Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2180/2020 22.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X14 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X15 üzrə Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (MMC) etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X15 üzrə Baş İdarəsindən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:50-də Bakı şəhəri Yasamal rayonu, H.B.Zərdabi küçəsi, 17/51 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Autoland Rent a Car” obyektində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 189 nömrəli qərarına əsasən karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə edilməməsi faktı aşkar edilmişdir. Bununla da, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X15 üzrə Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:50də Bakı şəhəri Yasamal rayonu, H.B.Zərdabi küçəsi, 17/51 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Autoland Rent A Car” obyektində idarənin operativ vergi nəzarəti əməkdaşları tərəfindən müvafiq yoxlama aparılarkən qanuni təmsilçi X7 özü tərəfindən fərdi qoruyucu vasitə olan tibbi maskadan düzgün istifadə edilmədiyi aşkar edilmiş, yoxlama zamanı sonuncunun izahatı alınmış və o, öz təqsirini etiraf etməyərək protokolu qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. X6 göstərilənlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X8 izahatında göstərdi ki, törədilmiş inzibati xətanı etiraf edir. Belə ki, yoxlama zamanı Cəmiyyətin rəhbəri və qanuni təmsilçisi olan X3 özünun boğaz nahiyyəsində olan tibbi maska nisbətən çənə nahiyyəsinə sürüşmüşdür. Buna baxmayaraq digər bütün işçilər tərəfindən onun rəhbərliyi ilə karantin rejim qaydalarına ciddi riayət olunmuş və hazırda da davam etdirilir. X8 göstərilən hallar nəzərə alınaraq məhkəmədən vəzifəli şəxs olaraq X3 xəta üzrə təqsirli bilinərək hüquqi şəxs barəsində başlanılmış iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nəzdində olan İnternet X9rumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2019-cu ildə dövlət qeydiyyatına alınmaqla (VÖEN **********) qanuni təmsilçisi X5r. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan müəyyən edilir ki, Şəxs MMC-nin əsas fəaliyyət sahəsinə digər qruplara daxil edilməyən sair quru yol sərnişin nəqliyyatının fəaliyyəti daxil olmaqla, Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi küçəsi, 17/51 ünvanında yerləşən “Autoland Rent a Car” ticarət obyekti Şəxs MMC-nin xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* protokola əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, yoxlama aparılan Şəxs MMC-yə məxsus “Autoland Rent A Car”da olan Cəmiyyətin qanuni təmsilçisi Əhmədpaşa Səfərov fərdi qoruyucu vasitə olan tibbi maskadan düzgün istifadə etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respulikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli 189 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Həmin Qərarın 3-cü hissəsinə görə 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikası İXM-si ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” xx xxx 2020-ci il tarixli 160 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq edilmişdir: 1.1. qida məhsullarının ticarəti üzrə fəaliyyət; 1.2. ictimai-iaşə müəssisələrinin fəaliyyəti; 1.3. turizm və hotelçilik fəaliyyəti; 1.4. ictimai nəqliyyatın fəaliyyəti; 1.5. vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti; 1.6. müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti sahələri. Həmin Qərarın 2-ci bəndinə əsasən isə müvafiq fəaliyyət sahələri üzrə metodik göstərişlər təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronovirus infeksiyasının (Covid-19) profilaktikasına dair” metodik göstəriş təsdiq edilmişdir. Qeyd edilən metodik göstərişdə həmin sahədə ümumi göstərişlərlə yanaşı, xidmət sahəsi müəssisələrində görülməli tədbirlər; ehtimal edilən yoluxma riskinin azaldılması məqsədilə təchizatçılar və müştərilər ilə rəhbərlik tərəfindən təyin edilmiş eyni əməkdaşların ünsiyyətdə olması; xidmət zallarında dezinfeksiya işlərinin aparılması; işçi heyətinin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması; müştəriləri məlumatlandırmaq məqsədilə infoqrafın müəssisənin giriş-çıxış qapılarında, rəflərdə, piştaxtalarda və rahat görünən digər yerlərdə asılması, həmçinin ödəniş həyata keçirilən zaman hər bir istehlakçıya təqdim olunması; təmizlik və dezinfeksiya işlərinin həyata keçirilməsinin təşkili; təmizlik və dezinfeksiya işləri həyata keçirilərkən riayət edilməli olan ardıcıllıq; istifadə edilən dezinfeksiyaedici vasitələrə dair tələblər və həmin vasitələrdən istifadə qaydaları; dezinfeksiya edilməsi vacib olan sahələr; işçi heyətinin şəxsi gigiyenası; tibbi maskalardan ümumi istifadə qaydaları; işçi heyətinin müayinəsi və s. qaydalar müəyyən edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-nə xx xxxx 2020-ci il tarixli 124-VİQD nömrəli Qanunla (dərci x xxxx 2020) dəyişiklik edilərək 211.2-ci maddə əlavə edilmişdir. Həmin maddənin dispozisiyası blanket xarakterli olmaqla epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə məsuliyyət müəyyən edir. Normanın dispozotiv şərtlərindən göründüyü kimi xətanın subyekti 1) ümumi əsaslarla inzibati məsuliyyətə cəlb edilə bilən hər hansı fiziki şəxs, 2) vəzifəli şəxslər, 3) hüquqi şəxslər ola bilər. Xətanın obyektiv cəhəti epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması və bu pozuntunun qarşısının alınmamasından ibarətdir. Həmin inzibati xətaya görə fiziki şəxslər üçün yalnız epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, vəzifəli şəxslər və hüquqi şəxslər üçün isə həm bu tələblərin pozulmasına görə, həm də yol verilmiş pozuntunun qarşısının alınmamasına görə məsuliyyət müəyyən edilmişdir. Hazırki işin hallarından isə görünür ki, xx xxxxxx 2020-ci il tarixdəsaat 13:50-də Bakı şəhəri Yasamal rayonu, H.B.Zərdabi küçəsi, 17/51 ünvanında yerləşən Şəxs MMCyə məxsus “Autoland Rent A Car” obyektində fərdi qoruyucu vasitə olan tibbi maskadan düzgün istifadə edilmədiyi aşkar edilmişdir. Bununla da, Şəxs MMC tərəfindən onun mülkiyyətində olan ticarət obyektində yol verilmiş pozuntunun qarşısının alınması təmin edilməmiş və nəticədə onun tərəfindən Azərbaycan Respublikası 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXMnin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC(VÖEN **********) Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2180/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2180/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver