Məhkəmə qərarları › İş №3(004)-234/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-234/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-234/2024 25.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi - X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin baş əmək müfəttişi Xalidə Bayramova tərəfindən tərtib edilmiş 25 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material idarənin rəisi Rüfət Əliyev tərəfindən qəbul edilmiş eyni tarixli 25 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərardada əsasən aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən vətəndaş Şahid1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanının etibarnamə üzrə nümayəndəsi X2 izahatında inzibati xəta haqqında protokolu müdafiə etdi və bildirdi ki, vətəndaş Şahid1 Xidmətə daxil olan müraciətinə əsasən müvafiq araşdırma aparılmışdır. Şikayətçinin tələbi onun qanunsuz olaraq işdən azad edilməsi ilə bağlı olmuşdur. Araşdırma zərurəti ilə əlaqədar olaraq barəsində şikayət verilən şirkətdən sənədlər tələb edilmişdir. Şirkət tərəfindən Xidmətə təqdim edilmiş müvafiq sənədlərdən, yəni əmək müqaviləsinin bağlanması ilə bağlı elektron informasiya sisteminə yerləşdirilmiş bildirişdən, işə götürmə haqqında əmrdən, iş davamiyyətinə dair tabel cədvəlindən, eləcə də şikayətçinin izahatından müəyyən edilmişdir ki, o, 03 aprel 2023-cü il tarixdə şirkətdə işlərin yerinə yetirilməsinə cəlb edilməsinə, əmrlə həmin tarixdən işə götürülməsinə baxmayaraq onun bağlanmış əmək müqaviləsinə dair bildiriş 04 aprel 2023-cü il tarixdə elektron informasiya sisteminə yerləşdirilmişdir. Bununla da, toplanmış sübutlar əsasında Şahid1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi və İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi müəyyən edilmişdir. Qeyd olunan xüsusatları Şahid1 Xidmətə ünvanladığı izahatında təsdiq etmişdir. Qeyd olunan hal Şəxs MMC tərəfindən verilən tabel cədvəli ilə də öz təsdiqini tapır. Göstərilənlərə əsasən Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, Şahid1 işlərin yerinə yetirilməsinə faktiki olaraq xx.xx.2023-cü il tarixdən cəlb edilmişdir. Şəxs MMC-nin baş mühasibi Şahid2 işlərin ağırlığı səbəbindən texniki səhvə yol vermiş, tabel cədvəlində, eləcə də işə götürülməsi ilə bağlı digər rəsmiləşdirmə sənədlərindən xx.xx.2023-cü il tarixi əvəzinə xx.xx.2023-cü il yazmışdır. Sənədləşdirilməyə baxmayaraq o, faktiki olaraq da xx.xx.2023-cü il tarixdə işə başlamışdır. Hətta işçiyə bu səbəbdən iki gün artıq əmək haqqı ödənilmişdir. Buna görə də Şəxs MMC tərəfindən baş mühasibə töhmət verilmişdir. Nümayəndə2 göstərilənlərə əsasən hüquqlarını müdafiə etdiyi hüquqi şəxsin əməlində hər hansı bir xəta tərkibinin əlamətlərinin olmadığını, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 25 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara əsasən bildirir ki, hətta işçi işə gəlmədiyi günlərə görə ona əmək haqqı ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, əvvəlcə eyni parkda fəaliyyət göstərən digər abadlıq şirkətində işləmişdir. Daha sonra "xxxx" MMC-də işə başlamışdır. İşlərin görülməsinə faktiki olaraq xx.xx.2023-cü il tarixdən başlamışdır. Verilmiş suallara əsasən bildirir ki, sənədlərdə onun işə çıxması xx.xx.2023cü il tarix qeyd olunmasına baxmayaraq, real olaraq 05 apreldə işə başlamışdır. Əmək haqqını isə xx.xx.2023-cü il tarixdən hesablanmaqla almışdır. Xidmətə ünvanlandığı şikayət ərizəsi və izahatında şirkətə əsəbi olduğundan, eləcə də qolundan xəsarət aldığı üçün 05 aprel əvəzinə 03 apreldə işə başlamasını bildirmişdir. Məhkəmədən hazırda verdiyi izahatın sübut olaraq qəbul edilməsini xahiş edir. Hazırda şirkət barədə şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəxs MMC-nin baş mühasibi Şahid2 ifadəsində göstərdi ki, Şahid1 işlərin görülməsinə xx.xx.2023-cü il tarixdən cəlb edilmişdir. Sadəcə həmin zaman iş yükünün ağırlığı səbəbindən texniki xətaya yol vermiş, tabel cədvəlində, eləcə də digər sənədlərdə işə başlama tarixi xx.xx.2023-cü il qeyd etmişdir. Buna görə də ona işəgötürən tərəfindən töhmət verilmişdir. Texniki yanlışlığa yol verdiyini etiraf edir. Belə ki, qeyd olunan dövrdə 21 nəfər işçi götürülmüş, o, mühasibatlıq və kadr məsələlərini birlikdə icra etdiyindən qarışıqlıq yaranmış və ehtiyatsızlıqda hazırkı texniki yanlışlığa yol vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Çağrı Mərkəzinə 30 avqust 2023-cü il tarixdə saat 11:13-də edilmiş müraciət vərəqəsindən müəyyən edilir ki, Şahid1 müraciətində Şəxs MMC-dən qanunsuz olaraq işdən çıxarılmağını bildirmişdir. İş materiallarında olan Şahid1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı izahatında göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə Şəxs MMC-də nəzarətçi vəzifəsinə işə cəlb edilmiş 17 avqust 2023-cü il tarixdə isə işdən azad olunmuşdur. Lakin 25 iyun 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək qolunun sınması səbəbindən əmək qabiliyyətini müvəqqəti itirmiş və buna görə həmin müddət ərzində işə çıxa bilməmişdir. 13 iyul 2023cü il tarixdə əmək qabiliyyəti bərpa olunduqdan sonra işə yenidən davam etmişdir. Lakin iyul ayının sonunda Şəxs MMC-nin meneceri ondan işdən çıxması ilə bağlı ərizə yazmasını tələb etmiş, yazmayacağı təqdirdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcəyini bildirmişdir. Daha sonra ona Şəxs MMC tərəfindən aralarındakı razılaşmaya əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək evdə müalicəsini davam etdirməsi ilə bağlı razılıq verilmişdir. xx.xx.2023-cü il tarixdə işə qayıdan zaman onu işə qəbul etməmişlər və onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyini bildirmişlər. O, əmək müqaviləsinə qanunsuz olaraq Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin araşdırılmasını, əmək kitabçasının ona təhvil verilməsini və Şəxs MMC tərəfindən ona vurulan maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2023xx.xx.2023-cü il dövr üzrə Şahid1 əmək haqqı ödənilmişdir. İş materiallarında olan Şəxs MMC-nin aprel ayı üzrə iş vaxtının cədvəli hesabatından müəyyən edilir ki, Şahid1 işə çıxma vaxtı, yəni ilk iş günü xx.xx.2023-cü il, ay ərzində iş günlərinin sayı isə 23 gün göstərilmişdir. İş materiallarında olan Şahid1 Şəxs MMC-yə ünvanlanmış ərizəsindən müəyyən edilir ki, o, xx.xx.2023-cü il tarixdən nəzarətçi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 23/0402K nömrəli əmrdən müəyyən edilir ki, Şahid1 xx.xx.2023-cü il tarixdən 1 ay sınaq müddəti ilə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsində müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə işəgötürən "xxxx" Group MMC ilə Şahid1 arasında balanmışdır. İş materiallarında olan “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqavilə bildirişi”dən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bildirişi xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 23/0701D nömrəli əmrin məzmunundan müəyyən edilir ki, həmin tarixdən etibarən nəzarətçi vəzifəsində işləyən Şahid1 əmək haqqı məbləği artırılmış və buna dair dəyişikliyin elektron bildirişdə qeydə alınması qərara alınmışdır. İş materiallarında olan “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən müəyyən edilir ki, əmək haqqı 669 manat müəyyən edilmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli əmrdən müəyyən edilir ki, Şahid1 ilə bağlanmış 61P65T3000200 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 23/104 nömrəli intizam məsuliyyətə cəlb edilməsinə dair əmrdən müəyyən edilir ki, Şəxs MMC-də baş mühasib vəzifəsində işləyən Şahid2 xx.xx.2023-cü il tarixdə işə başlayan işçiyə xx.xx.2023-cü il tarixdən əmək haqqı hesablayaraq vəzifə və öhdəliklərinin tələbini kobud şəkildə pozmuşdur. Qeyd olunan hal nəzərə alınaraq baş mühasib Şahid2 töhmət verilmişdir. İş materiallarında olan Şahid2 izahatından müəyyən edilir ki, o,izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şahid1 iş görüşməsinə gəlmiş, xx.xx.2023-cü il tarixdə isə işə başlamışdır. Lakin yanlışlıqla işçiyə xx.xx.2023-cü il tarixi iş günü kimi qeyd etmiş və iş günlərinə mütənasib olaraq əmək haqqı ödəmişdir. Əslində iş günlərinə görə əmək haqqı xx.xx.2023-cü il tarixdən hesablanmalı idi. Yanlışlığa səbəb iş yükünün çoxluğu olmuşdur. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilir ki, işəgötürən Şəxs MMC ilə işçi Şahid1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bildirişi xx.xx.2023cü il tarixdə elektron informasiya sisteminə yerləşdirilmişdir. Beləliklə, əmək müqaviləsi bildirişi sistemdə yerləşdirildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə hüquqi qüvvəyə minmişdir. Hazırkı işin faktiki hallarında müəyyən edilir ki, Şahid1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsində aparılan araşdırma aparılmış, araşdırma nəticəsində təqdim edilmiş sənədlərdə, yəni tabel cədvəli, əmək haqqı ödənişinə dair bank hesabından çıxarışlardan və s. aşkar edilmişdir ki, sənədlərdə onun xx.xx.2023-cü il tarixdən işlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilmişdir. Qeyd olunan faktla bağlı DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı Şahid1 özünün, elədə də şahidin izahatlarından müəyyən edilmişdir ki, baş mühasib tərəfindən yol verilmiş texniki yanlışlıqla bağlı olaraq işçinin xx.xx.2023-cü il tarixdə işdə olması qeyd olunmasına baxmayaraq, o, faktiki olaraq əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə işlərin yerin yerinə yetirilməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilmişdir. Qeyd olunan nöqsanla bağlı Şəxs MMC-nin müvafiq vəzifəli şəxsi intizam məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsini işin faktiki halları ilə qarşılıqlı təhlil edib, öz daxili inamına əsaslanaraq hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi mötəbər sübut kimi qiymətləndirilməlidir. Hazırkı halda isə sübutetmə vəzifəsi protokol tərtib etmiş orqanın üzərinə düşdüyündən, məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanının nümayəndəsi Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatların əksinə dəlalət edən hər hansı sübut təqdim edə bilməmişdir. İşin hallarından isə göründüyü kimi, protokol tərtib etmiş orqan tərəfindən faktla bağlı ətraflı araşdırma aparılması təmin edilməmiş, yəni işəgötürənin müvafiq vəzifəli şəxsi tərəfindən onun mənafeyi naminə xəta törədilib-törədilməməsi ilə bağlı xüsusatlar araşdırılmamış, işəgötürənin səlahiyyətli nümayəndəsinin başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda iştirakı təmin edilməmiş və xəta ilə bağlı səlahiyyətli nümayəndənin münasibəti öyrənilməmiş, aidiyyəti vəzifəli şəxslərin izahatları alınmamışdır. Yalnız təqdim edilmiş sənədlər və işçinin izahatı əsasından protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərə min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə növündə tənbeh tədbiri təyin edilməklə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 18-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Hüquq nəzəriyyəsinə görə hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Hüquq nəzəriyyəsinə görə “hüquqi şəxsin törətdiyi inzibati xəta”, “hüquqi şəxsin əməlində inzibati xəta tərkibi” deyildikdə, yalnız hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fəaliyyət göstərmiş konkret fiziki şəxslərin inzibati xəta törətməsindən, onların əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasından söhbət gedə bilər. İnzibati xətalar qanunvericiliyinin məzmunundan da görünür ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq konkret fiziki şəxslərin törətdiyi inizbati xətalarla əlaqələndirilmişdir. Belə ki, bu əlaqə onunla xarakterizə olunur ki, həmin xəta hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün törədilmiş olmalıdır. İnzibati xətanın hüquqi şəxsin xeyrinə törədilməsi dedikdə, həmin əməllə hüquqi şəxsə fayda gətirmək, onun maddi öhdəliklərini azaltmaq, onun maddi durumunu başqa formada yaxşılaşdırmaq məqsədilə törədilməsi kimi başa düşülür. İnzibati xətanın hüquqi şəxsin maraqlarının qorunması üçün törədilməsi dedikdə isə, inzibati xəta əməlinin hüquqi şəxsin müxtəlif xarakterli mənafelərənin müdafiəsi və təmin olunması məqsədilə törədilmiş olması başa düşülür. Bu cür maraqlar hüquqi şəxsin nəzarət orqanlarının yoxlamalardan kənarda qalmasını təmin etmədə və sair hərəkətlərdə ifadə oluna bilər. Beləliklə qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Qeyd olunan hallara baxmayaraq hazırkı işin hallarından barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin hər hansı vəzifəli şəxsinin onun mənafeyi naminə hərəkət etməsi öz təsdiqini tapmır. Eləcə də, işin faktiki halları ilə müəyyən edilir ki, Şahid1 onunla bağlanmış əmək müqaviləsinə dair bildiriş xx.xx.2023-cü il tarixdə elektron sistemə yerləşdirilərək hüquqi qüvvəyə mindikdən sonra o, faktiki olaraq xx.xx.2023-cü il tarixdə işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Belə olan halda Şəxs MMC-nin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri yaranmamışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, texniki səhv səbəbindən tabel cədvəlinə xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Qeyd olunan nöqsana yol vermiş Şəxs MMC-nin baş mühasibi intizam məsuliyyətinə cəlb edilərək barəsində töhmət verilmişdir. Həmçinin məhkəmə prosesində iştirak edən Şahid1 öz izahatında bildirmişdir ki, o, işlərin yerinə yetirilməsinə xx.xx.2023-cü il tarixdə cəlb edilmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəyə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən və onun tərəfindən qeyd olunan xətanın törədilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş 25 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş 25 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar