Məhkəmə qərarları › İş №3(004)-222/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-222/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-222/2024 06.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş - Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) - Zərərçəkmiş şəxs Balaəli qızının nümayəndəsi və vəkili Vəkil , "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 30 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri İnzibati Məhkəməsinin 15(112)-273/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə hər hansı müdaxilənin edilməsi və həmin yaşayış sahəsinin giriş-çıxış yolunun bağlanması üçüncü şəxs "xxxx" MTK-ya qadağan edilmişdir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq "xxxx" MTK-nın icraçı direktoru Şəxs rəhbərliyi ilə qeyd olunan evin su, qaz və işiq təchizatı kəsilmiş, həmçinin xx.xx.2023-cü il tarixdə evin sökülməsinə cəhd edilmiş, evə kənar şəxslər daxil olmuşdur. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə qəbul etdiyi 15(112)- 273/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərar əsasında verilmiş icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə hər hansı müdaxilənin edilməsi və həmin yaşayış sahəsinin giriş-çıxış yolunun bağlanması üçüncü şəxs "xxxx" MTK-ya qadağan edilmişdir. Həmin qərara əsasən verilmiş icra sənədi üzrə 16 oktyabr 2023-cü il tarixli qərarla icraata başlanılmış, həmin qərar, tələbin könüllü icrası üçün bildiriş və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu "xxxx" MTK-nın icraçı direktoru Şəxs göndərilmişdir. Borclunun nümayəndəsi kimi iştirak edən vəzifəli şəxs Şəxs İcra şöbəsində olarkən izahatları alınmış, ona yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, onun tərəfindən icraata başlanıldıqdan dərhal sonra ünvana baxış keçirilərək videogörüntüyə qeydə alınmışdır. Buna baxmayaraq tələbkar Zərərçəkmiş şəxs xx.xx.2023cü il tarixdə ərizə ilə İcra şöbəsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən 20 radələrində qızı ilə birlikdə evdə olarkən, ağır texnikanın işləməsini eşidib çölə çıxdıqda qonşuluqda yerləşən evin sökülməsini görmüşlər. Buna etiraz etdikdə isə mülki geyimdə olan şəxslər zorla qızını polis maşınına əyləşdirmiş və üçüncü şəxsin nümüyəndələri isə onun evinin də sökülməsi barədə göstəriş vermişdir. O, evin sökülməsinin qarşısını almaq üçün evə daxil olmuş, daha sonra 102 ZM-Xidmətinə zəng edərək şikayət vermişdir. Hətta vəkili vasitəs media nümayəndələrinə məlumat vermiş, məlumat əsasında media nümayəndələri gələrək çəkiliş aparmış və baş verənləri qeydiyyata almışdır. Hadisə nəticəsində, "xxxx" MTK-nın nümayəndələri tərəfindən tələbkarın yaşadığı evin qaz, elektrik və su xəttlərinə müdaxilələr edilərək yararsız vəziyyətə salınmışdır. Göründüyü kimi borclu bu hərəkətləri ilə qərəzli olaraq icra sənədini icra etməkdən, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Buna görə də, borclu MTK-nin səlahiyyətli vəzifəli şəxsi Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən icra məmuru X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı İnzibati Məhkəməsinin 15(112)- 273/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli icra sənədinə əsasən Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə hər hansı müdaxilənin edilməsi və həmin yaşayış sahəsinin giriş-çıxış yolunun bağlanması üçüncü şəxs "xxxx" MTK-ya qadağan edilmişdir. Sözügedən yaşayış sahəsinin yaxınlığında yarımçıq tikililər sökülərkən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinin kommunikasiya xətlərinə ziyan dəymişdir. Daxil olmuş məlumat əsasında dərhal qəza xidmətininin əməkdaşları yaranmış problemi aradan qaldırmışlar. Verilmiş suallara əsasən bildirir ki, söküntü və daşınma işlərinin aparılması fərdi qaydada iş icraçısı kimi fəaliyyət göstərən X2 həvalə edilmişdir. X4 ilə "xxxx" MTK arasında qeyd olunan işlərin aparılması üçün 21 dekabr 2023-cü il tarixli müqavilə bağlanmışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs Balaəli qızının nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, Bakı İnzibati Məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə qəbul etdiyi 15(112)- 273/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərar əsasında verilmiş icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə hər hansı müdaxilənin edilməsi və həmin yaşayış sahəsinin giriş-çıxış yolunun bağlanması üçüncü şəxs "xxxx" MTK-ya qadağan edilmişdir. Hazırda isə qeyd olunan inzibati işlə bağlı tərəflər arasında məhkəmə mübahisəsi davam edir. Buna baxmayaraq borclu "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs yaşayış sahəsinə müdaxilələr edilərək, ona məxsus evdə rahat şəkildə yaşamasına süni maneələr yaradılır. Qeyd olunan müdaxilələrdən bir də xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində baş vermişdir. Belə qeyd olunan tarixdə, "xxxx" MTK-nın sifarişi ilə iş icraçıları ərazidə söküntü işləri apararkən Zərərçəkmiş şəxs Balaəli qızına məxsus yaşayış sahəsinə də müdaxilələr etmiş, onun evinə birləşdirilmiş su, qaz və elektrik xətlərini qəsdən kəsərək, kommunal xidmətlərin təchizatı qəsdən dayandırılmışdır. Həmçinin ona məxsus yaşayış sahəsinə "xxxx" MTK-nın göstərişi əsasında kənar şəxslər zorakılıqla daxil olmağa cəhd etmişlər. Odur ki, göstərilənlərə əsasən borclunun barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. O, həmçinin barəsində protokol tərtib edilmiş vəzifəli şəxsin və borclu MTK-nın nümayəndəsinin dəlillərinə münasibətdə qeyd edir ki, iş icraçısı X4 borclu "xxxx" MTK-nın sifarişi əsasında söküntü və daşınma işləri apardığından hesab edir ki, vəzifəli şəxs olaraq Şəxs məhkəmənin müvafiq qərarının icrasını təmin etmək üçün zəruri olan bütün tədbirləri yerinə yetirməli idi. Odur ki, göstərilənlərə əsasən məhkəmədən, borclu "xxxx" MTK-nın səlahiyyətli vəzifəli şəxsi Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən "xxxx" MTK-nın etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Zərərçəkmiş şəxs Balaəli qızına məxsus yaşayış sahəsinə su, qaz və elektrik təchizatının verilməsində ehtiyatsızlıq nəticəsində fasilələr yaranmışdır. Lakin hadisə baş verəndən dərhal sonra yaranmış problem aradan qaldırılmışdır. Əlavə olaraq bildirir ki, qeyd olunan zərər iş icraçısı tərəfindən vurulduğundan "xxxx" MTK-nın baş vermiş hadisədə təqsiri olmadığından məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Balaəli qızı izahatında, protokolu müdafiə edərək qeyd etmişdir ki, "xxxx" MTK-nın hərəkətləri nəticəsində onun özünə məxsus yaşayış sahəsində rahat şəkildə yaşaması qeyri-mümkün hala gəlmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı videogörüntünün qeydə alındığı diski məhkəməyə təqdim edərək "xxxx" MTK-nın müvafiq vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş söküntü işlərinin aparılmasına rəhbərlik edən X4 izahatında bildirdi ki, yarımçıq tikililərin söküntü işlərinin aparılması barədə "xxxx" MTK ilə aralarında xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən yarımçıq tikililər sökülməli, ərazi söküntü işlərinin materiallarından təmizlənməli və bütün öhdəliklər yerinə yetirildikdən sonra isə ödənişləri ediləcəkdir. Yarımçıq tikililər sökülməmişdən qabaq həmin tikilərə baxış keçirilir, yaşayış olmadığına əmin olduqdan sonra isə təhlükəsizlik tədbiri olaraq həmin tikililərə su, qaz və elektrik təchizatının verilişi dayandırılır. "xxxx" MTK-nın icraçı direktoru Şəxs ilə söküntü aparılacaq əraziyə birlikdə baxış keçirilmiş və icraçı direktor Zərərçəkmiş şəxs Balaəli qızına məxsus yaşayış sahəsi də daxil olmaqla söküntü aparılmayacaq əraziləri göstərmişdir. Göstərişlər rəsmiləşdirilməmiş, sadəcə şifahi şəkildə verilmişdir. Söküntü aparılacaq tikililərə hansı elektrik açarının məxsus olduğunu müəyyən etmək üçün yoxlama aparılarkən Zərərçəkmiş şəxs Balaəli qızına məxsus yaşayış sahəsinə elektrik təchizatının verilməsində fasilə yaranması ehtimal olunur. Lakin bu ehtiyatsızlıq nəticəsində olmuşdur. Gündüz vaxtı ağır texnikaların istifadəsinə icazə verilmədiyinə görə söküntü işləri gecə aparılmışdır. Söküntü aparılan yer Zərərçəkmiş şəxs Balaəli qızına məxsus yaşayış sahəsindən 10-15 metr aralıda yerləşir və kənar yaşayış sahələrinə ziyan dəyməməsi üçün istinad divarları tikilmişdir. Zərərçəkmiş şəxs Balaəli qızına məxsus yaşayış sahəsinin tavanında yaranmış çatlar onların apardığı söküntü işləri nəticəsində yaranmamışdır. Lakin su, qaz və elektrik təchizatının verilməsində yaranan fasilələrin isə onlar tərəfindən edilmiş müdaxilələrlə ehtiyatsızlıq nəticəsində yaranmışdır. O, verilən suallara cavab olaraq bildirdi ki, söküntü işləri aparan zaman polis əməkdaşları orada olmamış, Zərərçəkmiş şəxs Balaəli qızının müracətindən sonra polis əməkdaşları əraziyə gəlmiş və hətta mətbuat nümayəndələri gələrək çəkiliş aparmışlar. Həmin vaxt özü də çıxış edərək müdaxilə edilmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işi üzrə materialları araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, icra işi materiallarından görünür ki: - Bakı İnzibati Məhkəməsinin 15(112)-273/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə hər hansı müdaxilənin edilməsi və həmin yaşayış sahəsinin giriş-çıxış yolunun bağlanması üçüncü şəxs "xxxx" MTK-ya qadağan edilmişdir. İcra sənədi 13 sentyabr 2023-cü il tarixdə verilmiş və 16 oktyabr 2023-cü il tarixdə icraata başlanılması haqqında qərar qəbul edilmişdir. - İcraata başlamaq haqqında qərar borclu Şəxs tələbin könüllü icrasına dair bildirişlə birlikdə 23 oktyabr 2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmiş və borcluya icra sənədinin qanunla müəyyən edilmiş vaxtda icra edilməməsinə, o cümlədən icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən yerinə yetirilməməsinə görə məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Tələbin könüllü icrasına dair bildiriş və qərar Şəxs tərəfindən şəxsən imza edilməklə təhvil alınmış, eyni zamanda həmin tarixdə izahatı alınmışdır. - məhkəməyə təqdim edilmiş 21 dekabr 2023-cü il tarixli “Daşınma xidməti” haqqında müqavilədən müəyyən edilir ki, "xxxx" MTK ilə fərdi qaydada vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş X4 arasında Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci il tarixli 185 saylı sərəncamına, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri Yasamal rayonu 441-ci məhəllə Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yeni tikiləcək çoxməzilli hündürmərtəbəli yaşayış binasının tikintisi üçün daşınma işlərinin aparılması X2 həvalə edilmişdir. Məhkəmə sübut olaraq təqdim edilmiş CD diskdə olan 3 ədəd videogörüntülər məhkəmə iclasında tədqiq edildikdə müəyyən edildi ki, birinci görüntüdə: Baku TV-nin müxbirinə Zərərçəkmiş şəxs söküntü işləri ilə bağlı şikayətini ifadə etmiş və yaşayış sahəsinə zərər vurulmasını bildirmişdir. Həmin vaxt özünü şirkətin nümayəndəsi kimi təqdim edən X4 bildirmişdir ki, müqavilə əsasında şirkətin sifarişi ilə söküntü işlərini icra edir. Həmçinin qeyd olunan videogörüntüdə fərdi yaşayış evində çatların əmələ gəlməsi bildirilmişdir. Digər digər iki ədəd videogörüntülərdə isə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin su xəttlərində "xxxx" ASC-nin əməkdaşları tərəfindən təmir-bərpa işlərinin aparılması müşahidə edilir. Məhkəmə araşdırması zamanı şahid ifadəsindən, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış vəzifəli şəxsin, eləcə də icra sənədi üzrə borclu MTKnın nümayəndəsinin izahatlarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə təxminən 20 radələrində mübahisəli ərazidə "xxxx" MTK-nın sifarişi əsasında söküntü işləri aparılarkən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində qaz, su və elektrik xəttinə müdaxilələr edilmiş, nəticədə Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsinə zərər dəymişdir. Məhkəmə araşdırması ilə həmçinin müəyyən edilmişdir ki, müvafiq icra sənədi İcra şöbəsinə daxil olduqdan sonra icra məmuru tərəfindən icra tədbiri olaraq yaşayış sahəsinin videogörüntüləri qeyd alınmışdır. Həmin videogörüntü məhkəmə iclasında tədqiq edildikdə isə müəyyən edilir ki, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində çatlar xx.xx.2023-cü il tarixdən öncə yaranmışdır. Dolayısı ilə qeyd olunan zərərin "xxxx" MTK-nın sifarişi əsasında söküntü işləri aparılarkən yaranması halı öz təsdiqini tapmadı. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs icra sənədi üzrə icraatın başlanılmasına baxmayaraq "xxxx" MTK-nın icraçı direktoru olaraq onun rəhbərliyi ilə qeyd olunan mübahisəli ərazidə söküntü işləri aparılarkən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində su, qaz və işiq təchizatının kəsilməsi onun Bakı İnzibati Məhkəməsinin icra sənədi üzrə öz öhdəliklərindən üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməlidir. Belə ki, Şəxs tərəfindən qeyd olunan müdaxilənin qarşısının alınması üçün zəruri təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi təmin edilməmiş, yalnız iş icraçısı X4 şifahi tapşırıq verilməklə kifayətlənilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 17-ci həmçinin maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Hüquq nəzəriyyəsinə görə hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Həmin Məcəllənin 18-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəyə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Hüquq nəzəriyyəsinə görə “hüquqi şəxsin törətdiyi inzibati xəta”, “hüquqi şəxsin əməlində inzibati xəta tərkibi” deyildikdə, yalnız hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fəaliyyət göstərmiş konkret fiziki şəxslərin inzibati xəta törətməsindən, onların əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasından söhbət gedə bilər. İnzibati xətalar qanunvericiliyinin məzmunundan da görünür ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq konkret fiziki şəxslərin törətdiyi inizbati xətalarla əlaqələndirilmişdir. Belə ki, bu əlaqə onunla xarakterizə olunur ki, həmin xəta hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün törədilmiş olmalıdır. İnzibati xətanın hüquqi şəxsin xeyrinə törədilməsi dedikdə, həmin əməllə hüquqi şəxsə fayda gətirmək, onun maddi öhdəliklərini azaltmaq, onun maddi durumunu başqa formada yaxşılaşdırmaq məqsədilə törədilməsi kimi başa düşülür. İnzibati xətanın hüquqi şəxsin maraqlarının qorunması üçün törədilməsi dedikdə isə, inzibati xəta əməlinin hüquqi şəxsin müxtəlif xarakterli mənafelərənin müdafiəsi və təmin olunması məqsədilə törədilmiş olması başa düşülür. Bu cür maraqlar hüquqi şəxsin nəzarət orqanlarının yoxlamalardan kənarda qalmasını təmin etmədə və sair hərəkətlərdə ifadə oluna bilər. Beləliklə qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. İşin hallarından göründüyü kimi, hazırda barəsində inzibati xəta haqqında protokoll tərtib edilmiş Şəxs icra sənədi üzrə borclu "xxxx" MTK-nın icraçı direktoru olaraq təşkilatisərəncamverici funksiyaları icra edən vəzifəli şəxs statusundadır. Odur ki, onun hazırkı xəta üzrə inzibati məsuliyyətə cəlb edilməsi qanunvericiliyin tələbinə əsasən istisna edilmir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, yaşını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsinin 2-ci hissəsinin tələbini və Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, lakin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növünün aşağı həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1.200 (bir min iki yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar