Məhkəmə qərarları › İş №3(004)-244/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-244/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-244/2022 10.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X7, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X10 tərəfindən tərtib 10 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru tərəfindən tərtib edilmiş 10 yanvar 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edimiş sənədlərdən görünür ki, Şəxs 06 yanvar 2022-ci il tarixdə həyat yoldaşı X3 döymüşdür. 10 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X10 Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal rayonu, N.ünvan 2 ünvanında yaşayan X5 06 yanvar 2022-ci il tarixdə ərizə ilə Yasamal RPİ-nin 27-ci PB-nə müraciət edərək bildirmişdir ki, həmin gün gecə saatlarında yaşadıqları evdə həyat yoldaşı Elsevərlə aralarında baş vermiş münaqişə zamanı Elsevər onu və oğlu Əlirzanı döyərək hər ikisinə xəsarətlər yetirmişdir. Faktla bağlı müvafiq araşdırma aparılmış, cinayət məcəlləsinin müvafiq maddəsinin tərkib əlamətləri olmadığından 10 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 157-ci maddələrində nəzərdə tutulmuş sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, həqiqətən də son vaxtlar həyat yoldaşı və ailə üzvləri ilə aralarında dəfələrlə münaqişələr olmuşdur, həmin gün də gecə saatlarında ağır dərəcəli içkili olduğu üçün həyat yoldaşı ilə aralarında münaqişə olmuş, həyat yoldaşı onun üstünə gəldiyi üçün onu itələmişdir. Şəxs həmin vaxt içkili olduğu üçün nə baş verdiyini tam xatırlamadığını bildirmişdir. Ümumiyyətlə həyat yoldaşı və ailə üzvlərinə heç bir fiziki və psixi zor tətbiq etməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Bundan əlavə Şəxs verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, həyat yoldaşı Elsevərlə 30 ilə yaxındır ailə qurmuşdurlar. Son beş ildir ki, aralarında dələlərlə münaqişələr olmuş və onlar hər dəfə 27-ci PB-nə müraciət etmişdirlər. Həmin gün gecə saat 00:30 radələrində yenə də yaşadıqları evdə Elsevərlə aralarında münaqişə baş vermişdir. Aralarında baş vermiş münaqişəyə səbəb Elsevərin həmişəki kimi yenə də içkili olması olmuşdur. Münaqişə təxminən 25-30 dəqiqə davam etmiş, münaqişə zamanı Elsevər yaşadıqları evin əşyalarını dağıtmış, Elsevəri sakitləşdirmək istəyərkən onun sifətindən və sinəsindən yumruqla vurmuş, eyni zamanda oğlu Əlirzanı da vurmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı Səyyad Gözəlov tərəfindən tərtib edilmiş 10 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, 06 yanvar 2022-ci il tarixdə Yasamal rayonu, N.ünvan 3 ünvanında yaşayanlar Şəxs və ailə üzvləri arasında münaqişə baş vermiş, münaqişə zamanı Şəxs həyat yoldaşı X4 dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Odur ki, baş vermiş hadisə nəticəsində Şəxs əməlində cinayət tərkibi yaranmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, məhkəmə tibbi ekspertizasının 06.01.2022-ci il tarixli 09 saylı ekspertiza rəyinə əsasən X1 bədən səthində sağlamlığa zərər vurmayan-dərəcəsi təyin edilməyən xəsarət olduğu müəyyən edilmişdir. İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, Şəxs və onun ailə üzvləri dəfələrlə qarşılıqlı olaraq müxtəlif məzmunlu şikayətlərlə 27-ci PB-nə müraciət etmişdirlər və onların müraciətləri əsasında araşdırmalar aparılmış və müvafiq qərarlar qəbul edilmişdir. Eyni zamanda Şəxs və onun ailə üzvləri dəfələrlə 27-ci PB-nə eyni məzmunlu münaqişə xarakterli müraciətlər etdikləri üçün onlar münaqişəli ailə kimi qeydiyyata alınmışdırlar. Məhkum olunanlar haqqında çıxarışdan görünür ki, Şəxs Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 10.10.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinə əsasən bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli 10 yanvar 2022-ci il saat 16:21dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin və inzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 10 yanvar 2022-ci il saat 16:21-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar