Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2199/2018 14.11.2018 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi ev 9, mən 70-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 511.1-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs13.11.2018-ci il tarixdə saat 17-18 radələrində idarə etdiyi “VAZ” markalı, **- TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61 və 37-ci maddələrinin tələblərini pozaraq K.Kazımzadə küçəsində yolun hərəkət hissəsində avtomobili saxlamış, digər sürücülər üçün maneə yaratmış, bir müddət keçdikdən sonra hərəkət edərək manevr qaydalarını kobudcasına pozaraq ziqzaqvari hərəkətlər etməklə əhalinin dincliyini nümayişkaranə şəkildə pozmuş və avtoxuliqanlıq etmişdir. Bununla da o, İXM-in 327.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Onun barəsində Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsi DYPŞ YNH üzrə inspektor N.Yaqubov tərəfindən 14.11.2018-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki,13.11.2018-ci il tarixdə saat 17:00 radələrində idarə etdiyi “VAZ” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə B.Vahabzadə küçəsində avtomobilini saxlayıb sənəd götürmək istəyərkən arxada olan avtomobildən siqnal verilmiş, o da avtomobilini sağ tərəfə sürərək arxadatı avtonəqliyyat vasitəsinə yol vermiş, sonra həmin avtonəqliyyat vasitəsi irəli keçib bir az getdikdən sonra saxlamış, bu zaman da o həmin avtomobilə siqnal verərmiş, həmin avtomobil sola K.Kazımzadə küçəsinə doğru dönərək hərəkət etmişdir. O da həmin avtomobilin nə üçün ona arxadan siqnal verdiyini, sonradan nə üçün keçib qarşıda saxladığını aydınlaşdırmaq üçün həmin avtomobilin arxasıca sola K.Kazımzadə küçəsinə doğru sürmüş, həmin avtomobilə sağ tərəfdən yaxınlaşaraq, qarşıda avtomobillər olduğu üçün hərəkət edə bilmədiyindən avtomobilini saxlamış, bu zaman həmin avtomobildəki sürücü qadın avtomobilinin yan şüşəsini açaraq onu telefonla videoya çəkmiş və öz özünə danışmışdır ki, onu narahat edirlər. Bu hadisədən sonra da heç bir şey deməyib avtomobili ilə geriyə dönüb getmiş, qadın sürücü isə düzünə hərəkət edib K.Kazımzadə küçəsi ilə getmişdir. O heç bir xuliqanlıq hərəkəti etməmiş, sadəcə qadından nə üçün əvvəl ona siqnal verdiyini, sonradan irəlidə sürüb avtomobilini saxlamağının səbəbini soruşmaq üçün həmin avtomobilin arxasıca sürmüşdür. Protokol tərtib etmiş Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsi DYPŞ YNH üzrə inspektor N.Yaqubov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs13.11.2018-ci il tarixdə saat 17:00 radələrində idarə etdiyi “VAZ” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61 və 37-ci maddələrinin tələblərini pozaraq K.Kazımzadə küçəsində yolun hərəkət hissəsində avtomobili saxlamış, bir müddət keçdikdən sonra hərəkət edərək manevr qaydalarını kobudcasına pozaraq ziqzaqvari hərəkətlər etməklə əhalinin dincliyini nümayişkaranə şəkildə pozmuş və avtoxuliqanlıq etmişdir. İş materiallarında olan Yasamal RPİ 27-ci Polis Bölməsinin məsul növbətçisi Vüsal Məmmədovun məruzəsinə əsasən, 13.11.2018 tarixdə saat 17:46-da 102 Z/M-dən Nəsimi rayonu Bakıxanov küçəsi 17-də Rus Səfirliyində yaşayan X1 (RF vətəndaşı, Rusiya Səfirliyinin diplomatı) zəng edib, K.Kazımzadə küçəsi 116-da 6 saylı doğum evinin yanında Lada Priora markalı **-TM-*** d.n.n.-lı avtomaşının sürücüsünün yolu kəsərək piyada ilə söhbət etməsi, vətəndaş ona siqnal edərək yoldan çəkilməsini bildirdiyi üçün həmin sürücünün onun idarə etdiyi Audi Q5 markalı 004D852 d.n.n.-lı avtomaşınını qovması və sıxışdırması barədə məlumat vermişdir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətləri inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Şəxs həmininzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün qismən etirafedici izahatı, raportda göstərilmiş məlumatilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinininzibati xətanın törədildiyi yeri, vaxtınəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündəinzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 511.1-ci maddəsi ilə təqsirli bilinərək,nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 13.11.2018-ci il tarixindən, saat 17:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhər Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2199/2018
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2199/2018
14.11.2018 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver