Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2366/2021 29.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X5 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X9 onun barəsində İXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi MN ******* saylı, 15.09.2021-ci il tarixdə tərtib edilmiş protokol əsasında MN ******* saylı, 27.09.2021-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, o, X21 İlyası əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməmişdir. X21 İlyas nəinki əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmiş, ümumiyyətlə müəssisədə belə bir işçi işləməmişdir. Konkret hər hansı bir iş görmədiyi üçün, onunla işçi işəgötürən münasibətləri olmadığı üçün qərarda da ümumi sözlərlə yazılmışdır ki, hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilmişdir. Əgər o işlədilmişdirsə, onda hansı iş gördüyü, əmək müqaviləsi olmadan, onun hansı işlər gördüyü qərarda öz əksini tapardı. Onun ümumiyyətlə hər hansı bir işçi olmamasını, hər hansı bir işi yerinə yetirmədiyini, ona hər hansı bir göstəriş verilmədiyini həmin müəssisədə işləyən işçilər də təsdiq edə bilər və sözügedən qərarın əsassız və qanunsuz olduğu sübut olunar. X21 İlyas əslində onu şərləyərək ondan pul almaq istəyir, buna görə onun barəsində polis orqanlarına da şikayət etmişdir. Hesab edir ki, barəsində şikayət etdiyi MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Yuxarıda sadalanan hallara görə inzibati xəta tərkibi olmadığı üçün barəsində şikayət etdiyi qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. X2 məhkəmə iclasında sorğu sual zamanı bildirmişdir ki, Türk dilini ümumi başa düşsə də, lakin sərbəst bilmir, sərbəst danışa bilmir, sərbəst başa düşə bilmir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X20 şikayətin əsassız olduğunu, ona görə də təmin edilməməsini məhkəmədən xahiş etdi. Bildirdi ki, Türkiyə Respublikası vətəndaşı X21 İlyas 26.08.2021-ci ildə X12 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək bildirmişdir ki, X9 tərəfindən “Chanpion Pide” kafesində əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilib. Bu səbəbdən də X21 İlyasın izahatı alınmış, həmin halı təsdiq edəcək digər şəxslərin, o cümlədən X5 da izahatı alınmış və protokol tərtib edilmişdir. həmin protokol əsasında isə X5 əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibi olduğundan, həmin maddə ilə təqsirli bilinib MN ******* saylı, 27.09.2021-ci il tarixli inzibati tənbehvermə qərarı çıxarılmışdır. X21 İlyas və onun təqdim etdiyi şahidlərin, X2nun izahatları iş materiallarında vardır. Buna görə də şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi MN ******* saylı, 27.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X9 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilmişdir. Həmin qərarda X5 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilindiyi əməl kimi göstərilmişdir ki, onun tərəfindən X4 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin qərar MN ******* saylı, 15.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Həmin protokolda da göstərilmişdir ki, X9 tərəfindən X21 İlyas Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin və xidmətlərin görülməsinə cəlb edilmişdir. Qeyd edilən protokolda həmin faktın X21 İlyasın şikayəti, izahatı, təqdim etdiyi sənədlər və şahidlərin izahatları ilə təsdiq edildiyi qeyd edilmişdir. Şəxs İXM-nin 192.1-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə təqsirli bilinsə də, onun barəsində tərtib edilmiş protokol və çıxarılmış qərar üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, tərəflərin təqdim etdikləri sənədlər və izahatlar araşdırılarkən X9 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə aşağıdakı pozuntulara yol verilməsi müəyyən edilir. Belə ki, iş üzrə görünür ki, X21 İlyas Türkiyə Respublikaı vətəndaşıdır. Ondan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsində 26.08.2021-ci il tarixdə izahat alınmışdır. Həmin izahatı o, Türk dilində yazmışdır. Həmin izahatında barəsində şikayət verdiyi şəxs X9 olmuşdur. Belə olduğu təqdirdə təqdim edilmiş sənədlərdən görünür ki, iş üzrə inzibati iş üzrə icraat aparılarkən tərcüməçinin iştirakı təmin edilməmişdir. X9 tərcüməinin iştirakı ilə həmin izahatla tanış etdirilməmişdir, həmin izahat Azərbaycan dilində tərcümə etdirilməmişdir. Halbuki, İXM-nin 49.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan dilində, yaxud müəyyən ərazidəki əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İXM-nin 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Bundan əlavə protokolda və qərarda şəxsin təqsirli bilindiyi əməlin törədilməsini təsdiq edən sübut növü kimi şahidlərin izahatları qeyd edilmişdir. Belə olduğu təqdirdə İXM-nin 79.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. İXM-nin 62.5-ci maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada şahid kimi sorğu-sual edilə bilər. İXM-nin 67.5-ci maddəsinə əsasən bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında şahidə xəbərdarlıq edilir. Şahid izahat verməkdən imtina etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir. Bununla da İXM-də dəqiq qaydalar müəyyən edildiyi üçün zərərçəkmiş və şahidin izahatlarının sübut kimi istifadə edilməsi üçün, həmin izahatlar İXM-də nəzərdə tutulmuş qaydada alınmalıdır. İXM-də isə nəzərdə tutulmuşdur ki, həmin izahatlar alınarkən izahat verən şəxs bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında xəbərdarlıq edilməlidir. Lakin İXM-nin bu tələbləri də səlahiyyətli orqan tərəfindən pozularaq, protokola əlavə edilmiş sübut kimi istinad edilən, izahat vermiş şəxslər kimi X21 İlyas, şahidlər X7, X19, X8 izahatları alınarkən onlar bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında xəbərdarlıq edilməmişlər. İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Ona görə də həmin sübutlar əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bundan əlavə inzibati xəta haqqında protokolda, inzibati tənbehvermə haqqında qərarda ümumiyyətlə şəxsin törətməsi ehtimal edilən hadisə, inzibati xətanın mahiyyəti, yəni şəxsin inzibati məsuliyyətə səbəb olan dəqiq əməli (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) göstərilməmişdir, şəxsin hansı əməlinin İXM-in 192.1-ci maddəsinin tərkibini yaratdığı, əməlin tövsifi göstərilməmişdir. Səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş üzrə icraat zamanı qərarda və protokolda X9 tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X21 İlyası harada (məkan yer, müəssisə, kafe, xidmət sahəsi, obyekt, işin görüldüyü yer), hansı tarixdən hansı tarixədək, məhz hansı işlərin və ya məhz hansı xidmətin yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilməmişdir. Protokol və qərarda hazırkı iş üzrə əhəmiyyət kəsb edən və şəxsin inzibati məsuliyyətə cəlb edilməkdə təqsirləndirildiyi, müəyyən edilməli olan məhz hallar və faktlar qeyd edilməmişdir. Protokolda və qərarda sadəcə İXM-nin həmin maddəsində yazılan dispozisiyası, İXM-də olduğu kimi qeyd edilmişdir. Buna görə də faktiki olaraq şəxs qeyri müəyyən əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsində təqsirləndirilib, inzibati tənbeh edilib. İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində şəxs təqsirləndirilirsə, onda səlahiyyətli orqan həmin maddədəki əməlin törədilməsini şəxsə israr etmək üçün, təqsirli şəxsin hansı işçini, harada (inzibati xəta hadisəsinin törədildiyi yer əhəmiyyət kəsb etdiyi üçün), nə vaxtdan nə vaxta qədər (inzibati məsuliyyətə cəlb etmə müddətinin müəyyən edilməsi üçün), məhz hansı işlərin yerinə yetirilməsinə (hansı işin yerinə yetirilməsi əhəmiyyət kəsb edir) cəlb etməsini müəyyən etməlidir, bununla bağlı sübut toplamalıdır. İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-nin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə şikayət üzrə inzibati orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Konkret əməl (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) qərarda göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin bu və ya digər hər hansı bir qərarda dəqiq göstərilməyən qeyri-müəyyən əməli törətməsini nəzərdə tutmasını məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibini yaradan əməl qeyd edilmədiyindən, şəxsin törətdiyi inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilmədən, inzibati xəta haqqında qərarda göstərilməyən əməlin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-in inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Konkret göstərilməyən, dəqiqləşdirilməmiş əməlin düzgün olub-olmamasını yoxlamaq da mümkünsüzdür. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X11 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Sadalananlara əsasən inzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyrimüəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Beləliklə hazırkı iş üzrə İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-in 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-in 134.1.5ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-in tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmçinin şikayətin inzibati xətanın törədilib-törədilməməsi məsələsi isə həmin işə səlahiyyətli orqanda baxılarkən, həmin səlahiyyətli orqanın araşdırmaq səlahiyyəti olduğundan, məhkəmə şikayətin bu hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X9 barəsində İXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi MN ******* saylı, 27.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsində yenidən baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2366/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2366/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver