Məhkəmə qərarları › İş №3(004)-2190/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2190/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2190/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X4 iclas katibliyi ilə Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, X1nun iştirakları ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01 mart 2023ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X10 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01 mart 2023-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Şabran rayonu, Künçal kəndindən 5 km şərq istiqamətində ov ərazisində ona məxsus ov silahı ilə lazımi icazə olmadan qanunsuz ovla məşğul olmağı barədə protokol yazaraq guya ovla məşğul olmağına görə 1000 (bir min) manat cərimə etmişdilər. Hansı ki, o həmin ərazidə yaxudda digər yerlərdə ov etməmişdir. Qadağan olunmuş heç bir ov ilə məşğul olmamışdır. Onu hər hansı ovla tutmayıblar. Bunun üçün hər hansı bir sübut yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli qərarını xx.xx.2023-cü il tarixdə almışdır. Onun hüquqları pozulduğuna görə həmin məhkəməyə müraciət edərək, qeyd olunan qərarın ləğv olunmasını istəyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli qərar, məhz bu baxımdan da qanuni və əsaslı deyildir. Yekun olaraq o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsilə olan 01 mart 2023-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1nun vəkili X11 şikayətin dəlillərinə uyğun izahat verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01 mart 2023-ci il tarixli MN seriyalı ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, o uzun müddətdir ki, Şabran rayonu, Künçal kəndindən iri büynuzlu heyvan alaraq Bakı şəhərində satır. xx.xx.2023-cü il tarixdə bu məqsədlə Şabran rayonu, Künçal kəndinə gedən zaman yolda dayanıb istirahət etmək qərarına gəlmişdir. Bu zaman onun idarə etdiyi avtomobildə külli miqdarda pul olduğu üçün o özünə məxsus ov silahını hazır vəziyyətdə avomobildə saxlamışdır. Həmin vaxt o həmin ərazidə ovla məşğul olmamışdır. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə şikayət ərizəsinə etiraz edərək bildirmişdir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, X3 rayonu, Künçal kəndindən 5 km şərq istiqamətində ov ərazisində özünə məxsus avtomobildə istifadəyə hazır vəziyyətdə olan ov silahını saxlamışdır. Bu hal onun lazımi icazə almadan həmin ərazidə ov ilə məşğul olmasını göstərir. Bu səbəbdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01 mart 2023ci il tarixli MN seriyalı ******* nömrəli qərar qanuni olduğundan qüvvəsində saxlanılmasını şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, S.Əliyevin həmin ərazidə ov ilə məşgul olmasını özündə əks etdirən foto şəkillər yoxdur, lakin o özü avtomobilində istifadəyə hazır vəziyyətdə olan silah saxladığını etiraf etmişdir. Məhkəmə tərəflərin izahatını, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş edilmiş 01 mart 2023-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, 14 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X3 rayonu, Künçal kəndindən 5 km şərq istiqamətdə ov ərazisində özünə məxsus ov silahı ilə lazımi icazə olmadan qanunsuz ovla məşğul olmuşdur. X2 Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 1000 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli 77868 nömrəli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:45-də Şabran rayonu, Künçal kəndindən 5 km şərq istiqamətdə ov ərazisində bir ədə “Mitsubishi Pajero” markalı **-CV-*** nömrəli avtomobilin dayandığını müşahidə etmişlər. Uzaqdan onlar avtomobilə yaxınlaşdıqda maşının yaxınlığında olan şəxsin ov silahını qabaq oturacağğa qoyduğunu görmüşlər. Həmin avtomobilin qabaq oturacağına baxış zamanı bir ədəd bir lüləli yivsiz ov silahı və 29 ədəd patron aşkar edilmişdir. Tüfəng oturacağın üstündə olanda atəşə hazır vəziyyətdə və lülədə bir ədəd patronun olması müəyyən edilmişdir. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən Ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir: 20.1.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə; 20.1.2. ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; 20.1.3. başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə; 20.1.4. ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; 20.1.5. ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə; 20.1.6. ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə. “X9” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən Əhalinin maddi və mənəvi, iqtisadiyyatın xammal, material və digər tələbatlarının ödənilməsi məqsədilə təbii sərbəstlik və ya yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan ovçuluq obyektlərinə aid edilmiş vəhşi heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulması ovçuluq hesab olunur. Ov ödənişlidir və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş icazə və ovçuluq biletləri əsasında həyata keçirilir. Ov icazələrinin verilməsi üçün dövlət rüsumu ödənilir. Ovçuluq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq cəmiyyətləri, fiziki və hüquqi şəxslər üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq təsərrüfatının təşkili və aparılması məqsədilə vəhşi heyvanların yaşadığı, miqrasiya etdiyi və nəsil artırdığı ərazilər ovçuluq yerləri kimi istifadə edilir. Vəhşi heyvanların ov obyektlərinə aid edilməsi, ov yerlərinin ayrılması, ovçuluq təsərrüfatının təşkili və onun həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 53-cü maddəsinə əsasən X9 qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər ov qaydalarını kobud şəkildə pozduqda (ov etmək üçün icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov etdikdə), habelə digər ov qaydalarını müntəzəm pozduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X10 barədə qərar qəbul edilmişdir ondan ötəri ki, o Şabran rayonu, Künçal kəndindən 5 km şərq istiqamətdə ov ərazisində özünə məxsus ov silahı ilə lazımi icazə olmadan qanunsuz ovla məşğul olmuşdur. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən ovçuluq - vəhşi heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli qərarın qəbul olunmasına əsas olmuş sənədlərdən X10 tərəfindən vəhşi heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulmasını özündə əks etdirən heç bir sübut yoxdur. S.Əliyevin avtomobilində silah olması onun ov fəaliyyəti ilə məşğul olmasını təsdiq etmir. Məhkəmə hesab edir ki, X5 əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur və bu səbəbdən onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X5 şikayəti təmin olunsun. X10 barəsində qəbul edilmiş 01 mart 2023-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01 mart 2023-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar