Məhkəmə qərarları › İş №3(004)-231/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-231/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-231/2021 07.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 10 avqust 1982-ci il tarixdə Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 dekabr 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, 24.12.2020-ci il tarixdə saat 07 radələrində tam ayıq vəziyyətdə rəsmi iş yerinə gedərkən hansısa qayda pozuntusu törətmədiyinə baxmayaraq, DYP əməkdaşları onu heç bir qanuni əsas olmadan saxlamış, hansısa qaydanı pozub-pozmaması ilə bağlı məlumat vermədən, sərxoş olduğunu ehtimal etdiklərini və bunu özlərində olan texniki vasitə ilə yoxlayacaqlarını bildirmişlər. O əvvəlcə içkili olmadığını, həmçinin hansısa qaydanı pozmadığını təkidlə bildirmiş, ardından isə həmin qurğunun standartlara cavab verməsini təsdiq edən sertifikatı göstərmələrini xahiş etmişdir. DYP əməkdaşları xahişi üzrə heç bir sənəd təqdim edə bilmədiklərini deyərək, ondan qurğuya nəfəs verməyini tələb etmişlər. O DYP əməkdaşlarının tələbinə tabe olaraq, ümumiyyətlə spirtli içki istifadəçisi olmadığını bildirib, sərxoş olmadığını sübut etmək üçün qurğuya nəfəs vermişdir. Bu zaman DYP əməkdaşı texniki vasitənin müayinə nəticəsi barədə göstəricisinə əsasən onun sərxoş olduğunu bildirib, müvafiq protokol tərtib etmişlər. O isə razı olmadığını bildirmişdir. DYP əməkdaşları protokolun baxılması üçün məhkəməyə göndərəcəklərini və etirazını məhkəmədə deməyini tövsiyə etmişlər. O bir daha onlara sərxoşluq vəziyyətinin müayinəsinin düzgün aparılmadığını, xüsusi texniki vasitənin müayinə nəticəsi ilə razı olmadığını, bu səbəbdən də, onlardan onun müvafiq ixtisaslı həkim müayinəsindən keçməyini təmin etmələrini xahiş etsə də, əhəmiyyət verilmədmişdir. Bundan sonra o dərhal, öz təşəbbüsü ilə Səhiyyə nazirliyinin Respublika narkoloji mərkəzinə gedərək, tibbi müayinədən keçmiş və tam ayıq olduğu həkim rəyi ilə təsdiq edilmişdir. Yekun olaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 25.12.2020-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 dekabr 2020-ci il tarixdə, saat 07:06 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə hərəkətdə olarkən avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sərxoşluq Vəziyyətinin Müayinə etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* saylı protokoldan görünür ki, tarix və zaman qeyd edilmədiyi bir vaxtda müayinə edilmiş xx.xx.1982-ci il təvəllüdlü Şəxs sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. İş materiallarında olan “AE” seriyalı 711946 nömrəli sürücülük vəsiqəsinindən görünür ki, Şəxs 19.11.2024-cü il tarixədək sürücülük hüququ vardır. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 24.12.2020-ci il tarixli 2/13836 nömrəli akta əsasən Şəxs həmin tarixdə, saat 13:10-da ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2021ci il tarixli 3(004)-231/2021 nömrəli qərarından müəyyən edilir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli 3(103)-663/2021 nömrəli qərarına əsasən şikayət qismən təmin edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraat materialları hərtərəfli, tam və obyektiv araşdırılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. 2.7. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. İXM-in: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Lakin hazırkı iş üzrə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 24 dekabr 2020-ci il tarixdə saat 07:06-da “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilmiş və nəticədə onun sərxoş olması müəyyən olunmuşdur. Lakin protokol tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bundan əlavə həmin protokolun tərtib edilmə vaxtı göstərilməmişdir. Bu səbəbdəndə məhkəmə həmin protokolu sübut kimi qiymətləndirmir. Şəxs tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən əldə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinə aktında isə onun sərxoş olmadığı müəyyən edilir ki, məhkəmə həmin aktı sübut kimi qiymətləndirir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində İXM-in 333.1-ci maddəsinin tərkibi olmadığından, barəsində tərtib edilmiş 25 dekabr 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar