Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2198/2020 30.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC onun mülkiyyətində (istifadəsində) olan “Hyundai Sonata” (minik) markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi MMCnin mülkiyyətində olan “Hyundai Sonata” (minik) markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barəsində məlumatın verilməsi haqqında Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış sorğu Cəmiyyətə rəsmi qaydada çatdırılmamışdır. O, əlavə olaraq qeyd etmişdir ki, barəsində protokol tərtib edilmiş şirkət ailə şirkəti olmaqla hüquqi ünvanı Yasamal rayonu Şərifzadə küçəsi ev 138 mənzil 31 olmasına baxmayaraq həmin ünvanda onun ailəsi ilə bağlılığı olmayan kənar şəxslər yaşayır. Ona görə də iş materiallarında olan “Mehdiyev” soyadlı şəxsin kimliyi barədə heç bir məlumatı yoxdur. X3 hüquqlarını təmsil etdiyi Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib protokol əsasında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Şəxs MMC-yə ünvanladığı sorğunun DİN-nin DYPİ-nin Web Portalından çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “Hyundai Sonata” (minik) markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2020-ci il tarixdə saat 12:53-də Bakı, Neftçilər prospekti 91 ünvanında (GPS:40.372513,49.852417) yolda qanunla müəyyən edilmiş hərəkət sürətini 22 km/saat həddində aşmaqla Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-nə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx xxxx 2020-ci il tarixdə Şəxs MMC-nin “Mehdiyev” soyadlı məsul şəxsi tərəfindən imzalanmaqla qəbul edilmişdir. Xəbərnamə üzərində “SS662924262AZ” ştrix kodu qeyd edilmişdir. Məhkəmə tərəfindən “xxxxxxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli PƏŞ-2-11-1-17/4161 nömrəli cavab məktubundan müəyyən edilir ki, sistem üzərindən aparılan araşdırma zamanı “SS662924262AZ” ştrix kodlu məktubun xx xxxxxx 2020-ci il tarixdə 122 saylı poçt şöbəsində qəbul olunması və poçt şöbəsi tərəfindən məktubun xx xxxxxx 2020-ci il taixdə ünvanı üzrə çatdırılması, məktubun xəbərnaməsinin xx xxxxxx 2020-ci il tarixdə göndəriciyə (Yasamal RPİ DYPŞ-nə) qaytarılması müəyyən olunmuşdur. Göründüyü kimi müvafiq səlahiyyətli inzibati orqanın sözügedən sorğusu barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə rəsmi qaydada çatdırılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MMCnin etibarnamə üzrə nümayəndəsi X2 şəxsiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, o, Cəmiyyətin hüquqi ünvanı olan Yasamal rayonu Şərifzadə küçəsi ev 138 məzil 31 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə öz daxili inamına əsaslanaraq sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cəmiyyətin etibarnamə üzrə nümayəndəsinin səlahiyyətli orqan Yasamal RPİ-nin DYPŞ-nin sözügedən sorğusunun ona çatdırılmamasına dair iddiası inzibati məsuliyyətdən yayınmaq məqsədi daşımaqla özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş “xxxxxxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli PƏŞ-2-11-1-17/4161 nömrəli cavab məktubundan müəyyən edilir Cəmiyyətə ünvanlanmış Yasamal RPİ-nin DYPŞ-nin “SS662924262AZ” ştrix kodlu məktubu onun hüquqi ünvanı Şərifzadə küçəsi ev 138 mənzil 31-ə rəsmi qaydada çatdırılmışdır. Həmçinin məhkəmənin bildirişləri də Cəmiyyətin qeyd olunan hüquqi ünvanına göndərilmiş və həmin bildiriş ünvana çatdırılmaqla məhkəmənin təyin edilmiş vaxtda iclasında Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi X3 iştirak etmişdir. X2 şəxsiyyət vəsiqəsindən isə müəyyən edilmişdir ki, o, barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin hüquqi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X3 qeyd olunan ünvanda uzun müddətdir yaşamadığını, Cəmiyyətin hüquqi ünvanının və özünün həmin ünvanda formal olaraq qeydiyyatda olduğunu bildirməsinə baxmayaraq məhkəmədə bu xüsusatlara dair təsdiqedici hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Azərbaycan Respublikası “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 12.10-cu maddəsinə əsasən dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən cavabdeh hüquqi şəxsə iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 33.1-ci maddəsinə əsasın Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan görünür ki, hüquqi şəxsin olduğu yer onun dövlət reyestrində qeydə alındığı hüquqi ünvanı hesab edilir. Bundan başqa “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir. Qanunun 14-cü maddəsinə görə həmin Qanunun tələblərinin pozulmasına görə təqsirkar şəxslər intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, fiziki şəxs yaşayış yerini və hüquqi şəxs isə öz hüquqi ünvanını dəyişdirdikdə müvafiq dəyişikliklərin edilməsi və qeydiyyata alınması ilə bağlı müvafiq aidiyyəti səlahiyyətli qurumlara vaxtında müraciət etməli, əks təqdirdə hüquqi nəticələrinə görə özü məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ŞəxsMMC mülkiyyətində (istifadəsində) olan “Hyundai Sonata” (minik) markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin sürücü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Cəmiyyətə sorğu göndərilmiş və həmin sorğu xx xxxxxx 2020-ci il tarixdə Cəmiyyətin məsul şəxsi tərəfindən rəsmi qaydada qəbul edilmiş, lakin qeyd edilən sorğuya qanunvericiliklə müəyyən edilmiş qaydada 5 gün müddətində cavablandırılması təmin edilməmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 84, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2198/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2198/2020
30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver