Məhkəmə qərarları › İş №3(004)-2294/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2294/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2294/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal RPİ-nin 27-ci PB tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib edilmiş 29 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal RPİ-nin 27-ci PB-dən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 28 sentyabr 2021-ci il tarixdə saat 22:00 radələrində X2 həyətindən dəyəri 20 manat olan bir ədə taxtanı oğurlamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci (xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X6 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində həmin maddənin sanksiyası həddində müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o hal-hazırda heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. 28.09.2021-ci il tarixdə saat 22:00 radələrində Yasamal rayonu K.Kazımzadə küçəsi 118 saylı ünvanda yerləşən X2 həyətindən bir ədəd 3 mert uzunluğunda taxtanı oğurlayıb aparan zaman xəstəxananın mühafizəçi onu saxlamışdır. Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o ünvan 1 ünvanda yerləşən X3 mühafizəçi vəzifəsində xidmət edir. Xəstəxanada təmir işləri getdiyinə görə xəstəxananın həyətinə tikinti materilları yığılmışdır. O da bu səbəbdən mütamadi olaraq xəstəxananın həyətini gəzərək mühafizə edir. Belə ki, 28.09.2021-ci il tarixində saat 22:00 radələrində xəstəxananın həyətini növbəti dəfə gəzən zaman naməlum şəxsin əlində taxta apardığını gördüyü üçün, ona yaxınlaşmış və onun əlindən oğurladığı taxtanı almış və yaxınlıqda xidmət aparan polis əməkdaşlarına məlumat vermişdir. Araşdırma zamanlı müəyyən olmuşdur ki, hadisəni törətmiş şəxs Masallı rayonu Önçəqala kənd sakini Şəxsdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Şəxs tərəfindən taxta oğurlandığı yerdən təxminən 2 metr məsafədə onu saxlayaraq taxtanı əlindən almışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, şahidin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xətanı törətməsi səlahiyyətli orqan tərəfindən sübuta yetirilməmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkib əlamətləri olmadığına görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Masallı rayonu Önçəqala kənd sakini Şəxs 28.09.2021-ci il tarixdə saat 22:00 radələrində Yasamal rayonu K.Kazımzadə küçəsi 118 saylı ünvanda yerləşən X2 həyətindən 20 manat dəyərində bir ədəd 3 metr uzunluğunda taxta tikinti materialının oğurlanması nəticəsində dəymiş maddi ziyanın miqdarı az əhəmiyyətli olduğundan Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkibini yaratmır. Lakin hadisəni törətmiş Şəxs əməlində “xırda talama” inzibati xətanın tərkibi vardır. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 29 sentyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarından eləcədə proses iştirakçılarının ifadələrindən Şəxs X3 xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talaması faktının başa çatdırması öz təsdiqini tapmamış və buna dair mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin dispozisiyasına və qeyd hissəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə, 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda cinayət məsuliyyəti yaradır. Hüquq doktrinasına görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həm cinayət, həm də inzibati qanunvericiliyinə görə talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarət olmaqla törədilməsi üsulundan asılı olaraq oğurluq, dələduzluq, mənimsəmə və israf etmə kimi formaları fərqləndirilir. Qeyd edilən talamanın formaları törədilmə üsulu ilə yanaşı əməlin başa çatma anına görə də fərqləndirilir. Talamanın oğurluq forması maddi tərkibli olmaqla təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan başa çatmış hesab edilir. Cinayət qanunvericiliyindən fərqli olaraq inzibati qanunvericilikdə nəzərdə tutulmuş xətalar, o cümlədən xırda talama az ictimai təhlükəli olduğundan inzibati xətanı törətməyə cəhdə görə məsuliyyət nəzərdə tutulmamışdır. Cinayət və inzibati xətalar qanunvericiliyi preventiv xarakterli olduğundan analogiya üzrə tətbiqinə yol verilmir. İnzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs X1 taxta məmulatı oğurlamaq istəmiş lakin bu zaman Şahid tərəfindən saxlanıldığından götürülmüş əmlak üzərində sərəncam vermə imkanı yaranmadığından xırda talama xətası başa çatmamışdır. Qeyd edildiyi kimi inzibati xətaya cəhdə görə məsuliyyət nəzərdə tutulmamışdır. Təqsirsizlik prezumpsiyasına görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəb və şərait. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən isə inzibati xəta hadisəsi, 53.1.2-ci maddəyə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə həmin hissədə xitam verilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. İş üzrə icraat zamanı inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar