Məhkəmə qərarları › İş №3(004)-2405/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2405/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2405/2025 21.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 11 mart 2025-ci il tarixli AYN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 11 mart 2025-ci il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, “X7 MİNİK” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir və həmin nəqliyyat vasitəsini o idarə edir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən İXM-in 346-1.1-ci maddəsi ilə 10 mart 2025-ci il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmuşdur. Həmin qərar qanunsuz və əsassız olaraq tərtib olunmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 17:26 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi ərazisində yerləşən 11203 saylı parklanma məntəqəsinə daxil olduqdan sonra mobil tətbiq vasitəsilə ödəniş qaydasında 15 dəqiqəlik ödənişsiz parklanma əməliyyatını təsdiq etmişdir. Daha sonra 15 dəqiqəlik ödənişsiz parklanma sessiyası sona çatdıqdan sonra 01 saatlıq parklanma əməliyyatını təsdiq etmişdir. Sessiya sonlandıqdan sonra məntəqəni tərk etmişdir.Sahə üzrə parklanma inspektoru da məntəqəni tərk etdyini görmüş, lakin əlavə ödəniş və ya pozuntu barədə heç nə bildirməmişdir. Göründüyü kimi heç bir inzibati xəta törətməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tərtib etdiyi 11 mart 2025-ci il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxsə və qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 11 mart 2025-ci il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 “X7 MİNİK” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 10 mart 2025-ci il tarixdə saat 17:26-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, X4 10 mart 2025-ci il tarixdə saat 16:09:30-da Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi ərazisində yerləşən 11203 saylı parklanma məntəqəsində mobil tətbiq vasitəsilə ödəniş qaydasında 15 dəqiqəlik ödənişsiz parklanma əməliyyatını təsdiq etmişdir. Həmin tarixdə, saat 16:24:30da sessiya sonlandıqdan sonra 16:09:30-17:09:30 aralıqlı 01 saatlıq parklanma əməliyyatını təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə - iyirmi manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 10 mart 2025-ci il tarixdə saat 16:09:30-da Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi ərazisində yerləşən 11203 saylı parklanma məntəqəsində təsdiqlədiyi parklanma müddəti 17:09:30-da sonlanmasına baxmayaraq parklanma qaydalarını pozaraq müddətdən artıq parklanma yerindən isitfadə etmişdir. Odur ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 11 mart 2025-ci il tarixli AYN seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar