Məhkəmə qərarları › İş №3(004)-234/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-234/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-234/2023 10.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X3, zərərçəkmiş şəxs (tələbkar) X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan olan X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, R.R.Səfərov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4494/2021 saylı icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən R.R.Səfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru A.R.Əyyubov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4494/2021 saylı icra sənədinə əsasən borclu R.R.Səfərovdan 138000 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq zərərçəkmiş (tələbkar) X4 ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Hazırda borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununla da, borclu R.R.Səfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən borclu R.R.Səfərov barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs R.R.Səfərov öz izahatında bildirmişdir ki, o, heç bir əmlakının olmamağı səbəbdən və maddi vəziyyətinin ağır olması səbəbindən borcu ödəyə bilmir. Belə ki, onun özü də aldadılmışdır və bunun nəticəsində belə bir vəziyyət yaranmışdır. Göstərilən hallarını nəzərə alınaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) A.İ.Əliyeva öz izahatında bildirmişdir ki, o yalnız icra sənədinin icra edilməsində maraqlıdır, borclunun vədlərinə artıq inanmır. Borclu R.R.Səfərov tərəfindən ona hissə-hissə ödəniş edilməsini qəbul etmir və icra sənədinin tam həcmdə icra olunmasını istəyir. Göstərilən halları nəzərə alınaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, R.R.Səfərovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4494/2021 saylı icra sənədinə əsasən borclu R.R.Səfərovdan 138000 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq zərərçəkmiş (tələbkar) X4 ödənilməlidir. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin R.R.Səfərova ünvanladığı xx.xx.2022-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4494/2021 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün ona xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. Təqdim edilmiş materiallar məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-4494/2021 saylı icra sənədinə əsasən borclu R.R.Səfərovdan 138000 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq zərərçəkmiş (tələbkar) X4 ödənilməlidir. Qeyd edilən icra sənədin icrası ilə əlaqədar Yasamal rayon İcra şöbəsi tərəfindən borclu R.R.Səfərova tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq o, icra sənədini icra etməmiş və izahatında bildirmişdir ki, işsizliyi ilə əlaqədar ödəniş edə bilməmişdir. İcra sənədi üzrə R.R.Səfərov tərəfindən heç bir ödəniş edilməmişdir. Məhkəmə hesab edir ki, borclu R.R.Səfərovun yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manat dollarıdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə R.R.Səfərovun barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə R.R.Səfərovun törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 10 yanvar 2023-cü il tarixdən saat 11:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 10 yanvar 2023-cü il tarixdən saat 11:00-dan hesablansın. X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar