Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2173/2024 26.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.2005-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 511.1.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol (tərtib edən inspektor H.Bayramov) tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, sürücü yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Lakin məhkəmə baxışının nəticəsində şəxsin həmin inzibati xətanın törədilməsində təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədi. Protokol tərtib etmiş şəxs, Yasamal RPİ DYPŞ YPX-nin inspektoru Hüseyn Bayramov məhkəmə iclasında protokolu müdafiə edərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə protokolda göstərilən əməli törətmişdir. Həmçinin qeyd etmişdir ki, şəxs moped sürür və onun iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsidir. Asma mühərrikli velosiped hesab olunur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o hər hansı bir avtoxuliqanlıq etməyib. Yol hərəkəti qaydalarını pozması halı olsa da belə, həmin pozuntularda avtoxuliqanlıq hərəkətləri olmamışdır. Avtoxuliqanlıq əməli kimi göstərilən hər hansı bir pozuntu törətməmişdir. Ona görə də iş üzrə icraata xitam verilmə sini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, protokol İXM-nin 511.1.2-ci maddəsi ilə tərtib edildiyindən, həmin maddənin dispozisiyasına əsasən həmin maddədəki avtoxuliqanlıq - mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsindən ibarət olan əməl kimi qeyd edilmişdir. Lakin həmin şəxsin həmin əməli törətməsinə dair protokoldan və iş materiallarından görünür ki, o, moped idarə edərkən yol hərəkəti qaydasını pozmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 18-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsi — asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsidir. Belə ki, moped asma mühərrikli velosiped olduğu üçün, mexaniki nəqliyyat vasitəsi hesab edilmir. Bununla da tərtib edilmiş protokolda qeyd edilənlər İXM-in 511.1.2-ci maddəsinin tərkibini yaratmır. İnzibati xəta törədilməsi sübut olunmur. Həmin Qanunun 27-ci maddəsinə əsasən moped — iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur). Bununla da həmin maddədə göstərilən əməlin törədilməsi öz təsdiqini tapmamışdır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-2173/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2173/2024
26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver