Məhkəmə qərarları › İş №3(004)-242/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-242/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-242/2022 10.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı, ev 181A-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 09.01.2022-ci il tarixdə günorta radələrində sərxoş vəziyyətində Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, D.Bünyadzadə küçəsi 181A ünvanında bacısı X3 ilə mübahisə etmiş, onu ucadan nalayiq ifadələrlə təhqir edərək, ona bıçaqla hədə-qorxu gəlmiş, bununla da sərxoş vəziyyətdə uca səslə səs-küy salıb, nalayiq ifadələr işlədərək, səs küyə qonşular yığışaraq, kənar şəxslərin diqqətini özünə cəlb etməklə ictimai qaydanı pozmuşdur. Bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən 10.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, hal hazırda işlədiyi bir iş yoxdur. O, cəzaçəkmə müəssəsindən çıxdıqdan sonra 2 bacısı ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşamağa başlamışdır. Ara sıra onun spirtli içki qəbul etməyi ilə bağlı münaqişələr və mübahisələr baş vermişdir. 09.01.2022-ci il tarixdə o, spirtli içki qəbul etdikdən sonra bacısı ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı bacısı siqaret almaq üçün 1 manat pul istəməyi ilə bağlı yaranmışdır. Daha sonra o, bacısı ilə yüksək tonla danışaraq ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra onu 29-cu polis şöbəsinin əməkdaşları polis şöbəsinə dəvət etmişlər. Daha sonra o, spirtli içki müayinəsindən keçmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 bildirdi ki, qardaşı 1972-ci il təvəllüdlü Şəxs ailəsi yoxdur. Raufun dəfələrlə məhkumluğu olmuşdur. Rauf cəzaçəkmə müəssəsindən azad olunduqdan sonra 9 aydır ki, onlarla birlikdə yaşayır. Mütəmadi olaraq evdə və çöldə spirtli içki qəbul edir və onları narahat edir. Yüksək səslə nalayiq ifadələr işlədir və onları öldürməklə hədə qorxular gəlir. Qeyd etmişdir ki, qardaşı Rauf tüfeyli həyat sürür. Cəzalandırılmasını xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 09.01.2022-ci il tarixdə günorta radələrində sərxoş vəziyyətində Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, D.Bünyadzadə küçəsi 181A ünvanında bacısı X3 ilə mübahisə etmiş, onu ucadan nalayiq ifadələrlə təhqir edərək, ona bıçaqla hədə-qorxu gəlmiş, bununla da sərxoş vəziyyətdə uca səslə səs-küy salıb, nalayiq ifadələr işlədərək, səs küyə qonşular yığışaraq, kənar şəxslərin diqqətini özünə cəlb etməklə ictimai qaydanı pozmuşdur. İş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Anar Allahyarovun 09.01.2022-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan 09.01.2022-ci il tarixli raporta əsasən 09.01.2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X3, 09.01.2022-ci il tarixdə yaşadığı ünvanda qardaşı Şəxs tərəfindən bıçaqla hədə-qorxu gəlinməsi barədə bildirmişdir. Təhqiqat araşdırması zamanı müəyyən olunmuşdur ki, 09.01.2022-ci il tarixdə günorta radələrində ünvan 2 ünvanında Şəxs sərxoş vəziyyətində yaşadığı ünvanda bacılarının ünvanına yüksək səs tonu ilə nalayiq ifadələr işlədərək bıçaqla hədə qorxular gəlmişdir. Şəxsin şəxsiyyətini xarakterizə edən məlumat kimi iş materiallarında olan AZEMİS Elektorn sistemdən çıxarışa əsasən müəyyən edilir ki, R.Əliyev Yasamal Rayon Məhkəməsinin 3(004)-1504 /2021 saylı 28.06.2021-ci il tarixli və 3(004)-2033 /2021 saylı 01.09.2021-ci il tarixli qərarları ilə İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh edilmişdir. İş materiallarındakı 09.01.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 14:30 radələrində tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 09.01.2022-ci il tarixindən, saat 14:30 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar