Məhkəmə qərarları › İş №3(004)-2290/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2290/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2290/2025 08.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Balakən rayonu, Gərəkli ərazi dairəsi, Gərəkli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsində avtomobili qadağan olunmuş yerdə saxladığı üçün polis əməkdaşları ona yaxınlaşıb və gediş-gəlişə maneə yaratdığı üçün avtomobili ordan çəkməsini tələb etmişlər. O, buna məhəl qoymayaraq avtomobili ordan çəkməyəcəyini bildirmiş, polisin tələbinə tabe olmamışdır. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o, polislərin tələblərinə qəsdən tabe olmamışdır, səs küy salaraq ətrafdakı insanların diqqətini cəlb etmiş, ictimai qaydanı pozaraq polis əməkdaşlarının ünvanına da nalayiq ifadələr işlətmişdir. Bununla da o, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin sahə inspektoru X2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsində avtomobili qadağan olunmuş yerdə saxladığı üçün polis əməkdaşları ona yaxınlaşıb və gediş-gəlişə maneə yaratdığı üçün avtomobili ordan çəkməsini tələb etmişlər. Lakin vətəndaş polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Polis əməkdaşları onu onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o, polislərin tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, həqiqətən protokolda qeyd olunan tarixdə və saatda polis əməkdaşları nəqliyyat vasitəsini düzgün yerdə saxlaması barədə ona irad bildirmişlər. Lakin heç özü istəmədən aralarında yüngül mübahisə baş vermişdir. Polis əməkdaşlarını təhqir etməmiş, nalayiq ifadələr işlətməmişdir. Həmçinin o, Vətən müharibəsi veteranıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 08 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 08 aprel 2025-ci il tarixdə 06:30-da inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 08 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmədə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi şəxsin özünün etirafı, 08 aprel 2025ci il tarixli MN seriyalı ******* saylı protokol və toplanmış digər sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini etiraf edərək peşman olmasını, Vətən müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs dərhal zalda tutmadan azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar