Məhkəmə qərarları › İş №3(004)-2230/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2230/2025

02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2230/2025 02.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili “Praym Leqal” Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC tərəfindən X3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “aşpaz” vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Nümayəndə1 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, X3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC-də “aşpaz” vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla bağlı X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən müvafiq araşdırma aparılmış və Şəxs MMC-nin barəsində xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, inzibati tənbehin verilməsi ilə əlaqədar qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili “Praym Leqal” Vəkil Bürosunun vəkili Nümayəndə2 inzibati xəta haqqında tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, X3 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində AR Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunan tarixdə yaşanmış daxili anlaşılmazlıq nəticəsində, sözügedən əmək müqaviləsinə xitam verilməsi texniki səhv kimi baş vermişdir. Bu səbəbdən Heydərin əmək müqaviləsi bağlamadan işlərə cəlb edilməsi kimi fikri formalaşmışdır. Lakin şəxsin işdən çıxması və daha işə gəlməməsi barədə heç bir məlumat verilməmişdir. xx.xx.2025-ci il tarixədək əmək fəaliyyətini davam etdirmişdir. Göründüyü kimi işəgötürən tərəfindən işçinin məlumatı olmadan işdən çıxardılması və onun əmək müqavilə olmadan işlərə cəlb edilməsi heç bir məqsədə xidmət etmir. Qeyd edildiyi kimi yalnız texniki xəta olaraq baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yuxarıda qeyd edilən hərəkətlərin məqsədi, yəni inzibati xəta tərkibiin subyektiv tərkibi mövcud olmamışdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Əlavə olaraq bildirmişdir ki, iaşə obyekti xx.xx.2024-cü il tarixdə vergi qeydiyyatına alınmış və fəaliyyətə başlamış və işçilərin işə qəbul etmə prosesi həyata keçirilmişdir. Hər bir işçi üçün əmək haqqı kartı sifariş verilmişdir. Vətəndaş tərəfindən verilmiş şikayət əsasında məsələ dərhal araşdırılmış, həmin işçiyə əmək münasibətlərinin bərpası və əməkhaqqının tam ödənilməsi təklif olunmuşdur. İşçinin isə bu təkliflə razılaşmaması və işə bərpa olunmaq istəməmişdir. Beləliklə Əmək müqaviləsinin xitamı texniki yanlışlıq nəticəsində baş vermiş və dərhal bu səhvin aradan qaldırılması üçün cəhdlər edilmiş, işçiyə əmək münasibətləri ilə bağlı tam ödəniş təklif olunmuşdur işçinin öz istəyi ilə işə qayıtmaqdan imtina etməsi nəticəsində münasibətlər yekunlaşdırılmış, eyni vaxtda digər iki işçinin də müqaviləsinə xitam verilmişdir. Yuxanda qeyd olunanları və baş vermiş halın qəsdən və ya hüquqi səhlənkarlıq əsasında deyil, daxili idarəetmədə yaranmış texniki anlaşılmazlıq səbəbilə baş verdiyini nəzərə alaraq. "xxxx" MMC-nin barəsində başlamılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X7 bildirmişdir ki, "xxxx" MMC-yə əmək münasibətləri sahəsində distant xidmət göstərir. Rəhbərlik tərəfindən ona iki əməkdaşın işdən çıxarılması deyilsə də o, yalnışlıqla X2 da əmək müqaviləsinə xitam vermişdir. Şirkətin rəhbərliyinin və H.Mustafayevin bundan xəbəri olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən, X2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs MMC-də “aşpaz” vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşkar olunmuşdur, bununla da AR Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi pozulmuşdur. İş materiallarında olan **********.124854 nömrəli müraciət vərəqindən görünür ki, X1 Əmək Müfəttişliyinə müraciət edərək xx.xx.2025-ci il tarixdə Şəxs MMC-də işə başlamış və xx.xx.2025-ci il tarixində onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xitam verilmiş, lakin ona bu barədə məlumat verilməmişdir. xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək qeyri-rəsmi olaraq əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 öz ərizəsində iş yerindən qanunsuz şəkildə azad edilməsi barədə iddialar irəli sürmüşdür. Sözügedən işçi xx.xx.2025-ci il tarixində müəssisədaxili yaşanmış anlaşılmazlıq nəticəsində səhvən işdən çıxarılmışdır. Bundan sonra, o, fevral ayının 9-dək işləmiş və sonda ərizə yazıb işdən çıxacağını bildirmişdir. Lakin ondan ərizəni nə zaman yazacağını soruşduqda hər dəfə fərqli bəhanələr gətirmiş və sonradan onun şikayətinin nəticəsində məsələ tərəfimizdən tam aydınlaşdırılmışdır. Həmçinin, ona bu müddət üçün ödənişlərin edilməsi təklif edildiyi zaman o, tam ay üzrə ödəniş edilməsini təiəb etmişdir (Bu zaman yaşanmış anlaşılmazlıqla bağlı işçilərin məlumatı olmamışdır). Tərəfin bu hərəkətlərinə baxmayaraq, tərəfimizdən onunla əlaqə saxlanılmış və işə bərpa edilməsi təklif edilmişdir. Lakin o, nəticə olaraq bununla razılmamışdır. İşçinin rəsmi olaraq işdən çıxarılması zamanı yanlışlığa yol verilmiş və bu yanlışlığın aradan qaldırılması üçün müvafiq tədbirlərin görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********1 nömrəli arayışdan görünür ki, Şəxs MMC-yə (VÖEN: **********) məxsus ünvan 2 ünvanında yerləşən təsərrüfat subyekti (obyekti) xx.xx.2024-cü il tarixdı olduğu yer üzrə uçota alınmışdır. İş materiallarına əlavə edilmiş Şəxs MMC ilə X8 arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, D.Hacıyev Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında, Nargiz Mall-da yerləşən iaşə obyektində “ofisiant” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC ilə X3 arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, H.Mustafayev Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında, Nargiz Mall-da yerləşən iaşə obyektində “aşpaz” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC ilə X5 arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, N.Məmmədova Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında, Nargiz Mall-da yerləşən iaşə obyektində “resepşn” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə” X-02/2025 saylı əmrdən görünür ki, mətbəx bölməsində “aşpaz” vəzifəsində işləyən X3 ilə bağlanmış 5Q3DMX9000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2025-ci ildən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə” X-03/2025 saylı əmrdən görünür ki, mətbəx bölməsində “ofisiant” vəzifəsində işləyən X8 ilə bağlanmış 6GU69BZ001000 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2025-ci ildən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi barədə” X-01/2025 saylı əmrdən görünür ki, xidmət bölməsində “resepşn” vəzifəsində işləyən X5 ilə bağlanmış 6AG4FKF002400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2025-ci ildən xitam verilməsi əmr edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokol və iş materialları tərəflərin izahatları ilə birlikdə nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən X3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “aşpaz” vəzifəsi üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İşin faktiki hallarından isə məlum olmuşdur ki, Şəxs MMC-nin direktoru tərəfindən onlara əmək münasibətləri sahəsində distant qaydada xidmət göstərən X4 şirkətdə çalışan 2 işçinin (X5 və X8) əmək müqaviləsinə xitam verilməsi əmr edilmiş, lakin anlaşılmazlıq nəticəsində E.Hüseynov eyni tarixdə X2 da əmək müqaviləsinə xitam vermişdir. Sözügedən hadisədən şirkətin rəhbərliyinin və işçi H.Mustafayevin məlumatı olmamışdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə H.Mustafayevin işdən çıxarılmaqla əmək müqaviləsi olmadan işlərə cəlb edilməsində hüquqi şəxsin hansısa əlavə xeyir götürməsi və ya hüquqi şəxsin hansısa marağının qorunmasına qiymət verilməlidir. Yəni hüquqi şəxsin əlavə xeyri və ya marağı ilə həmin işçinin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi arasında səbəbli əlaqənin mövcud olub-olmaması araşdırılmalıdır. Faktiki olaraq həmin işçinin əmək müqaviləsinə xitam verildiyi halda işlərə cəlb edilməsində hüquqi şəxs hər hansı əlavə xeyri əldə etmədiyi halda və ya marağı qorunmadığı halda, həmin işçinin anlaşılmazlıq nəticəsində əmək müqaviləsinə xitam verilməsinə görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi anlaşıldıqdan sonra hüquqi şəxs işçi ilə yeni müqavilə bağlamaq üçün müəyyən cəhdlər etmiş lakin işçi bununla razı olmamışdır. Əgər hüquqi şəxs həmin inzibati xətanı törətmişdirsə, onda inzibati tənbeh verilməlidir. İnzibati tənbeh verilərkən İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi nəzərə alınmalıdır. Lakin səlahiyyətli orqan inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə ümumiyyətlə sübut təqdim etməmişdir. Beləliklə, hüquqi şəxsin inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmaması ilə əlaqədar aşağıdakılar qeyd edilir. İXM-nin 16-cı maddəsi fiziki şəxslərin inzibati məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin maddəyə əsasən 16 yaşı tamam olmuş şəxslərin inzibati məsuliyyət daşıdığı qeyd edilib. Həmçinin həmin maddədə “əcnəbilərin”, “hərbi qulluqçuların” inzibati məsuliyyətini, hansı tənbehin verilməsinin mümkünlüyünü, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilməsini tənzimləyir. İXM-nin 17-ci maddəsi isə vəzifəli şəxslərin inzibati məsuliyyətinin əsaslarını müəyyən edir. Həmin maddənin qeydinə əsasən kimlərin vəzifəli şəxslər hesab edilməsi müəyyən edilmişdir. Lakin fiziki şəxslər və vəzifəli şəxslərdən fərqli olaraq, hüquqi şəxslərin inzibati məsuliyyətinin müəyyən olunmasının özünəməxsus xüsusiyyətləri vardır və bu xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. Neçə ki, fiziki şəxsin inzibati məsuliyyəti yaranması üçün və fiziki şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olması üçün onun 16 yaşının tamama olması mütləq şərt kimi müəyyən edilmişdir, həmçinin vəzifəli şəxsin inzibati məsuliyyəti yaraması üçün və şəxsin vəzifəli şəxs hesab edilməsi üçün İXM-nin 17-ci maddəsinin Qeydində müəyyən edilmiş funksiyalar və səlahiyyətlərin yerinə yetirilməsinin mövcudluğu mütləq şərt kimi müəyyən edilmişdir, eləcə də hüquqi şəxsin inzibati məsuliyyətinin yaranması üçün İXM-nin 18.2-ci maddəsində mütləq şərt müəyyən edilmişdir. Belə ki, nəzərə alınmalıdır ki, hüquqi şəxslərin inzibati məsuliyyəti yalnız İXM-in 18-ci maddəsi ilə müəyyən edilmişdir. İXM-in 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Beləliklə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə, İXM-in 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni İXM-nin 18-ci maddəsinə əsasən hər bir pozuntu İXM-nin inzibati məsuliyyətinə səbəbə olmur, yalnız o inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə bir əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biritəqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Bundan başqa inzibati xəta törədilmişdirsə, bu zaman həmin xəta nəticəsində hüquqi şəxs xeyir əldə etməmişdirsə və ya hüquqi şəxsin marağı qorunmamışdırsa, bu cür inzibati xəta hüquqi şəxsin inzibati məsuliyyətinin müəyyən edilməsində formal əsas kimi çıxış edir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Eyni ilə də hazırkı iş üzrə hüquqi şəxs üçün inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması üçün, İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilməsi şərti mütləq baş verməlidir, bu sübut olunmalıdır. Əks halda hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd olunan inzibati xətanı törətməkdə təqsiri müəyyən olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xətada inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 3 və 4-cü hissələrinə əsasən heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.2-ci maddəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-nin barəsində əmək müqaviləsi hüquqi qüvvəyə mnimədən fiziki şəxsin işlərin görülməsinə cəlb edilməsinə dair tərtib olunan protokol əsassızdır və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavsitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar