Məhkəmə qərarları › İş №3(004)-2410/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2410/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2410/2024 12.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 02 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2024-cü il tarixdə saat 13:00-da aptek təşkilatlarında təkrar plandankənar yoxlama zamanı İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulmuş xətanın bir il ərzində təkrar törədilməsi aşkarlanmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 004 nömrəli plandankənar (növbədənkənar) yoxlama aktı ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 495 nömrəli 02 may 2024-cü il tarixli qərardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən əczaçılıq təşkilatın fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2024cü il tarixində mərkəzin nümayəndələri tərəfindən həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktı forması və yoxlama suallarının siyahısından görünür ki, yoxlama zamanı aptek təşkilatlarına dair tələblərə riayət olunmadığı aşkar edilmişdir. “Dərman vasitələri haqqında” 22 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əczaçılıq fəaliyyəti ilə əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər məşğul ola bilərlər. Əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər (işçilər) “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. “Dərman vasitələri haqqında” qanunun 1.0.7-ci maddəsinə əsasən əczaçılıq fəaliyyəti dedikdə dərman vasitələrinin hazırlanması, istehsalı, topdan və pərakəndə satışı ilə bağlı fəaliyyət başa düşülür. Həmin qanunun 13.5-ci maddəsinə əsasən aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nın 5.1 bəndinə əsasən aptekin rəhbəri tərəfindən əmrlə təyin olunan maddi-məsul şəxs ali və orta əczaçılıq təhsili olan mütəxəssislər olmalıdır. Həmin qaydaların 5.2-ci bəndinə əsasən aptekdə işləyən əczaçılar “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikasiyadan keçməli və ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar. Həmin qaydaların 12.3-cü bəndində əsasən aptekdən həkim resepti ilə buraxılan dərman vasitələrinin satışı “Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanunununa uyğun olaraq sertifikasiyadan keçmiş əczaçılıq təhsilinə malik mütəxəssis tərəfindən, reseptsiz buraxılan dərman vasitələrinin və digər tibb təyinatlı malların satışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəxəssislər tərəfindən həyata keçirilir. “Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 46-cı maddəsinə əsasən Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılarmüvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxıla bilərlər. Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həmin reyestrə çıxışı təmin edilir. Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 452.4-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərara əsasən Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə hesab edir ki, həmin hal hüquqi şəxsin hazırda təqsirləndirildiyi maddənin dispozitiv şərti olması nəzərə alınmalı və ağırlaşdırıcı hal kimi qəbul edilməməlidir. Məhkəmə prosesində Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 210.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar