Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2299/2020 28.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlu Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədəAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN № ******* saylı protokola və əlavə edilmiş materialları nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN № ******* saylı protokolda Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinmişdir ona görə ki, xx.xx.2020-ci il tarixdə saat 13:10-da Yasamal rayonu İzmir küçəsi ev 5 yanı ünvanında yerləşən Kafedə epidemiya əleyhinə rejimin, sanitariyagigiyena qaydaları pozularaq 1 metr məsafə qorunmadan bir neçə adamın 1 masa arxasında əyləşməsi müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, pro-tokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar aşağıdakılara əsasən natamam olmuş, protokol səlahiyyətli olmayan şəxs tərəfindən tərtib edilmişdir, iş üzrə kifayət qədər sübut toplanılmamışdır.
1. Təqdim edilmiş materiallar natamam olmuşdur.
Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 Üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş inzibati iş natamam olmaqla 5 sənəddən, - 1 sənəd inzibati xəta haqqında protokoldan, - 1 sənəd fotoşəkildən (fotoşəkildə 1 nəfərin ayaq üstə durduğu görünür, fotoşəkilin çəkildiyi yer müəyyən deyil, həmin fotoşəkilin nə vaxt, hansı şəraitdə çəkilməsi, fotoşəkildəki insanın kim olması, həmin fotoşəkilin hazırkı inzibati iş üzrə hansı əlaqəsi olması müəyyən deyildir), - 1 sənəd hüquqi şəxsin reyestr məlumatlarına dair çıxarışdan, - 1 sənəd xx.xx.2020-ci il tarixli AKT-dan, - 1 sənəd xx.xx.2020-ci il satış çekindən ibarət olmuşdur. İş materialı nəzərdən keçirilərkən qeyd edilən satış çekinin, fotoşəkilin tərtib edilmiş inzibati xəta haqqında protokola nə kimi aidiyyətinin olması müəyyən etmək mümkün deyil və protokolda buna dair müvafiq qeydiyyat aparılmamışdır. Bir ədəd ümumi sözlərlə yazılmış protokol, kassa çeki və qeyri müəyyən fotoşəkillə işə baxmaq mümkün deyildir. Protokolda MMC-nin qanun pozuntusuna yol vermiş hər hansı bir əməkdaşının adı da qeyd edilməmişdir ki, həmin əməkdaşın törətdiyi pozuntunun hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olub-olmamasını yoxlamaq olsun.
2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hüquqları pozulmaqla, protokol düzgün tərtib olunmamışdır.
Belə ki, iş materiallarından görünür ki, protokol tərtib edilməzdən əvvəl - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və ya nümayəndəsinə hüquqi şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş; - protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş, bu barədə ona hər hansı bir bildiriş göndərilməmiş, çünki iş materialları ilə belə bir məlumat müəyyən edilmir; - hüquqları və vəzifələri izah edilməmiş; - dəvət olunaraq izahat vermək, o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmişdir, bu hüquqları təmin edilməmişdir.
İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli AKT-da qeyd edilmişdir ki, MMC-nin rəhbəri və səlahiyyətli nümayəndəsinə məlumat verilmiş və protokol və digər sənədlərin çatdırılması təmin ediləcəkdir. Lakin çatdırılmanı sübut edən hər hansı bir sənəd təqdim edilməmişdir. Bununla da protokol tərtib etmiş şəxs öz vəzifələrini bitmiş hesab edərək, protokol tərtib edib məhkəməyə göndərmişdir. Halbuki, iş üzrə hüquqi şəxsin nümayəndəsi müəyyən edilməmiş, nümayəndənin soyadı, adı, atasının adı protokolda ümumiyyətlə göstərilməmiş, səlahiyyətlərini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Nəzərə alınmamışdır ki, ixtiyari bir şəxs hüquqi şəxsin nümayəndəsi ola bilməz, hətta işçisi də nümayəndəsi ola bilməz. Kimlərin hüquqi şəxsin nümayəndəsi ola bilməsi, nümayəndənin səlahiyyətlərinin hansı qaydada təsdiq edilməsi İXM-nin 64-cü maddəsi ilə müəyyən edilmişdir. Bununla da ümumiyyətlə nümayəndə müəyyən edilməmişdir. Çünki İXM-nin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. İXM-nin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə baxılmalı olsa da, protokol tərtib etmiş səlahiyyətli orqan, həmin nümayəndənin müəyyən edilməsi, ona protokol tərtib edilməzdən əvvəl bildiriş göndərilməsi, protokol tərtib edilməzdən əvvəl səlahiyyətli orqanda iştirakının təmin edilməsi üçün hər hansı bir tədbir görməsinə dair iş materiallarına heç bir sübut əlavə etməmişdir.
Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.
3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş şəxslər tərəfindən törədilən inzibati xəta protokolda göstərilməmişdir. Protokolda göstərilən inzibati xəta hadisəsinin hüquqi şəxsin xeyrinə olması və ya onun maraqlarının qorunması üçün törədilməsi barədə ümumiyyətlə əsaslandırma aparılmamışdır. Fotoşəkildəki görüntünün hüquqi şəxsə aidiyyətini təsdiq edən sübut işə əlavə edilməmişdir.
Belə ki, İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması inzibati xəta kimi müəyyən edilmişdir və həmin xətaya görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti müəyyən edilmişdir. Normanın dispozotiv şərtlərindən göründüyü kimi xətanın subyekti 1) ümumi əsaslarla inzibati məsuliyyətə cəlb edilə bilən hər hansı fiziki şəxs, 2) vəzifəli şəxslər, 3) hüquqi şəxslər ola bilər. Xətanın obyektiv cəhəti epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasıdır. Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəyə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.4-cü maddəyə əsasən Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.0.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. 18.6-cı maddəyə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 18.7-ci maddəyə əsasən həmin Məcəllənin 18.2ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Hüquq nəzəriyyəsinə görə “hüquqi şəxsin törətdiyi inzibati xəta”, “hüquqi şəxsin əməlində inzibati xəta tərkibi” deyildikdə, yalnız hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fəaliyyət göstərmiş konkret fiziki şəxslərin inzibati xəta törətməsindən, onların əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasından söhbət gedə bilər. İnzibati xətalar qanunvericiliyinin məzmunundan da görünür ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq konkret fiziki şəxslərin törətdiyi inizbati xətalarla əlaqələndirilmişdir. Belə ki, bu əlaqə onunla xarakterizə olunur ki, həmin xəta hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün törədilmiş olmalıdır. İnzibati xətanın hüquqi şəxsin xeyrinə törədilməsi dedikdə, həmin əməllə hüquqi şəxsə fayda gətirmək, onun maddi öhdəliklərini azaltmaq, onun maddi durumunu başqa formada yaxşılaşdırmaq məqsədilə törədilməsi kimi başa düşülür. İnzibati xətanın hüquqi şəxsin maraqlarının qorunması üçün törədilməsi dedikdə isə, inzibati xəta əməlinin hüquqi şəxsin müxtəlif xarakterli mənafelərənin müdafiəsi və təmin olunması məqsədilə törədilmiş olması başa düşülür. Bu cür maraqlar hüquqi şəxsin nəzarət orqanlarının yoxlamalardan kənarda qalmasını təmin etmədə və sair hərəkətlərdə ifadə oluna bilər. Beləliklə qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Lakin qanunvericiliyin tələbinə əsasən belə səlahiyyətlər yalnız hüquqi şəxsin vəzifəli şəxsinə aid olduqda törədilən əməl inzibati qaydada hüquqi nəticələr doğura bilər. Həmçinin qanunvericilik normasının məzmunundan göründüyü kimi, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməklə onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq həmin hüquqi şəxsin rəhbəri və ya başqa işçisi tərəfindən törədilən inzibati xəta ilə bağlıdır. Bu halda xətaya görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiqi, həmin tədbirin tətbiqinə səbəb olmuş eyni xəta ilə bağlı fiziki şəxsin də inzibati məsuliyyətə cəlb edilməsinə istisna edilmir. Bu halda eyni inzibati xəta əməlinin törədilməsindəki rolundan asılı olmayaraq fiziki şəxs qanunda nəzərdə tutulan adi qaydada məsuliyyət daşıyır. Qeyd edilməlidir ki, fiziki şəxsin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarını qorumaq üçün törətdiyi əməl o halda hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər ki, fiziki şəxsin əməlində inzibati xətanın tərkib əlamətəri olsun. Beləliklə, fiziki şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, o cümlədən fiziki şəxs barəsində iş üzrə icraata bəraətverici əsaslara xitam verildikdə, fiziki şəxsin törətdiyi əmələ görə məsuliyyətə cəlbetmə müddətləri keçdikdə hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə hər hansı hüquqi şəxsin məsuliyyətinin yaranması üçün onun müvafiq tələblərə cavab verən vəzifəli şəxsinin və ya işçisinin əməlində həmin xətanın tərkib əlamətləri olmalıdır. Yəni İXM-nin 18-ci maddəsinin tələbinə əsasən əgər hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilirsə, bu zaman ilk növbədə həmin hüquqi şəxsin İXM-nin 18.2-ci maddəsində göstərilən vəzifəli şəxsi və ya işçisinin (fiziki şəxs və ya vəzifəli şəxsin) törətdikləri inzibati xətaya görə, həm də həmin xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi müəyyən edildikdə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Ümumiyyətlə isə işçi və ya vəzifəli şəxsin adı, soyadı, atasının adı, fərdi identifikasiya kodu olmalıdır, həmin şəxs işçi və ya vəzifəli şəxs sayılması üçün hüquqi şəxslə əmək müqaviləsinin olması vacib şərdir. Araşdırılmalı olan bu halların heç biri protokol tərtib edən səlahiyyətli orqan tərəfindən müəyyən edilməyib, protokolda və əlavə edilmiş materiallarda bu barədə hər hansı bir məlumat əlavə edilməmişdir. Ümumiyətlə protokol tərtib etmiş səlahiyyətli orqan həmin halların araşdırması üçün hər hansı bir hərəkət etməsi, buna cəhd etməsi iş materialları ilə müəyyən edilmir. Təqdim edilmiş materiallar onu deməyə əsas verir ki, protokol tərtib etmiş şəxs həmin inzibati material üzrə öz işlərini yalnız qeyri müəyyən fotoşəkil çəkmək, kassa çeki əldə etməklə kifayətləniblər. Hesab edilib ki, bütün inzibati araşdırmanı məhkəmə aparmalıdır, sübutları məhkəmə toplamalıdır, şəxsin təqsirliliyini məhkəmə müəyyən etməlidir. Bununla da protokol tərtib etmiş səlahiyyətli şəxs öz vəzifələrini məhkəmənin üzərinə atmaqla öz işini bitmiş hesab etmişdir. Halbuki, qeyd edilən məsələləri araşdırmaq inzibati xəta haqqında işlər üzrə protokol tərtib edilənədək, səlahiyyətli orqanın vəzifələri kimi İXM-də müəyyən edilmişdir. Hazırki işin hallarından isə görünür ki, məhkəməyə təqdim edilmiş protokolda iddia edilən inzibati xəta hadisəsinin Şəxs MMC-yə məxsus Yasamal rayonu İzmir küçəsi ev 5də yerləşən Kafedə aşkar edilməsi göstərilmişdir. İşə yalnız bir ədəd çek və qeyri müəyyən fotoşəkil əlavə edilmişdir. Həmin fotoşəkildəki görüntünün xx.xx.2020-ci il tarixdə Şəxs MMC-yə məxsus kafedə çəkilməsi müəyyən deyil. Həmçinin protokol və ona əlavə edilmiş materialda obyektdə törədilmiş xətaya görə Cəmiyyətin məsuliyyətinin müəyyən edilməsi üçün hansı hüquqi əsas olması, Cəmiyyətin hansı vəzifəli şəxsi və ya vəzifəli şəxsin nəzarət etməli olduğu işçisi tərəfindən, həmçinin məhz hansı işçisi (soyadı, adı, atasının adı) tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulması və ya pozuntunun qarşısının alınmamasının hansı hərəkətlərdə ifadə olunması qeyd edilməmiş və buna dair mötəbər sübut işə əlavə edilməmişdir. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X1 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sübutların kifayət qədər toplanmadığı təqdirdə işin məhkəmə baxışına verilməsi, son nəticədə məhkəmənin sübut toplamaq imkanı olmadığı üçün işə düzgün və vaxtında baxılmasında çətinliklər yaranacaqdır. Həmçinin şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Bu İXM ilə qadağan edilmişdir.
4. İnzibati xəta haqqında protokol səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 4.3-cü bəndinə görə həmin Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Fərmanının 5.6-2-ci bəndinə görə isə həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin baxmaq səlahiyyətinin olması müəyyən edilmişdir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6-cı bəndinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi adından Məcəllənin 211-ci maddəsi ilə (sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinlərinin baxmaq səlahiyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Qeyd hissəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslər inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Azərbaycan Respublikası İXM-nin 99.2-ci maddəsinə görə isə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olan məlumatlara iş üzrə icraat başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlər üzrə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıya əsasən həmin işlərə baxmaq səlahiyyəti müəyyən edilmiş vəzifəli şəxslər (Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri və onların müavinləri) İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə hüquqi şəxs barəsində protokol tərtib edərək baxılmaq üçün məhkəməyə göndərilməlidir. Hazırki işin hallarından isə görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 Üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol idarənin buna səlahiyyəti olmayan əməkdaşları, yəni Baş idarənin Operativ vergi nəzarəti idarəsinin dövlət vergi müfəttişi X2 tərəfindən tərtib edilmişdir.
Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ:
İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər qərardadda nöqsanların aradan qaldırılması və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hüquqlarının təmin edilməsiüçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə geri qaytarılsın.
Hakim Rauf Daşdəmirov