Məhkəmə qərarları › İş №3(004)-2310/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2310/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2310/2024 02.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Universal” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 2 may 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin sahə inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, DYP şöbəsində olan zaman Şəxs özünü aqresiv apararaq polis əməkdaşlarına qarşı nalayıq ifadələr işlətmiş, polis əməkdaşları onu dəfələrlə polisin qanuni tələbinə tabe olmağa dəvət etsələr də o, buna məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirərək onlara qarşı müqavimət göstərib polisin qanuni tələbinə tabe olmamışdır. Odur ki, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhər BPİ-nin X6 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru X2 bildirmişdir ki, vətəndaş Şəxs Bakı şəhər DYPİ-nin inzibati binasında olarkən ondan taksi fəaliyyəti ilə məşğul olma barədə sənədləri təqdim etməsi tələb olunmuş, o isə sənədləri təqdim etməkdən boyun qaçırmışdır. Buna əsasən onun barəsində İXM-in 322-ci maddəsinin tələbinə uyğun olaraq protokol tərtib edilmişdir. Bu zaman Şəxs DYPİ-nin inzibati binasının daxilində hay-küy salaraq iş prosesinə mane olmuş, özbaşına oranı tərk etməyə cəhd göstərmişdir. Şəxs dəfələrlə intizama dəvət etsələr də o, buna məhəl qoymayaraq polisin qanuni tələbinə qarşı gələrək tabesizlik göstərmişdir. Buna görə də Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğuldur. Onun idarə etdiyi **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış və ona bildirilib ki, onlarla birlikdə Bakı şəhər BDYPİ-nə getməlidir. Oraya gələndə ona bildirmişlər ki, sərnişinlərdən biri ondan şikayətçidir. Səbəbini soruşduqda ona bildirmişlər ki, guya o, sərnişinlə kobud rəftar edərək onu təhqir etmişdir. Bütün bunlar yalan və böhtandır. O, heç bir sərnişini təhqir etməmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda verilmiş suala cavab olaraq bildirmişdir ki, polis idarəsində olarkən polisə müqavimət göstərməmişdir, sadəcə olaraq onun barəsində haqsız protokol tərtib edildiyinə görə əsbələşmiş və yüksək səslə danışmışdır. Məhkəmə iclasında iştirak edən “Universal” Vəkil Bürosunun vəkili Vəkil müdafiəçisi olduğu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş 2 may 2024-cü il tarixli MN seriyalı ******* saylı protokola etiraz edərək, bildirmişdir ki, Şəxs də ifadəsindən göründüyü kimi o, polis əməkdaşlarına qarşı hər hansı nalayiq ifadədən istifadə etməmiş və onlara qarşı müqavimət göstərməmişdir. Digər tərəfdən bildirmişdir ki, Şəxs əməllərində İXM-nin tərkib əlamətlərinin olması öz təsdiqin tapmır. Bununla bağlı hər hansı sübut təqdim olunmamışdır. Buna görə də müdafiəçisi olduğu Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 may 2024-cü il tarixdən saat 18:55-dən tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 02 may 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, polis əməkdaşları özlərinin qanuni vəzifələrindən irəli gələrək Şəxs taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməsi ilə bağlı müvafiq sənədininin olub-olmadığını soruşmuş, Şəxs isə bununla bağlı qanuni tələbə, həmçinin polis şöbəsində olan zaman törətdiyi qeyri qanuni əməllərə (özünü aqressiv apararaq onlara qarşı nalayıq ifadələr işlətməsinə) son qoyulması ilə bağlı ona edilmiş qanuni tələbə qəsdən tabe olmamışdır (əməl etməmişdir). “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 01 may 2024-cü il tarixdən saat 18:55dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 535-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 01 may 2024-cü il tarixdən, saat 18:55-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı çıxarmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar