Məhkəmə qərarları › İş №3(004)-2226/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2226/2022

24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2226/2022 24.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Start-XXİ əsr +Tibb Mərkəzi» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 18 fevral 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən «Start- XXİ əsr +Tibb Mərkəzi » MMC-yə məxsus tibb müəssisəsində 18 fevral 2022-ci il tarixdə, saat 15:30-də planlı yoxlama keçirilərkən lisenziyada göstərilən fəaliyyətdən kənar (pediatriya) fəaliyyəti aşkarlanmışdır. Bununla da, «Start-XXİ əsr +Tibb Mərkəzi » MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. «Start-XXİ əsr +Tibb Mərkəzi » MMC-nin direktoru tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, bildirilmişdir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları əvvəlcədən rəsmi qaydada məlumat vermədən klinikada 18.02.2022-ci il tarixində yoxlama həyata keçirmişlər. Yoxlayıcı şəxslər klinikanın işçi və rəhbərliyini aldatmaq üçün şifahi şəkildə başqa nöqsanlar bildirsələr də yazılı aktda başqa nöqsanlar qeyd etmişlər. Bu səbəbdən də həmin aktda “deyilən nöqsanlarla razı olmağımız ” barədə qeyd vermişdirlər. Lakin sonradan onlara məlum olmuşdur ki, yoxlayıcılar onlara müəssisənin sterilizasiyası ilə bağlı nöqsanlar bildirsələr də, heç bir əsas olmadan aktda onların guya lisenziyadan kənar pediatriya fəaliyyəti ilə məşğul olmaları barədə qeyd vermişlər. Bu tamamilə əsassızdır və klinikada lisenzidan kənar heç bir fəaliyyətlə məşğul olmurlar. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh ən geci inzibati xətanın töədildiyi gündən üç ay keçənədək verilə bilər. Həmin məcəllənin 38.2-ci maddəsinə əsasən bu məcəllənin 38. 1-ci maddəsinə nəzərdə tutulmuş müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Yəni, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları iddia etdikləri inzibati xəta hadisəsini 18.02.2022-ci il tarixində aşkar etdiklərindən inzibati məsuliyyətə cəlb etmə müddəti 18.05.2022-ci il tarixdə bitmişdir. Qeyd olunanları nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə müddəti ötdüyündən “START-XXİ ƏSR+TİBB MƏRKƏZİ” MMC-nin barəsində Səhiyyə Nazirliyinin barəsində tərtib etdiyi İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında 3(004)-2226/2022 nömrəli iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «Start-XXİ əsr +Tibb Mərkəzi » MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən «Start-XXİ əsr +Tibb Mərkəzi » MMC-yə məxsus tibb müəssisəsində 18 fevral 2022-ci il tarixdə, saat 15:30-də planlı yoxlama keçirilərkən lisenziyada göstərilən fəaliyyətdən kənar (pediatriya) fəaliyyəti aşkarlanmışdır. Bununla da, «Start-XXİ əsr +Tibb Mərkəzi » MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin müəyyən edilmişdir ki, «Start-XXİ əsr +Tibb Mərkəzi » MMC tərəfindən törədilən inzibati xəta hadisəsi 18.02.2022-ci il tarixində aşkar edildiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti 18.05.2022-ci il tarixdə bitmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları,eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «Start-XXİ əsr +Tibb Mərkəzi » MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 4851, 53, 114-117, 128-130 və 215.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Start-XXİ əsr +Tibb Mərkəzi» MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38.1ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar