Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2172/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PBnin inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Yasamal rayonu, 5-ci Yasamal, 29 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Yasamal rayonu Ş.Qurbanov ünvanında ictimai qaydanı pozaraq səs-küy salmış, nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-nin inspektoru X3 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdəsaat 03:00 radələrində Bakı şəhəri Yasmaal rayonu Ş.Qurbanov küçəsində avtomobilin qadağan olunmuş yerdə saxlanıldığından Bakı şəhər BPİ-nin DYPİ-nin YPX əməkdaşı həmin avtomobilə yaxınlaşıb nişanın tələbinin pozduğunu izah etmiş, həmin vaxt şəxsiyyəti sonradan məlum olan Şəxs və onun yanında olan tanışları polislə mübahisə yaratmış, səs-küy salaraq, ətrafdakıların diqqətini özünə cəlb edərək, ictimai qaydanı pozmuşdur. Bundan başqa o, uca səslərlə polisi nüfuzdan salan hərəkətlər etmiş, polis əməkdaşları ona iradlarını bildirmiş, lakin o, polislərə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmiş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bundan sonra PPXB-nün xidmətdə olan əməkdaşları kömək üçün “Şəfəq” çağırış vasitəsilə hadisə yerinə dəvət edilmişdir. PPXB-nün polis nəfərləri gəldikdən sonra da Şəxs öz hərəkətlərinə davam etdirdiyindən o, ərazi aidiyyəti üzrə digər şəxslərlə birlikdə 27-ci PB-nə gətirilmişdir. Fakta görə Bakı şəhər BPİ DYPİ-nin və Yasamal RPİ-nin PPXB-nün əməkdaşları raport tərtib edərək Şəxs və digəriləri barələrində zəruri tədbir görülməsini xahiş etmişlər. Aparılan ilkin araşdırma zaman Şəxs əməlində xırda xuliqanlıq inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. X3 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində Yasamal rayonu, Ş.Qurbanov küçəsində yol kənarında dostu Əli, rəfiqəsi Aybəniz və Əlinin yanında olan digər dostu Cavid ilə söhbət etmişlər. Belə ki, Əli içki olmaqla sərxoş olduğundan Cavid onun dalınca gəlmişdi. Ondan başqa digər üçünün də avtomobili orada olmuşdur. O, Aybənizin maşını ilə gəldiyindən bütün əşyaları avtomobildə qalmışdı. Hər üç avtomodil dayanma qadağan edilən yol kənarında, yəni avtobus dayanacağının qarşısında park edilmişdi. Bu vaxt Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nin əməkdaşları onlara yaxınlaşaraq “salamatçılıqdır” deyə soruşmuşlar. Bu vaxt Əli və Cavidlə polis əməkdaşları arasında mübahisə yaranmışdır. Lakin o, mübahisəyə qarışmamış kənarda dayanmışdır. Hətta səsküyə qonşular həyətə düşmüşlər. YPX-nin əməkdaşları PPXB-nün əməkdaşlarını da oraya dəvət etmişdir. PPXB-nün əməkdaşları gəldikdən sonra sürücü olan dostu Əlini, rəfiqəsi Aybənizi və Cavidi patrul avtomobilinə mindirmişlər. Onun əşyaları avtomobildə qaldığından Aybənizdən açarı istəmiş və onların aparılmasına etiraz etmişdir. Lakin bu vaxt o, səs-küy salmamış, nalayiq söyüşlər işlətməmiş, polisin ünvanına kobudluq etməmiş, yalnızca irad bildirmişdir. Bunun əksinə olaraq hadisə yerinə sonradan gələn, yəni dostları patrul avtomobilinə mindirildikdən sonra digər patrul avtomobilində gələn ikinci PPXB-nün əməkdaşları onunla kobud rəftar etmiş, qolundan tutaraq onu nalayiq söyüşlərlə təhqir etmişdir. Həmin vaxt o, əsəbi halda “buraxın” deyə qışqırmış və söyüşlərə cavab olaraq özünüzsüz deyə cavab vermişdir. Onun bu cavabına görə polis əməkdaşı onu xidməti avtomobilə əyləşdirib Yasamal RPİ-nin 27-ci PB-nə gətirmişlər. Məhkəmə iclasında şahid Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri X8 izahatında göstərmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə iş yoldaşı X4 ilə birlikdə 5861 nömrəli avtopatrulda xidmətdə olarkən həmin gün saat 03:00 radələrində “Şəfəq” vasitəsilə çağırış daxil olmuşdur. “Şəfəq”in çağırışına görə Bakı şəhəri Yasamal rayonu Ş.Qurbanov ünvanında bir qrup şəxs səs-küy salaraq ictimai qaydanı pozmuş və YPX-nın əməkdaşları ilə mübahisə etmişdir. Onlar hadisə yerinə yaxınlaşdıqda görmüşlər ki, üç nəfər onlardan əvvəl hadisə yerinə gəlmiş PPXB-nün xidməti patrul avtomobilində əyləşmiş, kənarda qalan bir nəfər qız, adı sonradan ona məlum olan Şəxs isə qışqıraraq həmin şəxslərin aparılmasına etiraz edir, hətta avtomobili təpikləyir və yüksək səslə nalayiq ifadələr işlədir. Həmin vaxt ona məlum olmuşdur ki, Şəxs və onun dostlarının hərəkətləri ilə bağlı ətrafda yaranmış səs-küydən narahat olan qonşular ilk olaraq Azərbaycan Respublikası DİN-nin 102 Zəng Mərkəzinə zəng edərək şikayət etmişlər. Onlar Şəxs yaxınlaşıb dəfələrlə sakitçiliyə riayət etməsi ilə bağlı xəbardarlıq etmələrinə baxmayaraq, o, öz hərəkətlərinə davam etdirib ümumilikdə ölkə rəhbərliyinin, daxili işlər nazirliyinin və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Nəticədə Şəxs qeyd olunan qanunazidd hərəkətlərinin qarşısının alınması məqsədilə o, tərəflərindən Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmişdir. Polis Bölməsində raport tərtib edib xidməti vəzifələrinin icrasını davam etdirmək üçün bölmədən çıxıb getmişlər. Məhkəmə iclasında iştirak edən şahid Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri X4 eyni məzmunlu izahat verərək X5 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Yasamal RPİ-nin PPXB-nün polis nəfərləri R.Y.Rzayev və E.İ.Əhmədzadə tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə xidmətdə olarkən “Şəfəq”in göstərişi əsasında eşitmişdir ki, 5862 saylı avtopatrul 526 saylı avtopatrula köməyə yaxınlaşmışlar. Daha sonra həmin yerə əlavə kömək lazım olduğu üçün 5813 saylı çağırışın göstərişi ilə 5861 saylı avtopatrulla hadisə yerinə yaxınlaşmışlar. Ünvana çatdıqda bir neçə şəxsin YPX əməkdaşları ilə mübahisə etmələrinin şahidi olmuşlar. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdə bir nəfər xanım onlara qarşı aqressiv reaksiya nümayiş etdirərək polisin ünvanına şərəf və ləyaqətini alçaldan nalayiq ifadələr işlətmişdir. Dəfələr həmin xanıma xəbardarlıq olunmasına baxmayaraq, o, öz hərəkətlərini davam etdirmişdir. Polis bölməsinə gətirildikdən sonra həmin xanımın Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk məhkəmə baxışı zamanı nümayiş etdirilərkən müəyyən edilmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs və onun tanışları hadisədən əvvəl avtomagistral yolun ortasında zolaqların üzərində oturub-qalxmışlar, hətta yol ortasında nizamsız gəzərək yol hərəkəti təhlükəsizliyini pozmuşlar. Bundan sonra onlara yaxınlaşmış DYPİ-nin əməkdaşlarının haqlı iradlarına tabe olmayaraq öz hərəkətləri ilə ictimai qaydanı pozmağa davam etmişlər. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 03:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş Şəxs bildirmişdir ki, himayəsində azyaşlı övladı vardır, lakin övladının olmasına dair məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmiş, Elektron Məhkəmə Sistemində isə buna dair məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bundan başqa İXM-nin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Cərimə məbləği müəyyən edilərkən İXM-nin 31.4-1-ci maddəsinin tələbləri, yəni Şəxs inzibati qaydada tutlması nəzərə alınmalı və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Şəxs məhkəmə iclasında dövlət büdcəsi hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə vəkil X6 məhkəmədə iştirak etdiyi 6 (altı)iş saatına görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-də olan hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək ona, 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil X6 məhkəmədə iştirak etdiyi 6 (altı)iş saatına görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2172/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2172/2020
10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver