Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-24/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi, vəkil Nümayəndə2 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Ak.Ş.Əzizbəyov küçəsi, ev 22 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax Regional Miqrasiya İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən tərtib edilmiş 20 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Özbəkistan Respublikası vətəndaşı xx.xx.1960-cı il təvəllüdlü X4 və xx.xx.1977-ci il təvəllüdlü X2 iş icazəsi olmadan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, 2 özbək vətəndaşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən cərimə olunaraq ölkədən xaric olunmuşdur. Cərimə hazırda ödənilib. İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən həmin özbək vətəndaşları işlədən müəssisə ilə bağlı protokol tərtib edilmişdir. Özbək vətəndaşları Ağcabədi rayonunda, Hindarx qəsəbəsində qeydiyyatda olmuşlar. Sistem üzərində xarici vətəndaşlardan mütəmadi araşdırılır. Özbək vətəndaşlarından burda olmaq səbəbləri barədə soruşduqda, onlar şirkətə aid kombaynların istifadəsinin öyrənilməsi məqsədi ilə ölkədə olduqlarını dedilər. Kombaynların sınağı ilə məşğul olmuşlar və hər gün saat 9-dan 17-yə kimi işdə olmuşlar. Bütün xərclər Şəxs QSC tərəfindən qarşılanmışdır. Eyni zamanda maaşlarını Özbəkistanda alacaqlarını da bildirmişlər. Ezam məsələsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı var ki, orada 8 iş növü göstərilmişdir. Barəsində protokol tərtib edilmiş hazırkı şirkətin fəaliyyat sahəsi isə ora aid deyil. Bu səbəbdən də inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, ilk öncə inzibati orqan əmək fəaliyyətini necə əsaslandırır? Yalnız xarici vətəndaşların ifadəsi ilə. Onların şirkətində pambıq yığımı işi yoxdur. Grand Motorsun hər hansı dəvəti yoxdur. O bilmir ki, niyə özbək vətəndaşları onların müəssisəsinin adını çəkmişdir. Sahibkarlıq fəaliyyətinin yoxlanılması dayandırılıb. Yerində yoxlama olmur. Qanunsuz miqrantların saxlanması barədə 82-ci maddəyə əsasən qərar olmalıdır. Məcburi saxlama olmalıdır. Ən böyük pozuntu budur ki, şirkət inzibati icraata dəvət edilməyib. Tərəflər arasında əmək müqaviləsinin olması necə təsdiq edilir? Kombayn digər şirkət tərəfindən Grand Motors-a göndərilib. Onlar məhkəməyə videomaterial da təqdim etmişlər. Hansı ki, burada həmin vətəndaşların müraciəti var. Grand Motors distribütor kimi satış məqsədli fəaliyyət həyata keçirmişdir. Şirkət heç vaxt pambıq yığımı işi ilə məşğul olmayıb. Müqavilədə də var ki, satışın necə aparılacağı ilə bağlı monitorinq olmalıdır. Nemət adlı şəxs əcnəbilərin dediklərini öz ifadəsi ilə təsdiq edir. Həmçinin qeyd edir ki, əcnəbilərlə bağlı Bərdə Rayon Məhkəməsində mübahisə var. Kombaynlar şirkətin mülkiyyətində deyil. Qonağın qarşılanması əmək münasibəti deyil. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2 X4 və X1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 18 noyabr 2024-cü il tarixli izahatlarından görünür ki, xx.xx.2024-cü il tarixdən etibarən Şəxs MMC şirkətində hər gün 9:00-dan 17:00-dək operator vəzifəsində işləyirlər. İş materiallarında olan 19 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli və 19 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarlardan görünür ki, X4 və X2 iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.013-cü maddəsinə əsasən iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazədir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən: 51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 51.4. İş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs bu Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur: Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara; Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara; diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə; beynəlxalq təşkilatlarda işləyənlərə; beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə; müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə; Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə; kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə; dənizçilərə; ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professormüəllim heyətinə və mühazirəçilərə; incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara; dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara; xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə; Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə; Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun; qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə; İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə; himayəsində 18 yaşına çatmamış və ya İ dərəcə əlilliyi olan Azərbaycan Respublikasının vətəndaşlarına; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə. Məhkəmə qeyd edir ki, göründüyü kimi X4 və X2 Şəxs MMC-də əmək fəaliyyətinə cəlb edilməzdən əvvəl Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 63.2-ci maddəsinə əsasən onun üçün cəmiyyət tərəfindən iş icazəsi alınmamışdır. Həmçinin X4 və X2 üçün iş icazəsinin alınmasını istisna edən və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsində əks olunmuş hallar yoxdur. Bu səbəbdən də Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Özbəkistan Respublikasının vətəndaşları X4 və X2 ölkəni tərk etdikdən sonra məhkəməyə notarial qaydada ərizələrin və videomüraciətlərin göndərilməsinə baxmayaraq (həmin ərizə və müraciətlərdə əmək fəaliyyətinin olmaması və avadanlığın sınaqdan kçirmək üçün gəlməsi göstərilir) məhkəmə həmin məlumatlara tənqidi yanaşaraq həmin ifadələri inandırıcı hesab etmir. Belə ki, hər iki əcnəbi vətəndaş ilkin izahatlarında əmək fəaliyyətinə cəlb olunquqlarını tam təsdiq etmişlər, həmçinin həmin şəxslərə miqrasi orqanı tərəfindən hər hansı təzyiq və ya qanunsuz təsirin göstərilməsi iş materialları ilə öz təsdiqini tapmır. Bundan əlavə hər iki əcnəbi vətəndaş hələ ölkə hüdudlarında olarkən Dövlət Mirqrasiya Xidmətinə ərizə ilə müraciət edərək qanunsuz əmək fəaliyyəti ilə birdə məşğul olmayacağı, yalnız “Grand Motors” şirkəti qanuni icazə aldıqdan işləyəcəkləri barədə bildirmişlər. Belə olduğu halda, Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə prosesində Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 578.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15000 (on beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-24/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-24/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver