Məhkəmə qərarları › İş №3(004)-2262/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2262/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2262/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində etibarnamə əsasında idarə etdiyi **-CS-*** dövlət qeydiyyat nömrə nişanlı “Mitsubishi Pajero” minik markalı nəqliyyat vasitəsində M.Müşfiq küçəsində hərəkətdə olan zaman **-YO-*** nömrəli YPX avtomobili ona saxla əmri vermişdir. Avtomobili tam yolsuzluq avtomobili olduğundan üzərinə yaşayış yerlərindən kənarda istifadə olunmaq üçün projektor quraşdırmışdır. YPX inspektoru polis baş leytenantı X6 İXM-nin 342.2.2-ci maddəsini rəhbər tutaraq onun barəsində protokol tərtib etmişdir. İXM-nin 73-cü maddəsinin 8-ci bəndinə əsasən yaşayış yerlərindən kənarda projektor və yayıcı işıqlardan istifadəyə icazə verilir. Projektor işıqlarından harda və necə istifadə etməsi ilə bağlı videogörüntü də təqdim edə bilər. Məhkəmə iclasında iştirak edən X4 şikayətinə uyğun izahat verərək, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, sözügedən qurğu avtomobilin üzərində olmamışdır, o, özü sonradan quraşdırmışdır. Lakin həmin projektoru yalnız yaşayış yerlərindən kənarda istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X3 verilmiş şikayətə etiraz edərək bildirmişdir ki, avtomobilə əlavə avadanlığın quraşdırılması onun istifadə edilib-edilməməsindən asılı olmayaraq inzibati xəta tərkibi yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özü də etiraf etmişdir ki, həmin avadanlıq avtomobilin üzərində zavod istehsalı olmamışdır, o, özü sonradan quraşdırmışdır. Buna görə də qəbul edilmiş qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2025-ci il tarixdə saat 16:41 radələrində “Mitsubishi Pajero” minik markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal ərazisində “avtomobildə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldığına” görə İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş (barəsində inzibari xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqdim etdiyi) fotoşəkilə məhkəmə iclasında baxış keçirilən zaman Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarında qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Eyni zamanda şikayətçi məhkəməyə təqdim etdiyi şikayətində, həmçinin məhkəmə iclasında idarə etdiyi avtomobilində əlavə avadanlıq olan projektorun quraşdırıldığını bildirdiyindən ona törədilməsi istinad edilən AR İXM-in 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini özü də təsdiq etmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanununun 73-cü maddəsinin 8ci bəndinə əsasən Projektor-faradan və axtarıcı-faradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avtomobilin üzərinə avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə tətbiq edilir. Digər tərəfdən iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokoldan görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla və digər iş materialları ilə müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi özü də məhkəmə iclasında etiraf etmişdir ki, avtomobilin üzərinə qeyd edilən avadanlığı o özü quraşdırmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXMin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar