Məhkəmə qərarları › İş №3(004)-236/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-236/2021

12.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-236/2021 12.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı ünvan 1 olan və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 20 ünvanında yerləşən Şəxs MMC (tibbi Klinikası) (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən Şəxs MMC (özəl tibb fəaliyyəti göstərən tibbi Klinikası) barəsində İXM-in 211.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, xx.xx.2021-ci il tarixdə saat 15:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 20 ünvanında yerləşən Şəxs tibbi Klinikasının daxilində lazer otağının qarşısında bir neçə xanımın gözlədiyi aşkar edilmiş, müəyyən edilmişdir ki, lazer aparatı ilə epillyasiya fəaliyyəti həyata keçirilir. Həmin fəaliyyətin həyata keçirilməsinə Pandemiya dövründə icazə verilmədiyindən, bununla da Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar tətbiq edilən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi rejimi qaydalarını pozmuşdur. Bununla da Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi hesab etmişdir ki, Şəxs Klinikası tibb müəssisəsinin daxilində lazer aparatı ilə qadınlara epillyasiya xidmətinin göstərilməsinə Karantin rejimi dövründə icazə verilmədiyindən, həmin hüquqi şəxs tərəfindən İXM-nin 211.1-ci maddəsindəki inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş şəxs Yasamal RPİ 27-ci PB-nin sahə inspektoru X4 bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 15:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 20 ünvanında yerləşən Şəxs tibbi Klinikasının daxilində lazer otağının qarşısında bir neçə xanımın gözlədiyi aşkar edilmişdir. Bununla əlaqədar müəyyən edilmişdir ki, həmin tibb klinikasının daxilində lazer aparatı ilə qadınlara epillyasiya fəaliyyəti həyata keçirilir. Müəssisənin rəhbərliyi bu fəaliyyətin kosmetoloji fəaliyyət olduğunu, həmçinin tibbi fəaliyyət sahəsinə aid olduğunu, həmin kosmetoloji, yəni lazer aparatı ilə epillyasiyanın həyata keçirilməsinə lisenziyalarının olmasını bildirərək, heç bir pozuntu törətmədiklərini bildirmişlər. Lakin Yasamal RPİ 27-ci PB olaraq həmin fəaliyyətin tibbi fəaliyyətə aid olmamasını, lazer aparatı ilə epillyasiya əməliyyatının kosmetoloji fəaliyyət olmadığı, bü əməliyyatın estetika sahəsində fəaliyyət olduğunu hesab edərək, bununla da həmin fəaliyyətin həyata keçirilməsinə Pandemiya dövründə icazə verilmədiyindən,hüquqi şəxs olan Şəxs tibbi Klinikası Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar tətbiq edilən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi rejimi qaydalarını pozmuşdur. Hüquqi şəxs barəsində inzibati tənbehi yalnız məhkəmələr tətbiq etdiyi üçün, buna görə də həmin hüquqi şəxs barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC tibbi Klinikasının nümayəndəsi Vəkil Ağasəməd oğlu bildirdi ki, Şəxs MMC tibbi xidmətlərin göstərilməsi ilə məşğuldur. Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən xx.xx.2016-cı il tarixdə İSN/L- 735/2016 saylı Lisenziya da verilmişdir. Həmin lisenziyada tibbi xidmətlərin göstərilməsinə icazə verilmiş, həmçinin kosmetoloji, dermatoloji, terapiya, fizoterapiya, Şüa diaqnostika və digərləri də daxil olmaqla 19 cür tibbi fəaliyyətə icazə verilmişdir. həmin lisenziyadan da görünür ki, kosmetoloji fəaliyyət tibbi fəaliyyətə aid edilib. Lazer aparatı ilə epillyasiyanın həyata keçirilməsi kosmetoloji fəaliyyətini tibbi fəaliyyət sahəsinə aiddir. Həmçinin həmin fəaliyyəti Şəxs MMC tibbi Klinikasının daxilində həyata keçirilir, Şəxs MMC tibbi Klinikası ilə özəl tibb müəssisəsidir. Yəni tibb müəssisəsinin daxilində lazer aparatı ilə epillyasiya fəaliyyəti həyata keçirilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısının 1.2-ci bəndində xəstəxanaların, poliklinikaların və digər tibb müəssisələri üzrə xidmətlərin göstərilməsinə icazə verilmişdir. Şəxs MMC Klinikası tibbi xidmətlər göstərdiyi üçün, həmçinin Lazer aparatı ilə epillyasiyanın həyata keçirilməsi tibbi fəaliyyətə aid olan kosmetoloji fəaliyyət olduğu üçün, həmin fəaliyyətlə məşğul olmağa Lisenziyanın olduğu üçün, pandemiya dövründə fəaliyyətinə icazə verilən xidmət sahəsi olduğu üçün, Şəxs MMC tibbi Klinikası barəsində tərtib edilmiş protokol əsassızdır, MMC-nin fəaliyyətində porotokollda göstərilən inzibati xətanın tərkibi yoxdur, inzibati xəta hadisəsi də yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mütəxəssis kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X8 nümayəndəsi X3 bildirdi ki, lazer aparatı ilə epillyasiyanın həyata keçirilməsi birbaşa tibbi fəaliyyətdir. Həmin lazerlə insan bədəninə müdaxilə edilir. Həmçinin lazer aparatı ilə epillyasiya fəaliyyəti kosmetoloji fəaliyyət hesab edilir. Kosmetoloji fəaliyyət bir neçə cür ola bilər, tibbi fəaliyyətə aid olmayan kosmetoloji fəaliyyət və tibbi fəaliyyətə aid olan kosmetoloji fəaliyyət. Məsələn makiaj, mini kür, pedikür, saç düzümü və sairən bu kimi kosmetoloji fəaliyyətlər nəticəsində bədənə müdaxilə edilmir. Lakin lazer aparatı ilə epillyasiyanın həyata keçirilməsi tibbi xidmətə aid kosmetoloji fəaliyyət hesab edilir. Bu cür tibbi kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün Lisenziya tələb edilir. Şəxs MMC tibbi fəaliyyətlə məşğul olan müəssisədir. Onun həmin kosmetoloji fəaliyyətlə məşğul olmasına, iş materiallarından da görüntüyü kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə Lisenziya da verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin əməliyyat müvəkkilləri N.Müzəffərli, E.Talıbov və E.Rəsulov tərəfindən tərtib olunmuş raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:45 radələrində inzibati ərazidə xidmətdə olan zaman İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən Şəxs klinikasının qarşısından keçərkən içəridə lazer otağının qarşısında bir neçə xanımın gözlədiyini görüb yaxınlaşdılar və özlərini təqdim edib həmin fəaliyyətin qadağan olduğunu və bunun AR Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarında 3.1 -ci bənddə öz əskini tapdığını bildirdilər və içəridə lazerə gələn işçi və müştəriləri 27-ci PB-nə dəvət etdilər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, İSN/L-735/2016 saylı Lisenziya əsasən Şəxs MMC-yə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 20 ünvanında özəl tibb fəaliyyətini həyata keçirməsi üçün icazə verilmişdir. Həmin lisenziyaya əsasən Şəxs MMC-yə kosmetoloji, dermatoloji, terapiya, fizoterapiya, Şüa diaqnostika və digərləri də daxil olmaqla 19 cür tibbi xidmət göstərməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 206 saylı qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın 2.13.1-ci bəndinə əsasən Kosmetoloji, Dermatoloji fəaliyyət də Özəl tibb fəaliyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısının 1.2-ci bəndində xəstəxanaların, poliklinikaların və digər tibb müəssisələri üzrə xidmətlərin göstərilməsinə icazə verilmişdir. Mütəxəssis kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X8 nümayəndəsi X3 bildirmişdir ki, lazer aparatı ilə epillyasiyanın həyata keçirilməsi birbaşa tibbi fəaliyyətdir. Həmin lazerlə insan bədəninə müdaxilə edilir. Həmçinin lazer aparatı ilə epillyasiya fəaliyyəti kosmetoloji fəaliyyət hesab edilir. Kosmetoloji fəaliyyət bir neçə cür ola bilər, tibbi fəaliyyətə aid olmayan kosmetoloji fəaliyyət və tibbi fəaliyyətə aid olan kosmetoloji fəaliyyət. Lakin lazer aparatı ilə epillyasiyanın həyata keçirilməsi tibbi xidmətə aid kosmetoloji fəaliyyət hesab edilir. Bu cür tibbi kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün Lisenziya tələb edilir. Beləliklə araşdırılan sübutlarla müəyyən edilir ki, Şəxs MMC özəl tibbi fəaliyyəti həyata keçirən tibbi klinikadır. Şəxs Klinikası tibbi xidmətlər göstərdiyi üçün, həmçinin Lazer aparatı ilə epillyasiyanın həyata keçirilməsi tibbi xidmət üzrə fəaliyyətə aid olan kosmetoloji fəaliyyət olduğu üçün, həmin fəaliyyətlə məşğul olmağa Lisenziyasına əsasən ona icazə verildiyi üçün, tibb müəssisələri üzrə tibbi xidmətlər üzrə fəaliyyətin göstərilməsi pandemiya dövründə icazə verilən xidmət sahəsi olduğu üçün, bununla da Şəxs MMC tibbi Klinikasında tibbi xidmətə aid olan lazer aparatı ilə epillyasiya xidmətinin həyata keçirilməsinə Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə Xüsusi Karantin rejimi dövründə fəaliyyətinə icazə verilmişdir. İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati xəta kimi müəyyən edilmişdir. Lakin məhkəmə araşdırması zamanı yuxarıda müəyyən edildiyi kimi, Şəxs MMC özəl tibb müəssisəsi kimi fəaliyyət göstərdiyindən, həmçinin həmin tibbi Klinikasında həyata keçirilmiş lazer aparatı ilə epillyasiya xidməti tibbi xidmətlərə aid kosmetoloji fəaliyyət olduğundan və tibb müəssisələrinin daxilində tibbi fəaliyyətə isə Xüsusi Karantin rejimi dövründə icazə verildiyindən, bu cür fəaliyyətin göstərilməsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına səbəb olmur. Bununla da protokolda göstərilən inzibati xəta hadisəsi mövcud deyildir, Şəxs MMCnin fəaliyyətində İXM-nin 211.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibi mövcud deyildir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar