Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2260/2020 08.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi ilə, Bakı şəhəri BPİ DYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək,Bakı şəhəri BPİ DYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X5 Yol patrul xidməti baş inspektor polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərarla guya o, “Kia Rio” markalı, **-NZ-*** dövlət nömrə nişanlı avtomobillə inzibati xəta törətmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bildirir ki, o, Akademik H.Əliyev və K.Rəhimov küçələrinin kəsişməsində işıqforun sağa yaşıl işıq olmasını görərək sağa istiqamətlənmişdir. Sağa döndükdən sonra qabaqda tıxac olması səbəbindən avtomobili dayandırma həddinə çatdırmışdır. Bu zaman Yol patrul xidmətinin əməkdaşı onu saxlatdıraraq qayda pozduğunu bildirdirmişdir. O, Yol patrul xidməti əməkdaşına heç bir qayda pozuntusu etmədiyini və sağa dönmə üçün yaşıl işıq yandığı üçün sağa istiqamətləndiyini söyləmişdir. Yol patrul xidməti əməkdaşı sənədlərini kobud surətdə tələb edərək özünü təqdim etmədən barəsində TP ******* nömrəli qərar tərtib edərək imza etməyini bildirmişdir. O isə “qərardan razı deyləm” yazaraq imza etmişdir. Halbu ki, qərarla razı olmadığı halda 10 gün ərzində protokolun düzgünlüyü araşdırılmalı və protokolun düzgün və ya qanunsuz tərtib edilməsi məsələsi aydınlaşdırlmalı olduğu halda dərhal barəsində TP ******* saylı qərar qəbul edilərək ona təqdim edilmişdir. Protokol tərtib edilməli olduğu halda, qərar qəbul edilmiş və qərar düzgün tərtib edilməmişdir. Belə ki, qərarda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Yəni qərarla müəyyən deyil ki, o, svetoforun qırmızı işığında keçmiş və ya manevr qaydalarını pozmuş və ya “Giriş qadağandır” nişanının tələblərini pozmuşdur. Halbu ki, qanunvericilik inzibati qərarda bu halların qeyd edilməsini imperativ qaydada nəzərdə tutmuşdur. Odur ki, inzibati xətanı törətmədiyi halda barəsində tərtib edilmiş TP ******* saylı qərarı qanunsuz hesab edir. Hətta protokolla razı olmadığı halda qərarın qəbul edilməsi 10 gün müddətində araşdırılaraq verilməli olduğu halda dərhal eyni tarixli qərarı qəbul edib onun üstünə atılması qanunvericiliyin kobud surətdə pozuntusu kimi qiymətləndirilməlidir. Bundan başqa həmin ərazidə Təhlükəsiz şəhər kameraları mövcuddur, həmin görüntüləri əldə etməklə inzibati qaydanı pozmadığı bəlli olar. Göstərilənlərə əsasən Bakı şəhəri BPİ DYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi E.E.Aslanov məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri BPİ DYPİ isə nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri BPİ DYPİ-nin xx xxxxxxxx 2020ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, E.E.Aslanov həmin tarixdə saat 13:23-də “Kia Rio” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Akademik H.Əliyev və K.Rəhimov küçələrinin kəsişməsində svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Ona görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, E.E.Aslanov xx xxxxxxxx 2020-ci il tarixdə saat 13:23-də “Kia Rio” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Akademik H.Əliyev və K.Rəhimov küçələrinin kəsişməsində svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Qeyd olunan qayda pozuntusu YPX əməkdaşı tərəfindən bilavasitə qeydə alınmış, həmin nəqliyyat vasitəsi YPX əməkdaşı tərəfindən saxlanılmış və sürücü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, E.E.Aslanovun əməli düzgün olaraq Bakı şəhəri BPİ DYPİ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbinin pozuntusu kimi qiymətləndirilərək onun barəsində 60 manat məbləğində inzibati cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri BPİ DYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan E.E.Aslanovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri BPİ DYPİ-nin xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-2260/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2260/2020
08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver