Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2305/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, dalan 6, ev 3-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə 30.09.2021-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol (tərtib edən inspektor Xəyal Mürşüdlü) tərtib edilmişdir. Protokolda Şəxs törətdiyi əməl kimi göstərilmişdir ki, o, 29.09.2021-ci il tarixdə C.Cabbarlı 19 ünvanında xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamışdır. Lakin məhkəmə baxışının nəticəsində şəxsin həmin inzibati xətanın törədilməsində təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında heç bir inzibati xəta törətmədiyini, 29.09.2021-ci il tarixdə kafedə o, və 2 dostu ilə yemək yediklərini, orada olarkən dostunun əlinin kafedəki heykələ dəydiyini, heykəlin sındığını, buna görə də kafenin ofisiantı ilə dostu arasında söz mübahisəsi olduğunu, onun isə dostu ilə ofisiantı sakitləşdirdiyini, dostunu kafedən çıxardıb, kafeyə qayıdıb kafedəki yeməklərinin hesabını verdiyini, bu zaman polis əməkdaşları ora gələrək onu, dostlarını polis bölməsinə gətirdiklərini, bölmədə də hər hansı bir inzibati xəta törətmədiyini, lakin buna baxmayaraq bir dostunu oradan azad etdiklərini, lakin onu və hündürboylu dostu Elşən Cəfərovu məhkəməyə gətirdiklərini bildirdi. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə inspektoru Xəyal Mürşüdlü məhkəməyə verdiyi izahatında bildirdi ki, ünvan 1 ünvanında yaşayan vətəndaş X8 30.09.2021-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 29.09.2021-ci il tarixdə işlədiyi ünvan 2 ünvanda yerləşən “Aist Karaoke” klubunda işdə olduğu zaman 3 nəfər müştəridən biri dekorasiya olan heykəli sındırmışdır. Bundan sonra həmin masada əyləşənlərin hesabının 92 manat olduğunu bildirildikdə, hündürboy olan şəxs bara yaxınlaşaraq nalayiq ifadələr səsləndirdikdən sonra qırdığı heykəlin hissələrini yenidən masaya vurmuş və barı təpikləməyə başlamışdır. X4 müraciəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və hadisəni törətmiş X12 barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinə əsasən tədbir görülməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Beləliklə protokol tərtib etmiş şəxs bildirdi ki, həmin protoklu cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27-ci PB-nin təhqiqatçısı S.Əkbərlinin 30.09.2021ci il tarixli qərarı əsasında tərtib etmişdir. Belə olduğu təqdirdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30.09.2021-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan vətəndaş X8 30.09.2021-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 29.09.2021-ci il tarixdə işlədiyi ünvan 3 ünvanda yerləşən “Aist Karaoke” klubunda işdə olduğu zaman 3 nəfər müştəridən biri dekorasiya olan heykəli sındırmışdır. Bundan sonra həmin masada əyləşənlərin hesabının 92 manat olduğunu bildirildikdə, hündürboy olan şəxs bara yaxınlaşaraq nalayiq ifadələr səsləndirdikdən sonra qırdığı heykəlin hissələrini yenidən masaya vurmuş və barı təpikləməyə başlamışdır. Araşdırma zamanı izahatı alınmış X8 ərizəsində bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. Araşdırma zamanı izahatı alınmış X5 bildirmişdir ki, 29.09.2021-ci il tarixdə saat 22:00 radələrində ünvan 3 ünvanda yerləşən “Aist Karaoke” klubuna qonaq kimi gəlib. Bir müddət orada əyləşdikdən sonra oraya müştəri qismində gələn 3 nəfər şəxsdən biri dekorativ heykəli sındırıb. Bu zaman barda işləyən xanım ora gələrək heykəlin qırıqlarını yığışdırıb. Daha sonra hesab verilən zaman həmin masada mübahisə yaranmış və hündürboy olan şəxs bara yaxınlaşıb təkrar heykəli masaya vuraraq barı təpikləmişdir. Sonra həmin restorana polis əməkdaşları gəldikdə həmin şəxslər polislə mübahisə etməyə və polis əməkdaşlarının dediklərinə əməl etməməyə başlayıblar. Araşdırma zamanı izahatı alınmış X1 Yelena Yevgeyevna və X2 bildirdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Beləliklə, X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, X12 barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati icraat açılaraq, həmin şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Ona görə qərara alınmışdır ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X4 müraciəti əsasında toplanmış təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti məlumat üçün ərizəçi X6 göndərilmiş, əməli törətmiş X12 barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokurorluğuna göndərilməsi, material saxlanmasından ötrü Yasamal RPİ-nin 27-ci PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Bununla da göründüyü kimi 29.09.2021-ci il tarixdə işlədiyi ünvan 3 ünvanda yerləşən “Aist Karaoke” klubunda işdə olduğu zaman 3 nəfər müştəridən biri dekorasiya olan heykəli sındırması nəticəsində baş vermiş mübahisə ilə əlaqədar məsələ araşdırılmış və məsələyə qiymət verilərək, həmin mübahisə zamanı yalnız X10 əməlində İXM-in 510 və 535.1-ci maddəsinin tərkibi olduğu qeyd edilmişdir. həmin qərarda Şəxs hər hansı bir pozuntuya yol verdiyi öz əksini tapmamışdır. Belə oldutu təqdirdə əgər hazırkı inzibati xəta haqqında protokol qeyd edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında tərtib edildiyindən, həmin qərara əsasən Şəxs qeyd edilən maddələrlə təqsirliliyi sübuta yetirilmir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bundan əlavə yuxarıda qeyd edilən protokolda törədilmiş hadisə barədə yalnız göstərilmişdir ki, 29.09.2021-ci il tarixdə C.Cabbarlı 19 ünvanında xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da məhz hansı hərəkətlərin İXM-nin 510, 535.1-ci maddəsində qeyd edilən inzibati xətaya səbəb olduğu qeyd edilməmişdir. Sadəcə həmin maddələrin İXM-də qeyd edilmiş dispozisiyaları qeyd edilmişdir. İş materiallarındakı 29.09.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 00:35 radələrində tutulmuşdur. Halbuki, İXM-in 115.1.4-cü maddəsinə əsasən işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. Həmçinin İXM-in 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə işə baxarkən protokolda qeyd edilən əməlin (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Konkret əməl (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) protokolda göstərilmədiyi üçün, məhkəmə səlahiyyətli orqan tərəfindən müəyyən edilməmiş əmələ görə şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz. Səlahiyyətli orqanın protokol tərtib edərkən, şəxsin bu və ya digər hər hansı bir dəqiq göstərilməyən qeyri-müəyyən əməli törətməsini nəzərdə tutmasını məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, protokolda konkret inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibini yaradan əməl qeyd edilmədiyindən, şəxsin törətdiyi inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilmədən, inzibati xəta haqqında protokolda göstərilməyən hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-in inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Protokolda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması protokolda öz əksini tapmalıdır. Konkret göstərilməyən, dəqiqləşdirilməmiş əməlin düzgün olub-olmamasını yoxlamaq da mümkünsüzdür. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə tərtib edilmiş protokolla şəxsin təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli (hərəkət və ya hərəkətsizlik) qeyd edilməmişdir, onun məhz hansı əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması qeyd edilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2305/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2305/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver