Məhkəmə qərarları › İş №3(004)-2189/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2189/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2189/2024 29.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 2000-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Laçın rayonu, Piçənis kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.3, 332.3, 334.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsindən və Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X7 tərəfindən Şəxs barəsində İXM-in 327.3, 332.3, 334.1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 29 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində səs-küy salaraq ictimai əsayişi pozmuş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 29 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.3 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X7 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 29 aprel 2024-cü il tarixdə istifadəsində olan “Azsamand” markalı avtomobillə Yasamal rayonu, “20 Yanvar” dairəsində yol hərəkəti haqqında qanunun tələblərini pozması səbəbindən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücüyə törətdiyi qayda pozuntusu izah edilərək ondan sənədlərini təqdim etməsi istənilmişdir. Bu zaman sürücü hər hansı qayda pozuntusuna yol vermədiyini bildirərək sənədləri təqdim etdikdə sürücülük hüququ məhdudlaşdırıldığı müəyyən edilmişdir. Qeyd edilən hallar Şəxs izah edildikdə səs-küy salmağa başlamış daha sonra avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. Bundan sonra başqa avtomobillə “20 Yanvar” dairəsinə gələrək polis əməkdaşlarına hədə-qorxu gəlməyə başlamış nalayiq ifadələr işlətmişdir. Şəxs dəfələrlə nizam-intizama dəvət edilsədə polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qanuna zidd hərəkətlərini davam etdirmişdir. Polis şöbəsinə dəvət edildikdə bundan imtina edərək heç bir yerə getməyəcəyini bildirmişdir. Bundan sonra o polis şöbəsinə təmin edilmiş, lakin şöbənin həyətinə çatdıqda qaçmağa cəhd etmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X4 protokolu müdafiə edərək bildirmişdir ki, 29 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsində xidmətdə olarkən Şəxs istifadəsində olan “Azsamand” markalı avtomobillə avtoxuliqanlıq edərək yol hərəkəti haqqında qanunun tələblərini pozması səbəbindən onun tərəfindən saxlanılmışdır. Sürücü əvvəl avtomobilini saxlasada sonradan üzü Abşeron rayonunun ərazisinə gemişdir. O Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin əməkdaşı olduğu üçün Abşeron rayonunun ərazisinə keçə bilməmişdir. Bundan bir müddət sonra həmin sürücü digər avtomobillə “20 Yanvar” dairəsinə gələrək polis əməkdaşlarına hədə-qorxu gəlməyə başlamış nalayiq ifadələr işlətmişdir. Şəxs dəfələrlə nizam-intizama dəvət edilsədə polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qanuna zidd hərəkətlərini davam etdirmişdir. Şəxsin sərxoş olubolmamasını yoxlamaq üçün tibbi müayinəyə aparılmış lakin Şəxs Əziz oğlu tibbi müayinədən keçməkdən imtina etmişdir. Bundan sonra polis şöbəsinə dəvət edildikdə bundan da imtina edərək heç bir yerə getməyəcəyini bildirmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 327.3, 332.3 və 334.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 29 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsində avtomobili ilə hərəkətdə olarkən avtomobilinin axra təkərləri sürtünmə səsi saldığı üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt onun avtomobilində xəstə olan qohumu olmuşdur. O həmin şəxsi xəstəxanaya çatdırmaq üçün əli ilə polis əməkdaşına işarə verərək idarə etdiyi avtomobili oradan üzü Abşeron rayonu istiqamətinə sürmüşdür. Bundan sonra onun idarə etdiyi avtomobil xarab olduğu üçün o başqa avtomobil ilə “20 Yanvar” dairəsinin yaxınlığına qayıdaraq həmin polis əməkdaşına yaxınlaşmışdır. Bu zaman polis əməkdaşı ona tibbi müayinədən keçməli olduğu bildirilmişdir. O da bununla razılaşaraq polis əməkdaşları ilə birgə tibbi müayinəyə yollanmış tibbi müayinədən keçdikdən sonra ona sərxoş olmadığı deyilmişdir. Polis əməkdaşları ilə arasında mübahisə baş verdiyindən qarşılıqlı olaraq yüksək səslə danışmışlar. Polis əməkdaşları ilə aralarında söz-söhbət olsada onların tələblərinə tabe olaraq polis şöbəsinə getmişdir. Göstərilənləri nəzərə alaraq etdiyi əməldən peşman olduğunu bildirib, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, 29 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsində xidmətdə olarkən “Azsamand” markalı **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını pozması səbəbindən onlar tərəfindən saxlanılmışdır. Sürücü əvvəl avtomobilini saxlasada sonradan üzü Abşeron rayonunun ərazisinə gemişdir. O Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin əməkdaşı olduğu üçün Abşeron rayonunun ərazisinə keçə bilməmişdir. Bundan bir müddət sonra həmin sürücü digər avtomobil avtomobillə “20 Yanvar” dairəsinə gələrək polis əməkdaşlarına hədə-qorxu gəlməyə başlamış nalayiq ifadələr işlətmişdir. Şəxs dəfələrlə nizam-intizama dəvət edilsədə polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qanuna zidd hərəkətlərini davam etdirmişdir. Şəxsin sərxoş olub-olmamasını yoxlamaq üçün tibbi müayinəyə aparılmış lakin Şəxs Əziz oğlu tibbi müayinədən keçməkdən imtina etmişdir. Bundan sonra polis şöbəsinə dəvət edildikdə bundan da imtina edərək heç bir yerə getməyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti alayı yol patrul xidməti inspektorları X4 və X1 tərəfindən Yasamal RPİ-nin 29-cu polis şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə “20 Yanvar” dairəsində xidmətdə olarkən **-YN-*** dövlət qeydiyyat nişanlı “Xəzər Azsamand” markalı avtomobil saat 05:50 radələrində yolun səthində əl əyləcindən istifadə edərək maşının arxa hissəsini sürüşdürərək yolun səthində çoxsaylı təkər izlərini buraxaraq cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Onlar tərəfindən saxla əmri verilmiş saxlayıb yaxınlaşmaq istədikdə tez ülgüc çıxararaq özünü doğrayacağını ülgücü üstlərinə ataraq tabesizlik göstərmişdir. Daha sonra yenidən avtoxuliqanlıq əməllərinə davam edərək “20 Yanvar” dairəsindən üzü Xırdalan istiqamətində hərəkəti davam etdirmişdirş Onların ərazisindən çıxaraq Baş X10nin inzibati ərazisinə daxil olmuşdur. Efir vasitəsilə Bakı Şəhər DYPİ növbətçi hissəsinə məlumat verilmişdir. Xidmət ərazisinə qayıtdıqdan sonra başqa avtomobillə onların yanına gələrək hədə-qorxu gəlməyə çoxsaylı nalayiq ifadələr işlətməyə başlamışdır. Patrul avtomobilinə mindirərək aidiyyatı üzrə Yasamal Rayon 29-cu Polis şöbəsinə təhvil verilmişdir. Daha sonra içkili olduğu müəyyən olunaraq tibbi müayinəyə aparılmış tibbi müayinədən imtina eədrək tabesizlik göstərmişdir. xx.xx.2024-cü il tarixli 2/813 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs tibbi müayinədən imtina etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-468/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsi ilə təqsirli bilinmiş və nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. İnzibati qaydada tutma haqqında 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 08:05-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsi və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 29 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar dairəsi”ndə səs-küy salıb xırda xuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 343.4-cü maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 21 fevral 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 332.3 və 334.1-ci maddələrində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. Lakin iş materiallarında olan tibbi müayinə aktından görünür ki, Şəxs tibbi müayinədən keçməkdən imtina etmiş və onun sərxoşluq vəziyyəti müəyyən edilə bilməmişdir. Belə olduğu təqdirdə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin tərkib əlamətləri istisna edilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdırılaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs sərxoşluğun müəyyən edilməsi ilə bağlı sübut olmadığından Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuşəlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 204‒208, 221, 227, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXM-in 329-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X10 İdarəsinin rəisi, onun müavinləri, Baş X10 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X10 İdarəsinin rəisi, ərazi polis orqanlarının X10 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X10 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X10 qruplarının rəhbərləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.3 və 332.3-ü maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 327.3 və 332.3-cü maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs əməlində İXM-in 334.1-ci maddəsinin tərkibi olmadığından, inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs İXM-in 327.3 və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə göndərilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 29 aprel 2024-cü il tarixdən saat 05:50-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs əməlində İXM-in 334.1-ci maddəsinin tərkibi olmadığından, inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs İXM-in 327.3 və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə göndərilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 29 aprel 2024-cü il tarixdən saat 05:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar