Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2237/2024 30.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, ev 8V, mənzil 5 ünvanında olan Şəxs MMC (VÖEN: **********) Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 25 aprel 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC tərəfindən 12620.00 (on iki min altı yüz iyirmi) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə ərizəsinə əsasən "xxxx" MMC-də olan bank hesabından 13 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 12620.00 (on iki min altı yüz iyirmi) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsi və ya vəsait hesabına xidmətlərin göstərilməsini, işlərin görülməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X3 izahatında bildirmişdir ki, Şəxs əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsiylə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati xəta barədə protokol tərtib edilmişdir. İnzibati xəta hadisəsi olmadığı üçün qeyd ediləm protokol əsasında başladılmış inzibati icraata xitam verilməlidir. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsiylə nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Həqiqətən də Şəxs ilə Rusiya Federasiyasının hüquqi şəxsi olan “C&M Technology” LLC şirkəti arasında bağlanılmış xx.xx.2022-ci il tarixli avadanlıqların alğı-satqısı barədə müqaviləyə əsasən sonuncuya Şəxs tərəfindən dəfələrlə pul vəsaiti ödənilmişdir. Həmin vəsaitin qarşılığı olaraq mallar idxal edilmişdir. Lakin 12620 (on iki min altı yüz iyirmi) ABŞ dolları məbləğində mal satıcı Rusiya Federasiyasının hüquqi şəxsi olan “C&M Technology” LLC şirkəti tərəfindən göndərilmədiyi üçün Şəxs tərəfindən 2023cü ilin dekabr ayında 12620 (on iki min altı yüz iyirmi) ABŞ dollarının qaytarılması barədə qarşı tərəfə rəsmi pretenziya məktubu təqdim edilmiş, həmin məbləğin qaytarılması üçün nümayəndəmiz tərəfindən Rusiya Federasiyasında “C&M Technology” LLC şirkətinin rəhbərliyi ilə danışıqlar aparılmışdır. Pretenziya məktubunun təqdim edilməsindən sonra “C&M Technology” LLC şirkətinin rəhbərliyi pulu qaytaracağı barədə vəd versə də pul indiyədək qaytarılmamışdır. Hazırda Rusiya Federasiyasındakı nümayəndəmiz tərəfindən “C&M Technology” LLC şirkətinə qarşı məhkəməyə iddia ərizəsinin təqdim edilməsi üçün hazırlıq görülür. Əgər qalıq 12620 (on iki min altı yüz iyirmi) ABŞ dollarının geri qaytarılması ilə əlaqədar hüquqi prosedur başladılmışdırsa Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cii maddəsiylə nəzərdə tutulmuş əməl və həmin maddədə nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Çünki, 12620 (on iki min altı yüz iyirmi) ABŞ dollarının vaxtında geri qaytarılmaması Şəxs təqsiri nəticəsində baş verməmişdir. Həmin məbləğin geri qaytarılması Şəxs marağındadır. Sadalananlardan aydın olur ki, qeyd edilən məbləğin qaytarılmamasında Şəxs qəsdi və təqsirli əməli mövcud deyildir. Belə olan halda Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4- cii maddəsiylə nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda qeyd edilən faktiki hallar araşdırılmamış və bu hala hüquqi qiymət verilməmişdir. Halbuki, “C&M Technology” LLC şirkətinin rəhbərliyi ilə danışıqlar aparılması və sonuncuya pretenziya verilməsi barədə banka davamlı olaraq məlumat verilmiş, sənədlər təqdim edilmişdir. İnzibati Xəta haqqında protokol səlahiyyətli şəxs tərəfindən tərtib edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1361 nömrəli 03 may 2017-ci il tarixli fərmanı ilə rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı təsdiq edilmişdir. Həmin siyahının 59.3-cii bəndinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılarkən Azərbaycan Respublikasının Mərkəzi Bankı adından - bu Siyahının 57.2.2-ci yarım bəndində nəzərdə tutulan vəzifəli şəxslər inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olan şəxslər kimi göstərilmişdir. Siyahının 57.2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı adından - Mərkəzi Bankın sədri, onun müavinləri, baş direktorları, direktorları, X4 Muxtar Respublikası İdarəsinin sədri, onun müavini inzibati xəta haqqında protokol tərtib edə bilər. Qeyd edilənlərdən tam aydın olur ki, Mərkəzi Bank tərəfindən tərtib edilmiş mübahisə predmeti olan inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Mərkəzi Bank tərəfindən tərtib edilmiş mübahisə predmeti olan inzibati xəta haqqında protokol tərtib edilərkən bu barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs MMC-yə heç bir məlumat verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Sadalananlardan aydın olur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsiylə nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 -ci maddəsinə əsasən hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdınlmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan "xxxx" ASC-nin 13 aprel 2022-ci il tarixli xarici valyutada köçürmə ərizəsindən görünür ki, Şəxs MMC-nin bank hesabından “CandM Technology LLC” şirkətinin bank hesabına 31 mart 2022-ci il tarixli 3103-22 nömrəli müqaviləyə və 31 mart 2022-ci il tarixli 31 nömrəli invoysa əsasən 12620.00 (on iki min altı yüz iyirmi) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti köçürülmüşdür. İş materiallarından görünür ki, Şəxs MMC ilə “CandM Technology LLC” şirkəti arasında 31 mart 2022-ci il tarixli 3103-22 nömrəli müqavilə bağlanmışdır. 31 mart 2022-ci il tarixli 3103-22 nömrəli invoysa əsasən malların ümumi dəyəri 25240.00 (iyirmi beş min iki yüz qırx) ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Bununla yanaşı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.5-ci maddəsinə görə “cinayət, inzibati xətalar və vergi qanunvericiliyində məsuliyyətə cəlb olunma hallarında hüququn analogiyasından və ya qanunun analogiyasında istifadə oluna bilməz”. Göründüyü kimi, əsasən preventiv xarakterli olduğu üçün inzibati xəta qanunvericiliyində analogiyadan, yəni genişləndirici təfsirdən istifadəni qadağan edir. Buradan da göründüyü kimi qanunverici maddələrin mətnlərində nəzərdə tutulmayan vəzifələrin, məhdudiyyətlərin qoyulmasını qadağan edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 12620.00 (on iki min altı yüz iyirmi) ABŞ dolları məbləğində vəsaitin 20 (iyirmi) faizi həddində, yəni 2524.00 (iki min beş yüz iyirmi dörd) ABŞ dolları məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2237/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2237/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver