Məhkəmə qərarları › İş №3(004)-2244/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2244/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2244/2021 07.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 oğlunun Bakı şəhər X6 İdarəsinin 18.04.2021-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 Bakı şəhər X6 İdarəsinin 18.04.2021-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, tərtib edilən inzibati xəta haqqında protokol və onun əsasında çıxarılmış qərar qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən inzibati xətanın vətəndaş X3 tərəfindən törədilməsi faktı inzibati işdəki faktlarla sübut edilmir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Bakı şəhər X6 İdarəsinin 18.04.2021-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər X6 İdarəsinin 18.04.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 17.04.2021-ci il tarixdə Tibilisi prospekti ərazisi yaxınlığında tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarının tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər X6 İdarəsinin 18.04.2021-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X3 17.04.2021-ci il tarixdə tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarının tələblərini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X3 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X5 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər X6 İdarəsinin 18.04.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər X6 İdarəsinin 18.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar