Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2289/2022 23.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 05 may 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 05 may 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ona 05 may 2022-ci il tarixində BNA İXM-nin 122-ci maddəsinin tələblərinə zidd olaraq xüsusi texniyi vasitə kimi kamera vasitəsilə İXM-nin 346.1-ci maddəsi ilə cərimə yazılıb. Bakı Nəqliyyat Agentliyinin 05 may 2022-ci il tarixli BNA ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma qaydalarını pozmağa görə 20 (iyirmi) manat məbləğində cərimə olunmuşdur. Cərimənin qəbuluna əsas Bakı Nəqliyyat Agentliyinin 15 aprel 2022-ci il tarixli saat 22:15:11 radələrində Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti M.Rahim küçəsinin kəsişməsində quraşdırılmış kamera görüntüləri əsasında tərtib edilmiş BNA ******* nömrəli protokol olmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda 346.1-ci maddəsində aşkar olunan xətaların foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin-kameraların köməyi ilə aşkar edilməsi halları göstərilməyib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 124.5. Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətam törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qeyd: Bu Məcəllənin 124.5-ci maddəsində “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar" dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür. 124.6. Bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün-olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bu maddələrin tələbindən məlum olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində foto və ya video çəkiliş materilları əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. Burada artıq protokolun tərtibindən yox, inzibati tənbeh vermə haqqında qərarın qəbulunun icra olunması təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və ya 346.2-ci maddələrində göstərilən inzibati xətanı təsdiq edən foto və video materiallar subut növü kimi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsində qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Səyyar kameralar vasitəsi ilə görüntülərin əldə edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və ya 346.2-ci maddələrində göstərilən inzibati xətaların törədilməsində və tövsüfündə istifadə edilməsi qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyasınm prinsipləri göstərilmişdir. Bunlar aşağıdakılardır: 8.1.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2.İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu maddənin tələbindən məlum olur ki, onun təqsirli olmağı barədə şübhələr varsa o, hallar mənim xeyrimə həll edilir. İnzibati xətanın araşdırılması və tətbiqi yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçrilməlidir. Bundan əlavə inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs kimi inzibati məsuliyyətə cəlb edilməyi inzibati xətalar haqqında qanunvericiliyinin analogiya üzrə tətbiqi kimi qəbul edilməməlidir. Bütün yuxarıda qeyd edilənləri rəhbər tutaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş ******* №-li 05 may 2022-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 05 may 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına (qərar qəbul edən BNA-nın dayanma, durma və parklama qaydalarının nizamlanması şöbəsinin müdiri Vüqar Hüseynov) əsasən X5 15.04.2022-ci il tarixdə saat 22:15 radələrində “Hyundai Tucson minik” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu, Mətbuat prospekti və Məmməd Rahim küçələrinin kəsişməsində durma qaydalarını pozduğuna görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, qərar ləğv edilməlidir və iş üzrə icraata xitam verilməlidir. Həmçinin aşağıdakı əsasların hər birinin müstəqil mövcudluğu, yəni əsaslardan digərləri təsdiq olunmasa da belə, həmin əsas qərarın ləğvi üçün kifayət edir. 1) BNA-nın kamerası ölçü funksiyasına malik deyil. Çünki avtomobilin dayanma qadağandır nişanından hansı məsafədə saxlanılmasını ölçmək üçün kameranın ölçü funksiyası olmadığı üçün, fotoşəkillərdə bu barədə qed yoxdur, avtomobil həmin nişandan hansı məsafədə saxlanılması barədə qərarda da bu barədə qeyd yoxdur. Həmin hal hazırkı iş üçün əhəmiyyət kəsb edən haldır. Həmin faktın başqa qaydada aradan qaldırmaq olmur. Hazırkı vəziyyətdə xüsusi texniki vasitə kimi BNA-nın kameralarının göstəriciləri həmin inzibati xətanı təsdiq etmək üçün kifayət etmir. Çünki həmin qərara BNA-nın 2C:A5:9C:7C:E5:88 saylı kamerasının (qərarda göstərilib ki BNA-nın Hikvision DS-2DF82361X-AELW(BNA) saylı) çəkdiyi 4 varinatda fotoşəkil əlavə edilmişdir. kameranın qeydə aldığı fotoşəkildəki məlumatlar: 1) Kameranın nömrəsi, 2) fotoşəkilin qeydə alınma tarixi, 3) vaxtı, 4) avtomobilin dövlət nömrə nişanı 5) İXM-nin maddəsi (346.1), 5) Xətanın yeri qeyd edilmişdir. İXM-nin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. İXM-nin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İXM-nin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Göründüyü kimi xüsusi texniki vasitədən istifadə edilmişdirsə, həmin xəta məhz həmin xüsusi texniki vasitənin göstəriciləri nəzərə alınmalıdır. Lakin hazırkı halda kameraların ölçü funksiyası və göstəricisi olmamışdır. İXM-də radarlar vasitəsilə avtomobilin sürət həddini aşması ilə əlaqədar elektron qərarlar qəbul edilir. Bu cür qərarlarda xüsusi texniki vasitənin özü hər hansı bir kənar müdaxilə olmadan, fiziki şəxs aili olmadan, avtomobilin sürəti texniki vasitənin özü ölçür və qərarı da həmin texniki vasitə elektron qaydada özü qəbul edir. Həmdə əgər inzibati xəta xüsusi texniki vasitələrin göstəriciləri əsasında aparılmalıdırsa, fotoşəkili kamera vasitəsilə, avtomobilin dayandığı yerin isə fiziki şəxsin bilavasitə xəta yerində mexaniki üsulla ölçü aparmaqla həllinə yol verilmir. Çünki İXM-nin tələblərinə əsasən zidiyyətli və şübhəli məqamlar şəxsin xeyrinə həll edilməlidir. 2) Bundan əlavə hazırkı inzibati xəta üzrə birbaşa qərar qəbul edilə bilməsi İXM-də müəyyən edilmişdir. Lakin hazırkı inzibati xəta haqqında qərar İXM-də bunun üçün müəyyən edilmiş qaydada çıxarılan qərar da deyildir. Çünki 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi elektron qərar çıxarılırsa, bu zaman bort-kompüter vasitəsilə tərtib olunmalı idi. Lakin hazırkı qərar bort-kompüter vasitəsilə tərtib olunmamışdır. 3) Bundan əlavə BNA tərəfindən həmin hazırkı inzibati xəta İXM-nin 122-ci maddəsi ilə deyil, İXM-nin 124-cü maddəsi qaydasında aparılmışdırsa da, yenə də İXM-nin tələbləri pozulmuşdur. Çünki belə olduğu təqdirdə məhkəmə aşağıdakılara əsasən hesab edir ki, onda İXM-nin 124-cü maddəsi ilə inzibati xəta üzrə icraat aparılması qaydası pozulmuşdur. Çünki hazırkı iş üzrə hər hansı bir inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Birbaşa inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Hazırkı iş üzrə icraat İXM-nin 124.5-ci maddəsi ilə də aparılmamışdır. Çünki həm İXM-nin 124.5, həm də İXM-nin 124.6-cı maddələrindəki qərarlar yalnız bort-kompüter vasitəsilə tərtib olunmalı idi. Belə olduğu təqdirdə hazırkı inzibati xəta, yuxarıda qeyd edildiyi kimi İXM-nin 124.5, 124.6-cı maddəsində nəzərdə tululmuş qaydada yalnız bort-kompüter vasitəsilə tərtib olunmalı idi. Lakin hazırkı qərar bort-kompüter vasitəsilə tərtib olunmamışdır. Belə olduğu təqdirdə icraat zamanı ilk növbədə inzibati xəta haqqında protokol tərtib edilməliydi, bundan sonra qərar qəbul edilə bilərdi. Çünki İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Lakin göründüyü kimi hazırkı iş üzrə ümumiyyətlə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. 4) Bundan əlavə məhkəmə qeyd edir ki, İXM-nin 122.1-ci maddəsində hansı inzibati xətaların, məhz həmin qaydada aparılması orada qeyd edilmişdir. İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətaların İXM-nin 122.1-ci maddəsi aqydasında icraat aparılması “imperativ” norma kimi müəyyən edilmişdir. Ona görə də həmin maddədə “yalnız” ifadəsinin işlədilməməsi, heç də o demək deyil ki, İXM-dəki digər inzibati xətaları da İXM-nin 122-ci maddəsi qaydasında icraat aparıla bilər. 5) Bütün sadalananlardan əlavə məhkəmə qeyd edir ki, İXM-də inzibati xətalar haqqında işlərə baxılmanın ümumi qaydaları müəyyən edilsə də, lakin, həmin Məcəllədə “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri” xüsusi qaydada, yəni İXM-nin 16-cı fəsli ilə tənzimlənir. Ona görə də “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə” məhz həmin fəsildə göstərilmiş qaydalar çərçivəsində baxılmalıdır. İXM-də həmin qaydalardan fərqli qaydalar müəyyən edilsə də, həmin fərqi qaydaların İXM-nin 16-cı fəslindəki işlər üzrə qüvvəsi yoxdur. Belə olduğu təqdirdə şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati tənbehvermə haqqında qərarlardan, tərəflərin izahatlarından, işin mübahisəsiz halı kimi (qərarından şikayətverən orqanın nümayəndəsi də bu halı qəbul edir, mübahisələndirmir) müəyyən edilir ki, həmin qərarlarda qeyd edilən inzibati xəta, yəni İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərarlar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Yəni həmin inzibati xətalar bilavasitə, yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli şəxsin inzibati xətanın törədildiyi yerdə olmaqla, həmin hadisə yerində bilavasitə aşkar etməmişdir. Həmin inzibati xəta hadisəni aşkar edən şəxsin hadisə yerində olmadan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Beləliklə “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri”ni tənzimləyən İXM-nin 16-cı fəslində, həmin işlərə baxılmasını biri-birindən fərqləndirən aşağıdakı 2 qaydası müəyyən edilmişdir: - Maddə 122. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; - Maddə 124. İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası. Belə olduğu təqdirdə “İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası”ndan bəhs edilən İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Göründüyü kimi şikayətçinin təqsirli bilindiyi və barəsində inzibati tənbeh tətbiq edildiyi İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın “İnzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası”ndan bəhs edilən İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmamışdır. Lakin iş üzrə görünür ki, İXM-nin 122.1-ci maddəsinin müəyyən etdiyi qaydalar pozulmaqla, həmin qaydalardan kənara çıxılmaqla, şəxs barəsində İXM-nin 346.1-ci maddəsi ilə inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İXM-nin 122.1-ci maddəsindəki qaydalarla əldə edilmiş sübut, İXM-nin 346.1-ci maddəsindəki inzibati xətanın törədilib-törədilməməsində şəxsin əlehinə istifadə edilə bilməz. Bununla da şəxs barəsində inzibati tənbehvermə qərarı qəbul edilərkən onun təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. Təqsir qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. Qanunda nəzərdə tutulmamış qaydada şəxsin təqsiri sübuta yetirilə bilməz. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Belə olduğu təqdirdə İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 346.1-ci maddəsi ilə Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 05 may 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2289/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2289/2022
23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver