Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2276/2021 24.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 02.09.2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 02.09.2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində 20.08.2021-ci il tarixli MN0688397 saylı inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl bir neçə gün əvvəl (təqribən 17.08.2021-ci il tarixdə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 telefonla (050- 602-03-93) zəng edilərək, işçilərin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi daşıdığı deyilmişdir. O da təcili icbari sığorta müqaviləsinin bağlanmasını təmin etmişdir. Ona 2 gün sonra sığorta müqaviləsi üzrə ödənişə dair qaimə verilmişdir və o da qaimə üzrə ödəniş etdiyi üçün sığorta müqaviləsi qüvvəyə minmişdir. Bundan sonra 20.08.2021-ci il tarixdə yenidən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 əməkdaşı Aysel Məmmədova zəng edərək onu Müfəttişliyə çağırmış, sığorta müqavilənin hazırdır olduğu təqdirdə sənədlərin tamlığına baxmağı bildirmişdir. O, müfəttişliyə getməmişdən əvvəl artıq sığorta müqavilələri üzrə ödəniş etmişdir və müqavilələr qüvvəyə minmişdir. Müfəttişliyə gedərkən o orada sənədləri göstərək bildirmişdir ki, onun sığorta müqavilələri vardır. Lakin İdarənin əməkdaşları artıq qanunvericiliyin tələblərinə təmin olunması üçün qane olmaq əvəzinə, pis reaksiya vermiş, qərəzlilik göstərmiş və barəsində qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib etmişdirlər. Halbuki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icbari sığorta müqaviləsinin bağlanmasını təmin etmişdir. Müqavilə bağlandıqdan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 tərəfindən 20.08.2021-ci il tarixli MN0688397 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, etirazını bildirərək, artıq mövcud olmayan inzibati xətaya görə protokol tərtib edilməsinin qanunsuz olduğunu və protokolu imzalamayacağını bildirmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 əməkdaşı Aysel Məmmədov qərəzli şəkildə göstərdiyi əsasları qəbul etməmişdir. Bundan sonra 02 sentyabr 2021-ci il tarixli MN1065093 nömrəli İnzibati tənbeh vermə haqqında qərar ilə mənə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 1500 (min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati xəta haqqında protokol və İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud pozulmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Lakin göründüyü kimi müvafiq halda heç bir əlavə araşdırılmaya ehtiyac olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 müəssisəyə gəlmədən, elektron informasiya sistemi vasitəsilə sığorta müqaviləsinin olmamasını aşkar etsədə, lakin kağız varianta protokol tərtib edərək, qərar qəbul etmişdir. İnformasiya sistemində sığorta müqaviləsi olmadığı aşkar olunduğu zaman dərhal inzibati xəta haqqında protokol tərtib edilərək, qərar qəbul edilməmişdir. Əksinə inzibati orqan protokol tərtib etmək əvəzinə əvvəlcədən sığortanın zərurəti barədə ona məlumat vermişdir, o da bu xəbərdarlıq kimi hesab edərək dərhal sığorta müqaviləsinin bağlanmasını təmin etmişdir. Sonradan inzibati orqan protokol tərtib edən zaman isə artıq sığorta müqavilələri mövcud olmuşdur. Bundan başqa inzibati xəta hadisəsinin aşkar olunmasında istifadə edilmiş informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) barədə məlumatları inzibati xəta haqqında qərarda qeyd etməmişdir. Digər mühüm məqam isə tətbiq olunmuş cərimələrin 30 faizi qanunvericiliyə uyğun olaraq qeyd olunan orqanın hesabına keçirilməsidir. Bu qurumun əməkdaşlarında stimul yaradır ki, əsassız və qanunsuz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozaraq, şəxsin təqsirini müəyyən etmədən əsassız inzibati cərimələr tətbiq etsinlər. İnzibati xəta hadisəsi olmadığı, yəni protokol tərtib edilən zaman artıq icbarı sığorta müqavilələri bağlandığı üçün onun əməlində inzibati xəta tərkibi olmadığı üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 02 sentyabr 2021-ci il tarixli MN1065093 nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün bütün əsaslar mövcuddur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMXnin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirmişdir ki, aparılmış araşdırma nəticəsində X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən cəmiyyətin işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olduğu halda işçilərinin icbari sığortlanmasını təmin etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə barəsində 20.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş 02 sentyabr 2021ci il tarixli MN seriyalı ******* nömrəli qərar əsasında isə təqsirli bilinərək ona 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə təyin edilmişdir. Aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı X10 izahat verməkdən və barəsində tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Hazırki inzibati xəta əməli davam edən inzibati xətalar kateqoriyasına aid edilməklə, müvafiq maddənin qeyd hissəsinin məzmununa əsasən şəxs icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmalıdır. Müqavilə qeyd olunan müddətdə bağlanmadığı təqdirdə isə şəxs yenidən təkrarən inzibati məsuliyyətə cəlb edilə bilər. Odur ki, X10 göstərilən xüsusata görə qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddətinin keçmədiyini qeyd edərək, X10 barəsində Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə qəbul edilmiş 02 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın qanuni hesab edilərək dəyişdirilmədən saxlanılmasını və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada (bütün mümkün vasitələrdən istifadə edilməklə, yəni şikayət ərizəsində qeyd etdiyi əlaqə nömrəsinə dəfələrlə sms bildiriş, zənglər edilməsinə baxmayaraq) xəbərdar edilmiş şikayətçi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İştirak etdiyi məhkəmə iclasında X7 vəkili X8 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 20 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X10 AR Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X10 barəsində tərtib etdiyi 02 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat miqdarında inzibati cərimə edilmişdir Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, X10 (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması təmin olunmamışdır. Həmçinin qeyd olunan inzibati xətanın törədilib-törədilməməsi faktının araşdırılması ilə bağlı inzibati araşdırmanın aparılması üçün hüquqi şəxsin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə dəvət olunmasına dair bildiriş məktubu da göndərilmişdir. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı 02 sentyabr 2021-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarından verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı 02 sentyabr 2021-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2276/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2276/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver