Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-224/2022 14.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş 22 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Seda Çalışkan iş icazəsi olmadan MMC-də layihə rəhbəri vəzifəsində 19.04.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək iş cəlb olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 bildirmişdir ki, Seda Çalışkan onların əməkdaşı olmamış, onlar üçün hər hansı xidmət göstərməmişdir. Seda Çalışkan Azərbaycan Respublikasına başqa şirkətin dəvəti ilə gəlmiş onlarla razılaşması uğurlu olmamışdır. Bundan sonra evdə oturaraq Şəxs MMC-yə kömək edəcəyini bildirmiş, lakin ona uyğun hər hansı layihə olmadığından ona müraciət edilməmişdir. Bundan başqa Seda Çalışkan şirkətin kompüterini götürərək geri qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1isi Tolga Atıcıdır. İş materiallarında olan Seda Çalışkanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə izahatından görünür ki, 15.04.2021-ci il tarixdə Şəxs MMC-nin dəvəti ilə Azərbaycan Respublikasına gəlmişdir. 19.04.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək Şəxs MMC-də layihə rəhbəri vəzifəsində işləmişdir. Aylıq vəzifə maaşı 2000 ABŞ dolları təşkil etmiş lakin onun əməkhaqqı ödənilməmiş və işdən çıxarılmışdır. Bir aydır “X6” şirkətində işləyir. Onun burada müvəqqəti yaşamaq və işləmək icazəsi yoxdur. Şəxs MMC tərəfindən bu barədə hər hansı addım atılmamışdır. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, 23.08.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan vətəndaş Türkiyə Respublikasının vətəndaşı X9 DİN-in 102 xidmətinə zəng edərək və Səbail RPİ-nin 41-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, Səbail rayonu A.Abbaszadə küçəsində icarə əsasında işlətdiyi ofisdə işləyən Səda Çalışkan adlı memar qadını işdən azad etməsinə baxmayaraq özünə məxsus olan “HP” markalı noutbook onda qalmış və həmin noutbooku ondan istəyən zaman geri qaytarmamış və onun mühafizəçisi olduğunu deyən Tural adlı şəxs onu telefonda hədələmiş, ofisə gələrək onu və işçilərini narahat etmişdir. Araşdırma zamanı Türkiyə Respublikasının vətəndaşı X9 vermiş olduğu izahatında bildirmişdir ki, 1 ildir ünvan 3 ünvanında yerləşən "xxxx" MMCnin direktoru vəzifəsində işləyir, 2021 -ci ilin aprel ayında layihə rəhbəri kimi işçi lazım olduğu üçün Türkiyədə tanışı vasitəsi ilə ona məsləhət görülmüş Seda Çalışkan adlı qadın ilə danışmış və 15 aprel 2021-ci il tarixdə həmin qadın Bakı şəhərinə gələrək işə başlamışdır.Sonradan işi yaxşı görmədiyi üçün işi verən şirkət onunla işləmək istəmədiyini bildirmişdir.O da Seda xanıma oraya getməməsini və başqa bir dostunun restoran layihəsini çəkməsini demişdir. Lakin Seda həmin işi də yarımçıq qoyub getmişdir. Onun qalması üçün kirayə ev tutmuş və hər ay 400 manat pul vermişdir. 2 ay həmin evin kirayə haqqını verdikdən sonra Seda onunla işləmədiyi üçün kirayə haqqını özü ödəməli idi, lakin həmyerlisi olduğu üçün 15 gün qaldığı 250 manat kirayə haqqının da ödənilməsini öz öhtəsinə götürmüşdür.Bundan sonra dostlarından xahiş edərək onu oteldə yerləşdirmiş və 420 manat xərcini də ödəmişdir.Oteldə olan zaman ona zəng edərək özünə məxsus olan kompyuteri gətirməsini xahiş etmiş, lakin Seda kompyuteri gətirməmiş və ona şər ataraq guya ofisdə ona sillə ilə vuraraq qovmasını bildirmişdir. Sonuncu dəfə 30.07.2021-ci il tarixdə Sedanı “Consul” otelə yerləşdirdikdən sonra onu görməmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.013-cü maddəsinə əsasən iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazədir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən: 51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 51.4. İş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs bu Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən Aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur: Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara; Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara; diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə; beynəlxalq təşkilatlarda işləyənlərə; beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə; müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə; Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə; kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə; dənizçilərə; ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professormüəllim heyətinə və mühazirəçilərə; incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara; dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara; xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə; Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə; Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun; qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə; İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə; himayəsində 18 yaşına çatmamış və ya İ dərəcə əlilliyi olan Azərbaycan Respublikasının vətəndaşlarına; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə. Məhkəmə qeyd edir ki, göründüyü kimi Seda Çalışkan Şəxs MMC-də əmək fəaliyyətinə cəlb edilməzdən əvvəl Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 63.2ci maddəsinə əsasən onun üçün cəmiyyət tərəfindən iş icazəsi alınmamışdır. X8 üçün iş icazəsinin alınmasını istisna edən və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsində əks olunmuş hallar yoxdur. Bu səbəbdən də Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə prosesində Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 578.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15000 (on beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakım Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-224/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-224/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver