Məhkəmə qərarları › İş №3(004)-2327/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2327/2021

15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2327/2021 15.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı Nəqliyyat Agentliyinin 08.09.2021-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 Bakı Nəqliyyat Agentliyinin 08.09.2021-ci il tarixli, BNA ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən çıxarılmış 08.09.2021-ci il tarixli, BNA ******* saylı İnzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 08.09.2021-ci il tarixində saat 07:35 radələrində Nizami rayonu, Q.Qarayev prospekti, Neftçilər metrostansiyasının yaxınlığında 99SJ625 dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı minik avtomobilinə İXM-nin 346.1 maddəsi ilə BNA1705120 nömrəli protokol tərtib edilmişdir. Qeyd olunan ərazidə heç bir qadağaedici nişanın olmadığından və protokol müşahidə kamerası vasitəsilə aşkar olunaraq tərtib olunduğundan həmin protokolun ləğv edilməsi barədə 10.09.2021-ci il tarixində BNA rəhbərliyinə elektron müraciət etmişdir. 11.09.2021-ci il tarixində isə yazılı məktub ünvanlamışdır. Lakin 21.09.2021 -ci il tarixində BNA tərəfindən İXM-nin 124.5-ci və 124.6-cı maddələrinə əsas tutaraq protokolun düzgün tərtib olunduğu barədə ona elektron məktub göndərilmişdir. Həmin ərazidə dayanma və ya durmanı qadağanedici heç bir nişan yoxdur və xüsusi nəqliyyat vasitələri üçün ayrılmış zolaqdan kənarda yer olduğundan o, avtomobilini orada saxlamışdır və zolaqda hərəkətdə olan digər nəqliyyat vasitələrinə maneə yaratmırdı. Avtomobilinin digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadığını, eləcə də onların hərəkət istiqamətinin dəyişməsinə səbəb olmadığını, həmin ərazidə dayanma və ya durma qadağanedici nişanın olmadığını və müşahidə kamerası vasitəsilə protokolun tərtib edildiyini nəzərə alaraq qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi X3 şikayətə etiraz təqdim edərək bildirmişdir ki, X4 idarə etdiyi “Hyundai Elantra” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin 08 sentyabr 2021-ci il tarixdə saat 07:31:55-dən 07:35:32-ə qədər Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti Neftçilər m.st ünvanında 5.9 nişanının təsir dairəsində saxlamışdır. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin İV bəndinə əsasən, 5.9 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Beləliklə, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayətləri əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin 08.09.2021-ci il tarixli, BNA ******* saylı saylı inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, X4 08.09.2021-ci il tarixində 07:35:32-də dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə-iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, şikayət vermiş X4 öz şikayətini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan fotoşəkillərdən aydın olur ki, X4 tərəfindən 08.09.2021-ci il tarixdə 07:35 radələrində Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti Neftçilər metro stansiyası istiqamətində nəqliyyat vasitəsinin dayanması halı müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Həmin Qanunun 48-ci maddəsinin İV bəndinə əsasən, 5.9 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Hazırkı halda, X4 qeyd olunan ərazidə heç bir qadağaedici nişanın olmadığından bildirsə də, iş materilları ilə sübuta yetirilir ki, X4 idarə etdiyi “Hyundai Elantra” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin 08 sentyabr 2021-ci il tarixdə saat 07:31:55-dən 07:35:32-ə qədər Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti Neftçilər m.st ünvanında 5.9 nişanının təsir dairəsində saxlamışdır. Qanunvericiliyin yuxarıda qeyd edilən normaları ilə isə “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin İV bəndinə əsasən, 5.9 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağan edilmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı Nəqliyyat Agentliyinin 08.09.2021-ci il tarixli, BNA ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı Nəqliyyat Agentliyinin 08.09.2021-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar