Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-22/2023 10.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» ATSC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı ünvan 1övlət Kontrakt Korporasiyası «Azərkontrakt» ATSC (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490 və 493-cü maddələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük ödənişləri və prosedurları şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 34/012/006000 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir kı, ixracatçı Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ATSC tərəfindən “İran Milli Qaz İxrac" şirkətinin ünvanına göndərilən təbii qaz malı cari ilin yanvar ayında ixrac olunmuşdur. Lakin müvafiq ixrac prosesinin rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 293-cü maddəsinə əsasən müəyyən edilmiş natamam gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməmiş, həmçinin ixrac prosesi ilə əlaqədar cari ilin fevral ayında verilməli olan **********1494 saylı gömrük bəyannaməsi gömrük orqanına xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 156.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №li “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”-nın təsdiq edilməsi haqqında Qərarının 6.5-ci bəndinə əsasən natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Qeyd edilən ixrac prosesi ilə bağlı natamam gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməmiş, həmçinin təqdim edilən gömrük bəyannaməsi qanunvericilikdə müəyyən edilmiş müddət pozulmaqla təqdim edilmişdir. Bununla da Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» ATSC İnzibati Xətalar Məcəlləsinin 490 və 493-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, №13000- 1327/22 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» ATSC-nin nümayəndəsi X2 «Azərkontrakt» ATSC barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» ATSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490 və 493-cü maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən gömrük rəsmıləşdırilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə və İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsi və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. İş materiallarından da görünür ki, ixracatçı “Azərkontrakt” ATSC tərəfindən natamam gömrük bəyannaməsi təqdim edilməmiş, eləcə də ixraca dair cari ilin fevral avında yerilməli olan ixrac gömrük bəyannaməsi gömrük orqanına xx.xx.2022-ci il tarixdə verilməklə qanunvericilikdə müəyyən edilmiş müddəti pozmaqla təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» ATSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490 və 493-cü maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» ATSC İnzibati Xətalar Məcəlləsinin 490 və 493-cü maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-22/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-22/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver