Məhkəmə qərarları › İş №3(004)-2353/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2353/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2353/2025 09.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 27-ci polis şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Tovuz şəhəri, Bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Tovuz rayonu, Bayramlı ərazi dairəsi, Bayramlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş münaqişə zamanı döyərək, dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmidir. Bununla da Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci polis şöbəsinin sahə inspektoru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, təqsirləndirilən və zərərçəkmiş şəxs Yasamal rayoinu ərazisində, “Melisa Park” yaşayış kompleksində birlikdə yaşayıblar. Tez-tez münaqişələri olub. Sonuncu münaqişədən sonra xanım daxili işlər orqanlarına müraciət etmişdir. Şikayət əsasında həmin iş üzrə xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla materiallar şəxsin inzibati məsuliyyət məsələsinin həlli üçün ona verilmişdir. O da həmin materiallar əsasında hazırkı protokolu tərtib etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməməsini bildirərək, göstərdi ki, onlar birlikdə yaşamışlar, hazırda da münasibətləri pis deyil. Aradabir münaqişələri olub, lakin o, Arzuya əl qaldırmamış, onu söyməmişdir heç vaxt. Sonuncu dəfə mübahisə kirayə pulu üstündə düşmüşdür, əksinə Arzu onu vurmuşdur və nalayiq ifadələr onun ünvanına işlətmişdir. Əgər lazım olarsa sübutları məhkəməyə təqdim edə bilər. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, şikayətçidir. Təqsirləndirilən şəxsi görmək istəmir. Mübahisə kirayə puluna görə də düşə bilər, amma Şəxs onu neçə dəfə döymüşdür. Əvvəllər bu hal baş verib, lakin o, polisə şikayət etməyib. Şəxs həmin əməli törətməsi Yasamal RPİ 27-ci polis şöbəsinin təhqiqatçısı Nəsimi Musayevin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarı ilə də təsdiq edilir. Həmin qərarda istinad edilmiş məhkəmə-tibb ekspertizasının 184 nömrəli rəyində Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmək inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini ədalətli hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar