Məhkəmə qərarları › İş №3(004)-2250/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2250/2021

23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2250/2021 23.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, Müdafiəçi: X4 iştirakı ilə, xx.xx.1976-cı ildə Ermənistan Respublikası Sisiyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2800/2020 saylı, 16.10.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər həftənin şənbə günü saat 10:00-dan saat 19:00-dək 22 dekabr 2014-cü il təvəllüdlü X7 və 29 may 2016-cı il təvəllüdlü X5 ilə anaları X1 iştirakı olmadan ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. Borclu Şəxs 28 avqust 2021-ci il tarixdə oğlu 29 may 2016-cı il təvəllüdlü X2 götürmüş və hal-hazıradək uşağı anasına qaytarmamışdır. İcra məmuru uşağı anasına qaytarmağı dəfələrlə tələb etsə də, icra məmurunun tələblərini də yerinə yetirməmişdir. Bununla da borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon icra və Probasiya şöbəsinin icra məmuru tərəfindən 23.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o heç bir inzibati xəta törətməmişdir. Özünü təqsirli bilmir. Belə ki, məhkəmə qərardadına əsasən ona uşaqları ilə görüş hüququ verilmişdir. Böyük uşağı Şahhüseynli Türkan görüşdən sonra anasına qaytarmış, lakin balaca uşağı olan 4 yaşlı Şahhüseynli Nurlan anasına qayıtmaq istəməmişdir. Çünki anası uşağa qarşı şiddət göstərmiş, uşağı döymüş, hətta bu barədə polis orqanlarında işlər də mövcuddur. uşaq anasına qayıtmaq istəmir, buna görə də uşağı qaytarmamışdır. uşaq hazırda Sumqayıt şəhərində olan qaldığı evdədir, bacısının yanındadır. Bacısı onkoloji xəstədir, əməliyyat olunmuşdur, evdə dolana bilir, amma çölə çıxa bilmir, bu səbəbdən də məhkəmənin verdiyi vaxt ərzində bacısı uşağı məhkəməyə gətirə bilməz. Bundan əlavə məhkəmə qərardadında ona görüşmək hüququ verilmişdir. Qərardadda onun üzərinə uşağı qaytarmaq vəzifəsi qoyulmamışdır, buna görə də uşağı qaytarmamağa görə məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) X6 bildirdi ki, o məhkəmə qərardadı ilə üzərinə düşən vəzifələri yerinə yetirir, uşaqları Nurlan və Türkanın ataları Şəxs ilə görüşməsini təmin etmək üçün uşağı atalarına təhfil verir. əvvəllər də Şəxs uşaqlardan balaca oğlu Nurlanı qaçırmaq istəmiş, görüşdən sonra qaytarmaq istəməmişdir, bu səbəbdən də bir az problemlər yaranmışdır. Lakin sonradan o yenə də uşaqları ilə atalarının görüşməsini təmin etmişdir. Sonuncu dəfə görüşdə 28.08.2021-ci il tarixdə saat 10:00-da Yasamal rayonu Musabəyov parkında Nurlanı atası Rəhmana veriblər, Nurlanın üzərində heç bir xəsarətlər olmamışdır. Həmin günü saat 19:00-da uşağı qaytarmalı olsa da, qaytarmamışdır. Dəfələrlə icraçılar zəng etsələr də uşağı qaytarmaq istəməmişdir. Bu günədək də uşağı qaytarmamışdır. Bəhanə edir ki, guya anası uşağı döyür, lakin belə bir şeylər olmamışdır, özündən qoşur bunları. Hay küy salaraq, məhkəmə qərarına hörmətsiz yanaşaraq, özünü yalandan xəstəliyə vuraraq səhərdən icra şöbəsində Uşağın başına nə iş gəlib, 28.08.2021-ci il tarixdən bu yana heç bir xəbəri yoxdur. Ana kimi çox narahatdır. Məhkəmə də vaxt verməsinə bayxmayaraq uşağı gətirməmişdir, bəhanə edir ki, bacısı gətirə bilmir. Göstərilənlərə əsasən Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etdi. Yasamal Rayonu İcra Şöbəsinin icra məmuru Abiyev Emil məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu Şəxs məhkəmə qərarının icrasına hörmətsiz yanaşır, bəhanələrlə uşağı qaytarmaqdan imtina edir. Bir neçə dəfə uşatlarla atasının görüş hüququ Bakı şəhərinin müxtəlif parklarında şənbə günləri təşkil edilmişdir. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2800/2020 saylı, 16.10.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər həftənin şənbə günü saat 10:00-dan saat 19:00-dək 22 dekabr 2014-cü il təvəllüdlü X7 və 29 may 2016-cı il təvəllüdlü X5 ilə anaları X1 iştirakı olmadan ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. Sonuncu dəfə borclu Şəxs 28 avqust 2021-ci il tarixdə oğlu 29 may 2016-cı il təvəllüdlü X2 götürmüş və hal-hazıradək uşağı anasına qaytarmamışdır. Uşağı anasına qaytarmaq dəfələrlə tələb edilsə də, icra məmurunun tələblərini də yerinə yetirməmişdir. Hətta bu məsələ barədə icra şöbəsinin rəisinin qəbuluna da dəvət edilmiş, rəisin qəbulunda olarkən də uşağı qaytarmalı olduğu ona izah edilmiş, söz vermşidir ki, uşağı qaytaracaq, lakin rəisin yanından gedəndən sonra sözünə əməl etməmiş, telefonlara cavab verməmişdir. Hazırda da müxtəlif bəhanələrlə uşağı qaytarmaqdan imtina edir. Bundan sonra icra şöbəsinə dəfələrlə dəvət edilsə də, icra şöbəsinə də gəlməmişdir. Buna görə də onun icra şöbəsinə məcburi gətirilməsinə dair məhkəməyə təqdimat verilmişdir və yalnız bu təqdimata baxılması ilə əlaqədar məhkəmənin binasına gəlmiş, binada icra məmurları tərəfindən aşkar edildiyi üçün, icra şöbəsinə dəvət edilmişdir. icra şöbəsində də özünü aqressiv aparmış, halının pis olmasını göstərmiş, xəstəliyinin olmasını, xəstəxanaya getmək istədiyini, bununla da icradan yayınmaq istəmiş, bu səbəbdən də təcili tibbi yardım çağırılmış, ona tibbi yardım göstərilmişdir. Tibbi işçiləri tərəfindən arayış verilmişdir ki, səhhətində heç bir problem yoxdur. İcra şöbəsində ona qayğı ilə yanaşılmış, 2 saata qədər şərait yaradılmışdır ki, icra şöbəsində yatsın, özünə gəlsin. Həmçinin səhər saat 11:00-dan icra şöbəsindədir və həmin vaxtdan da hazırkı vaxtadək, artıq iş vaxtının sonuna yaxınlaşır, ona təklif edilmişdir ki, uşağı gətirib anasına qaytarsın, bundan sonra onun barəsində heç bir tədbir görülməyəcəkdir, əks halda barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib ediləcəyi barədə xəbərdar edilmişdir. lakin icra məmurunun bu təklifini də yerinə yetirməmşidir, bəhanə etmişdir ki, uşaq Sumqayıtdadır, uzaqdadır. Halbuki, bir neçə saatdan sox vaxtı olmuşdur, görünür ki, məqsədi uşağı qaytarmamaq, icra sənədini icra etməməkdir, icra şöbəsindən yayınmaq istəmişdir. Məhkəmə tərəfindən də bu işə baxılarkən kifayət qədər ona imkan yaradılmışdır ki, uşağın aqytarsın, lakin məhkəmənin də təklifinə məhəl qoymamışdır, bəhanə edib, uşağı qaytarmamışdır. Həmçinin bəhanə edir ki, məhkəmə qərarında uşağı anasına qaytarmaq vəzifəsi qoyulmamışdır. Bununla bağlı borcluya izah edilmişdir ki, məhkəmə qərarına əsasən uşaqla saat 10:00-dan 19:00dək görüşmək hüququ verilmişdir. Həmin vaxt müddətində uşağı anasından götürdüyü üçün, saat 19:00-dan sonra onun uşağı ilə görüşməsinə hüquq verilmədiyi üçün, uşağı həmin saatdan sonra anasına qaytarmalı olması ona izah edilmişdir. Bununla da üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. İcra şöbəsinin iş rejimini də bü gün pozmuşdur. Ona görə də borclu barəsində protokol tərtib edilib, məhkəməyə təqdim edilmişdir, protokolu müdafiə edərək, inzibati tənbeh verilməsini xahiş etdi. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2800/2020 saylı, 16.10.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər həftənin şənbə günü saat 10:00-dan saat 19:00-dək 22 dekabr 2014-cü il təvəllüdlü X7 və 29 may 2016-cı il təvəllüdlü X5 ilə anaları X1 iştirakı olmadan ünsiyyətdə olmaq vaxtı müəyyən edilməsi qət olunmuşdur. İcra məmuru tərəfindən 06.11.2020-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan 28 avqust 2021-ci il tarixli aktın surətindən görünür ki, icra tədbirlərini təmin etmək məqsədi ilə, tərəflərin razılığı əsasında Yasamal rayonu ərazisində yerləşən Musabəyov parkı adlı məkanda görüş yeri təyin olundu, hər iki tərəf saat 10:00da görüş yerinə gəldilər və heç bir qanun pozuntusu olmadan cavabdeh T.Şahhüseynli tərəfindən övladı N.Şahhüseynli atasına təhvil verildi. Təhvil verilən zaman N.Şahhüseynlinin heç bir xəsarəti və ya travması olması barədə Şəxs tərəfdən məlumat verilmədi. Əlavə olaraq bildirildi ki, görüş müddətində, yəni saat 19:00-da Şəxs tərəfindən övladı N.Şahhüseynlinin hər hansı travma, xəsarət və zədə alması ilə bağlı nə icra şöbəsinə, nə icra məmuruna, nə də cavabdehə belə bununla bağlı heç bir məlumat daxil olmamışdır. Daha sonra icra vərəqəsində göstərilən saatda, yəni 19:00-da Şəxs uşağı qaytarmadığını və uşağın gəlmək istəmədiyini bəhanə gətirərək məhkəmə qərarının və eləcə də, icra məmurunun qanuni tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, onunla dəfələrlə telefon əlaqəsi yaradılaraq (***-***-**-**) ona qanununun tələblərini və məsuliyyəti barədə izah olunsada, buna heç bir əhəmiyyət vermiyərək onun və uşağın yeri barədə dəfələrlə soruşulsada, cavabdeh yayınaraq yeri barədə məlumat verməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin “icra məmurunun çağırışı ilə gəlməkdən yayınan şəxsin məcburi gətirilməsi haqqında” təqdimata əsasən xx.xx.1976-cı il tarixində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Yasamal rayon İcra Şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin məhkəmə borclunun izahatında bildirdiyi xüsusata, yəni məhkəmə qərardadında onun üzərinə uşağın saat 19:00-dan sonra anasına qaytarmaq barədə vəzifə qoyulmadığını, buna görə də uşağı qaytarmamaqla heç bir xəta törətməməsi barədə məsələ ilə əlaqədar qeyd edilir ki, məhkəmə qərardadına əsasən ataya uşaqla ünsiyyət hüququ saat 10:00-dan saat 19:00-dək verilmişdir. Həmçinin həmin qərardaddan da görünür ki, tərəflər arasında mübahisə olduğu üçün, öz aralarında mübahisə həll edilə bilmədiyi üçün, məhkəməyə müraciət edilmiş və məhkəmə qərardadına əsasən əgər ünsiyyət ata üçün müəyyən edilibsə, bu zaman sübuta ehtiyacı olmayan hal kimi qərarddan bəlli olan nəticə budur ki, uşaq ananın yanındadır və ana saat 10:00-da uşağı ataya təhfil verməli, saat 19:00-dək ata uşaqla ünsiyyətdə ola bilər. Saat 19:00-da atanın ünsiyyət vaxtı bitdiyi üçün, tərəflər saat 10:00-dan əvvəlki vəziyyəti bərpa etməlidirlər. Yəni saat 19:00-da uşaq artıq saat 10:00-dək kimin yanında qalırdısa, saat 19:00-dan sonra da həmin şəxsin yanında, hazırkı halda isə ananın yanında qalmalıdır. Bununla də həmin qərardadın icrası dedikdə, qərardadın icrası ilə əlaqədar tərəflərin hərəkətləri dedikdə, həmçinin icra məmurunun həmin icra sənədinin icrası ilə əlaqədar tələbləri dedikdə, tərəflərin həmin qərarın icrası ilə bağlı hüquq və vəzifələri bundan ibarətdir ki, qərardadın icrası ilə əlaqədar ananın vəzifəsi kimi uşağı saat 10:00-da atasına verməlidir, atanın hüququ kimi saat 19:00-dək ata uşaqla ünsiyyətdə olmalı və bu saatdan sonra, həmin qərardada əsasən atanın həmin qərardadın icrasındakı vəzifəsi kimi uşağı anaya qaytarmalıdır. İcra mərunun uşağı anasına qaytarmağı atasından tələb etməsi qanunidir. Bununla da saat 19:00-dan sonra ata uşağı anasına qaytarmadığı üçün, icra məmurunun bu barədə tələblərini yerinə yetirmədiyi üçün və bunu bilərəkdən etdiyi üçün, hər hansı bir üzürlü səbəb olmadığı üçün, ata icra sənədinin üzrsüz səbəbdən icra edilməmişdir. Həmçinin məhkəmədə müəyyən edildi ki, saat 11:00-dan icra şöbəsində Rəhman Şahhüsenliyə təklif edilmişdir ki, uşağı qaytarsın, lakin hazırda işə baxıldığı saat 16:00-dək uşağı qaytarmaq üçün kifayət qədər vaxtı olsa da, həmin vaxtda uşağın Sumqayıtdan Bakı şəhərinə gətirilməsi vaxt etibarilə mümkün olsa da, bunu etməmişdir. Həmçinin məhkəmədə də tərəfə saat 13:30-dan imkan yaradılmışdır ki, uşağı qaytarsın, lakin işə baxıldığı hazırkı vaxtadək qaytarmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, borclu icra sənədini icra etməməklə bağlı, yəni uşağı qaytarmamaqla bağlı qeyd edir ki, məhkəmə qərardadında onun üzərinə uşağı qaytarmamaq vəzifəsi qoymamışdır qoymamışdır. Borclunun bu dəlilinin əsassız olmasına isə yuxarıda qiymət verilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, məhkəmə qərardadını uşaqla bağlı olduğunu, bu cür icra sənədini icra etməməklə uşağın mənafelərinin pozulduğunu nəzərə alaraq, borcluya işə baxılanadək icra məmurları və məhkəmə tərəfindən yaradılan imkandan istifadə etməməsini, icra sənədini icra etməməkdəki dəlillərinin əsassız olmasını, nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 23.09.2021-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Yasamal Rayon İcra Şöbəsinə və Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar