Məhkəmə qərarları › İş №3(004)-2224/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2224/2022

10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2224/2022 10.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şikayətçi X2 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X5 Yasamal Rayonu İcra Hakimiyyətinin inzibati xəta haqqında iş üzrə 15.04.2022-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə müvəkkili, polis kapitanı X11 tərəfindən onun barəsində 21.02 2022-ci il tarixli protokol tərtib edilmiş və baxılması üçün Yasamal rayon İcra Hakimiyyətinə göndərilmişdir. Yasamal RİHB-nın müavini Xalıq Möhbalıyev tərəfindən onun AR İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməyi ilə əlaqədar 300 manat məbləğində cərimə ilə tənbeh edilməyi barədə qərar qəbul edilmişdir. Bu qərar AR İXM-nin tələblərinin pozulması ilə qəbul edildiyindən, ləğv edilməlidir. Belə ki, həmin bu inzibati xəta haqqında iş onun iştirakı olmadan və o, bu prosesə cəlb edilmədən qəbul edilmişdir. Qeyd etmişdir ki, o, özü İ qrup əlildir. Kənar şəxsin köməyi olmadan hərəkət etmək imkanında deyil. Ona görə də daimi olaraq əlil arabası vasitəsilə hərəkət edir. Təbii ki, bu vəziyyətdə olduğu üçün əvvəl yaşadığı evi sataraq birinci mərtəbədə yerləşən ev almaq qərarına gəlmişdir. Bir çox mənzillərə baxsa da, yalnız Bakı şəhəri, Zərdabi küçəsi, 77 saylı binanın 1-ci mərtəbəsində yerləşən 19 saylı mənzili almağa gücü çatdı. Bu mənzili alarkən fikirləşirdi ki, mənzil 1-ci mərtəbədə yerləşdiyi üçün əlil arabası ilə mənzilə giriş- çıxışda çətinlikləri yaranmayacaq. Lakin mənzilə giriş nisbətən pilləkəndən aşağı səviyyədə yerləşdiyi üçün məcbur olub həmin pilləkən vasitəsilə küçəyə çıxmalı idi. Lakin yuxarıda qeyd etdiyi kimi kənar şəxsin köməyi olmadan hərəkət etməyi mümkün olmadığı üçün o, həmin bu mənzilin pəncərəsini qapı kimi istifadə etmək üçün Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Amma əfsuslar olsun ki, Yasamal RİH-nın nümayəndələri onun evinə baxış keçirsələr də, müraciətinin təmin edilməsi istiqamətində heç bir əməlli tədbir görmədilər. Bir halda ki, “Əlillərin sosial müdafiəsi haqqında” AR Qanununun 15-ci maddəsinə əsasən yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları əlilliyi olan şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün ağlabatan uyğunlaşdırılır. Eyni zamanda bu qanunun tətbiqi barədə fərmanda da bu müddəaların icrası yerli icra hakimiyyətlərinin üzərinə qoyulmuşdur. Amma əfsuslar olsun ki, Bakı şəhən Yasamal rayon icra Hakimiyyəti öz üzərinə düşən vəzifəni yerinə yetirmək əvəzinə əsassız olaraq onun barəsində AR İXM-nin 395.1-ci maddəsi ilə cərimə olunmağı barədə qərar qəbul etmişdir. Qeyd etmişdir ki, o, mülkiyyətində olan həmin evin pəncərəsinin təyinatının dəyişdirilərək qapı kimi istifadə edilməsi barədə sərəncamın verilməsi üçun Bakı şəhəri Yasamal RİH-nə qarşı Bakı İnzibatı Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda müvəqqəti müdafiə tədbirləri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə onun ərizəsi təmin edilmiş və həmin pəncərədən qapı kimi istifadə etməyinə razılığın verilməsi barədə qərar qəbul edilmişdir. Əfsuslar olsun ki, İcra Hakimiyyətinin nümayəndələri işin bütün bu hallarını bildikləri halda, əsassız olaraq onun barəsində belə bir əsassız qərar qəbul etmişlər. İşin hallarından da görünür ki, o, mülkiyyətində olan mənzilin 1-ci mərtəbəsinin pəncərəsinin təyinatının dəyışdirilərək qapı kimi istifadə edilməsinə razılıq verilməsi ilə əlaqədar Bakı şəhəri Yasamal RİH-nə müraciət etmişdir. Lakin Yasamal RİH tərəfindən müraciəti ilə əlaqədar heç bir tədbir görülmədiyi üçün və onun fiziki vəziyyətini nəzərə alaraq hərəkət etməyi üçün başqa vasitə və yol olmadığına görə o, son zərurət vəziyyətində məcbur olaraq həmin pəncərənin təyinatını deyişərək qapı kimi istifadə etmək istəmişdir. Eyni zamanda bildirmişdir ki, AR İXM-nın 395-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, müvafiq icra hakimiyyətı orqanının va ya müvafiq İcra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan inşa edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır. Bütün yuxarıda göstərilən işin hallarından və qanunvericiliyin tələblərindən görünür ki, onun əməlində heç bir inzibati xətanın tərkibi yoxdur, ona görə də bu qərar ləğv edilməlidir. Odur ki, bütün yuxarıda göstərilənləri nəzərə alaraq və AR İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmədən, Yasamal rayon İcra Hakimiyyətinin inzibati xəta haqqında iş üzrə 15.04.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs məhkəmə iclasında verdiyi izahatında şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Yasamal Rayonu İcra Hakimiyyətinin inzibati xəta haqqında iş üzrə 15.04.2022-ci il tarixli qərarına əsasən X5 İXM-in 395.1-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilmişdir. Qərar MN ******* saylı, 21.02.2022-ci il tarixli protokol əsasında qəbul edilmişdir. Həmin qərara əsasən Yasamal RPl-nin 29-ci PŞ-nin sahə inspektoru polis kapitanı X8 21.02.2022-ci il tarixli, MN ******* nömrəli protokolu və Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi polis polkovnik-leytenantı X4 21.02.2022-ci il tarixli ******* nömrəli qərardadı ilə X5 barəsində AR İXM-nin 395.1-ci maddəsi ilə cərimə tənbeh növünün tətbiq edilməsinə dair qərar qəbul edilməsi məqsədi ilə Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol və qərardad üzrə materiallardan görünür ki, X5 Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yerləşən mənzilinin arxa tərəfindəki pəncərəsinin alt hissəsini sökərək istinad divarlarında tikinti icazəsi tələb olunan rəsmi sənəd olmadan tikinti obyektinin funksional təyinatı dəyişdirməklə yenidən planlaşdırma işləri aparmaqla, şəhərsalma, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qapı açmışdır. Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində barəsində inzibati icraat aparılan şəxs X5 izahat verməkdən imtina etmişdir. Həmçinin inzibati xəta haqqında icraat materiallarına əlavə olunmuş Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 22.02.2022-ci il tarixli aktının surətindən görünür ki, 1963-cü il tarixdə tikilmiş Bakı şəhəri, Yasamal rayonu. Zərdabi küçəsi 77 saylı binanın 1-ci mərtəbəsində yerləşən 19 saylı mənzilin sahibi arxa tərəfdəki pəncərənin alt hissəsini heç kəsin xəbəri olmadan qanunsuz şəkildə sökərək yerində qapı açmışdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, şikayət vermiş şəxs barəsində qəbul edilmiş qərar üzrə inzibati xəta hadisəsinin mövcudluğu artıq təsdiq edilmişdir, həmin xətaya görə həmin şəxs də inzibati məsuliyyət daşıyır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin MXMT(112)- 126/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərardadına əsasən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilmiş, məhkəmənin icraatında olan 2-1(112)-7529/2022 saylı işə mahiyyəti üzrə baxılıb qurtaranadək ərizəçi X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, ev 77, 19 saylı mənzilin pəncərəsinin qapı kimi istifadə edilməsinə cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə dözmək vəzifəsi qoyulmuşdur. Həmin qərardada əsasən iddiaçı X6 cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, ev 77, mənzil 19-un pəncərəsinin təyinatının dəyişilərək qapı kimi istifadə edilməsinə icazənin verilməsi barədə sərəncamın qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X6 müvəqqəti xarakterli müdafiə barədə tədbiri ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, ev 77, mənzil 19-un, pəncərəsinin qapı kimi istifadə edilməsi və cavabdehin buna dözməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı mənzildə yenidənqurma işlərinin aparılmasına icazənin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia ərizəsinə baxılıb qurtarana qədər müvəqqəti müdafiə tədbirinin görülməsi zəruridir. Belə ki, uşaqlıqdan 1-ci qrup əlil olduğu üçün sərbəst şəkildə hərəkət edə bilmir, daimi olaraq əlil arabasından istifadə edir. Təbii ki, 2-ci və daha yuxarı mərtəbələrdən kənar şəxsin köməyi olmadan, əlil arabası ilə düşübqalxmaq qeyri mümkündür. O da, bu zərurətdən əvvəl yaşadığı mənzili sataraq, hal-hazırki mənzili almışdır. Lakin bu mənzildə də, gediş-gəlişi üçün münasib şərait olmadığına görə, mənzilin pəncərəsinin təyinatını dəyişərək, qapı kimi istifadə edilməsinə zərurət yaranmışdır. İddianın baxılması bir neçə ay çəkə bilər. Lakin onun hal-hazırki vəziyyətində bir günün özü də onun üçün əlavə çətinliklər, əlavə problemlərdir. Ona görə də, hesab edir ki, iddia ərizəsinə baxılıb qurtarana qədər müvəqqəti müdafiə tədbiri kimi mənzilində olan pencərənin qapı kimi istifadə edilməsinə icazənin verilməsi barədə qərardad qəbul edilməlidir. Bununla da təsdiq edilir ki, pəncərənin təyinatını dəyişdirərək qapı kimi istifadə edilməsinə qədər müvafiq icra hakimiyyətinin icazəsi olmamış və ya icazənin verilməsinin Yasamal RİH üzərinə qoyulması barədə məhkəmə qərarı qərarı olmamışdır. Bununla da artıq barəsində şikayət verilmiş qərarda göstərilən inzibati xəta hadisəsinin mövcudluğu və törədilməsi təsdiq edilmişdir. Həmçinin Şikayətçi şikayətində onun barəsində qəbul edilmiş qərar üzrə İXM-nin tələbləri pozulmaqla icraat aparıldığını, həmin icraat qaydasında onun barəsində inzibati tənbehvermə qərarı çıxarılmasının şikayətində göstərilən İXM-nin tələblərinə zidd olduğunu qeyd etsə də, səlahiyyətli orqanın həmin işə baxmaq səlahiyyəti olmuşdur, göstərilən pozuntuların mövcud olduğu təqdirdə də, qərarın qanunsuzluğuna səbəb olmur və ləğvi üçün əsas deyildir. Buna görə də məhkəmə hesab edir ki, şikayətin bu hissəsi əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi X2 Yasamal Rayonu İcra Hakimiyyətinin inzibati xəta haqqında iş üzrə 15.04.2022-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar