Məhkəmə qərarları › İş №3(004)-219/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-219/2022

07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-219/2022 07.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin sahə inspektoru X8, Zərərçəkmiş şəxslər X7 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci PB-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 07 yanvar 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin 07 yanvar 2022-ci il tarixli qərarlarına və rədd materiallarına əsasən tərtib edilmiş 07 yanvar 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 05.01.2022-ci il tarixdə və 06.01.2022-ci il tarixdə gecə saatlarında Yasamal rayonu, Ə.Haqverdyev küçəsi 74də yerləşən “Komagene” restoranının və L.İmanov küçəsi 37-də yerləşən şirniyyat mağazasından pilləkənin tutacaqlarını oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin sahə inspektoru X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs 04 yanvar 2022-ci il tarixdə təxminən saat 21:00-dan 05 yanvar 2021-ci il tarixdə saat 09:00-dək müddət ərzində L.İmanov küçəsindəki beş mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən X4 icarə əsasında işlədiyi şirniyyat mağazasının qarşısındakı pilləkənin kənarında quraşdırılmış aliminium tutacaqları əli ilə yerindən qopardaraq oğurlamışdır. Şəxs etdiyi oğurluq əməli nəticəsində N.A.Bəbirovaya ümumilikdə 300 (üç yüz) manat dəyərində maddi ziyan dəymişdir. Bundan başqa X1 icarə əsasında işlətdiyi “Komagene" restoranının ön pilləkanında olan 02 (iki) ədəd əl tutacağının Şəxs tərəfindən oğurlanması nəticəsində C.M.Alcanzadəyə ümumilikdə 90 (doxsan) manat dəyərində maddi ziyan dəymişdir. Bununlada Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yekun olaraq X11 məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, narkomaniya xəstəsidir, heç bir yerdə işləmir, maddi imkanı yoxdur, ona görə də küçələrdə dəmir tullantıları yığıb satmaqla, eyni zamanda bəzən oğurluq etməklə pul əldə edir və ehtiyaclarını ödəyir. 05 yanvar tarixdə təxminən gecə saat 04:30 radələrində L.İmanov küçəsindəki beş mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən şirniyyat mağazasının qarşısındakı pilləkənin kənarında quraşdırılmış aliminium tutacaqları əli ilə yerindən qoparmış və əlindəki kisəyə qoyaraq küçədə tanımadığı metal tullantılar yığan şəxsə 40 manata satmışdır və aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 06.01.2022-ci il tarixdə saat 05:30 radələrində ünvan 2 ünvanında yerləşən “Komagene” restoranın ön pilləkamnda olan 02 (iki) ədəd əl tutacağını ətrafda heç kimin olmamasından istifadə edərək yerindən qopardaraq oğurlamışdır. 02 (iki) ədəd əl tutacağını oğurladıqdan sonra özüylə birlikdə oraya gətirdiyi qara rəngli əl çantasına qoyaraq, 06.01.2022-ci il tarixdə yaşadığı ünvanın yaxın ətrafında gəzən, tanımadığı dəmir-metal alıcısına ümumilikdə 35 (otuz beş) pul qarşılığında satmışdır. 06.01.2022-ci il tarixdə axşam 19 radələrində yaşadığı ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşı onu oğurluqda şübhəli şəxs qismində 27-ci PB-nə gətiriblər. Etdiyi əməli səmimi olaraq qəbul edir, və gələcəkdə bu kimi əməllər etməyəcəyinə söz vermişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxs X7 bildirmişdir ki, icarə əsasında ünvan 3 ünvanında 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən şirniyyat mağazasını işlədir. 04 yanvar tarixdə axşam saat 21:00 radələrində işdən evə getmiş, ertəsi gün səhər saat 09:00 radələrində işə gələrkən mağazanın qarşısındakı pilləkənin sol tərəfində quraşdırılmış aliminium materialdan olan təxminən iki metr uzunluğunda olan tutacağın naməlum şəxs tərəfindən yerindən qoparılaraq oğurlandığını görmüşdür. X7 izahatında bildirmişdir ki. naməlum şəxsin işlədiyi mağazanın qarşısındakı pilləkənin tutacağını qoparıb oğurlaması nəticəsində ona təxminən 300 manatadək (təmirlə birlikdə) maddi ziyan dəymişdir. Yekun olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxs X5 bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən “Komagene" restoranını icarə əsasında işlədir. “Komagene” restoranı səhər saat 11:00-dan, axşam 22:00-dək fəaliyyət göstərir. 06.01.2022-ci il tarixdə səhər saat 11 radələrində restoranı açmaq üçün işə gəldiyi zaman restoranın ön pilləkanında olan 02 (iki) ədəd əl tutacağının yerində olmadığını görmüş və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra 06.01.2022-ci il tarixdə 27-ci PB-nə gələrək bu barədə ərizə ilə müraciət edib. Bildirib ki, oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 90 (doxsan) manat dəyərində maddi ziyan dəymişdir. Yekun olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı Səyyad Gözəlov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Şəxs tərəfindən pilləkən tutacaqlarının oğurlanması nəticəsində X6 200 (iki yüz) manat dəyərində maddi ziyan dəydiyindən cinayət işinin başlanması rədd edilmişdir. Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı X13 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Şəxs tərəfindən pilləkən tutacaqlarının oğurlanması nəticəsində X3 90 (doxsan) manat dəyərində maddi ziyan dəydiyindən cinayət işinin başlanması rədd edilmişdir. İnzibati qaydada tutma haqqında 06 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 14.05.2021-ci il tarixli, 3(004)-1172/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərədə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 1 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əməldən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4. -ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan yəni, 06 yanvar 2022-ci il tarixdən saat 22:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən saat 22:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar