdur. Məhkəmə-bioloji ekspertizasının 7/59 saylı, 12 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs ..... Şəxs o. “yazılar və imzalar olan zərfdə 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,54 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. “Şübhəli şəxsin tutulmadan azad edilməsi haqqında” 12 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından tutulmadan azad edilmişdir. “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 12 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və sonuncunun barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti toplanmış materialla birlikdə Yasamal RPİ-nin 27-ci PŞ-nin aidiyyəti əməkdaşına həvalə edilmişdir. “İnzibati qaydada tutma haqqında” 13 yanvar 2025-ci il tarixli, AZA 003843 saylı protokoldan görünür ki, Şəxs 13 yanvar 2025-ci il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 haqqında 14 yanvar 2025-ci il tarixli, 167 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 haqqında 14 yanvar 2025-ci il tarixli, 167 nömrəli rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf edərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 11 yanvar 2025-ci il tarixdə, saat 12:28-də tutulmuş və onun 12 yanvar 2025-ci il tarixdə azad edilməsi göstərilsə də, Şəxs hazırda məhkəmə iclasına polis tərəfindən polis nəzarəti altında gətirilmiş, məhkəmə iclasında iştirak edən polis əməkdaşı sadəcə şəxs bölmədən çıxarılaraq məhkəmə gətirildiyindən tutma protokolunda onun azad edilməsi qeyd olunduğunu bildirmişdir ki, bu da şəxsin azadlıq hüququnun 11 yanvar 2025-ci il tarixdən, saat 12:28-dən hazırki vaxtadək məhdudlaşdırılmasına dəlalət edir. Halbuki, AR İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın isə olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli faktiki azadlığının məhdudlaşdığı vaxtdan, yəni 11 yanvar 2025-ci il tarixdən, saat 12:28-dən hesablanmalı, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,52 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 11 yanvar 2025-ci il tarixdən, saat 12:28-dən hesablansın. Səlahiyyətli orqanın diqqəti Şəxs qanunla müəyyən edilmiş müddətdən artıq tutularaq saxlanılmasının qanunsuz olmasına cəlb edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs üzərindən aşkar edilmiş və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,52 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar