Məhkəmə qərarları › İş №3(004)-2443/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2443/2024

21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2443/2024 21.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Nümayəndə Şikayətçi “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin direktoru X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin direktoru X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, Azərbaycan Respublikasının Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixli, MN №0023580 nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək 1000 manat məbləğində cərimə edilmişdir. Bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə yəni-əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. O, sözügedən qərarla razı deyil. Belə ki, qərar onun rəhbərlik etdiyi mərkəzin rəsmi nümayəndəsinin iştirakı ilə qəbul edilsə də, tərəflərindən təqdim olunan sübutlar nəzərə alınmamışdır. Həmçinin qərarda inzibatı orqanın icrası məcburi olan göstərişi göstərilmişdir ki, həmin göstəriş əsassız olduğundan onun icrası tərəflərindən mümkün olmamışdır. Bu barədə inzibati orqana rəsmi məlumat tərəflərindən verilmişdir. Qeyd edir ki, o, 15 oktyabr 2021-ci il tarixdə adı çəkilən müəssisəyə direktor təyin olunmuşdur. Mərkəzə direktor təyin olunduqdan, yəni 15 oktyabr 2021-ci il tarixindən öncə Mərkəzin fəaliyyəti ilə bağlı baş vermiş hər hansı bir inzibati xətaya görə barəsində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qəbul edilməzdir. Həmçinin bildirmək istəyir ki, barəsində aparılmış inzibati xəta haqqında icraatın başlanmasına səbəb vətəndaş Rəna Nağıyevanın şikayəti olmuşdur. Rəna Nağıyeva 2001-2014-cü illərdə 9 nömrəli Tam Təsərüffat hesablı Stomatoloji Poliklinikada işləmişdir. Sözügedən 9 nömrəli Tam Təsərüffat hesablı Stomatoloji Poliklinika adından və təşkilati formasından göründüyü kimi müstəqil balansa malik olmuşdur. Belə ki, poliklinika göstərdiyi stomatoloji xidmətlərin müqavilində qazanc əldə etmişdir. Həmin qazancla poliklinikanın saxlanılması, poliklinikanın tibbi personalın əmək haqqlarını ödənilməsi, məzuniyyət haqlarının ödənilməsi və digər xərclərin ödənilməsi nəzərdə tutulmuşdur. Yəni, tibbi personalın məzuniyyət haqlarının ödənilməsi birbaşa 9 nömrəli Tam Təsərüffat hesablı Stomatoloji Poliklinikanın səlahiyyətinə aid olmuşdur və poliklinika öz tərəfindən bu sahədə törədilmiş nöqsanlara görə cavabdeh olmuşdur. Odur ki, hesab edir ki, həmin qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Hər hansı bir inzibati xəta törətmədiyi halda barəsində əsassız olaraq protokol tərtib edilib cərimə olunmuşdur. Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən barəmdə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN №0023580 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə bildirdi ki, qərar qanunidir. Şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Şikayətin dəlilləri üzrə məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X1 Rəna Mircəfər qızının məzuniyyət haqqının 30 (otuz) gün müddətində ödənilməsi ilə bağlı icrası məcburi göstərişin qeyd olunan müddət ərzində yerinə yetirilməməsinə görə İXM-in 539.1-1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə edilmişdir. Qərar xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol əsasında tərtib edilmişdir. Lakin şikayətə əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-2002/2024 saylı qərarına əsasən barəsində inzibati tənbeh tətbiq edilmiş “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin hazırkı iş üzrə təqsirli bilindiyi əməl üzrə inzibati xətanın törədilib-törədilməməsinə qiymət verilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-339/2023 saylı qərarı ilə şikayəti təmin etməmişdir, rayon məhkəməninin qərarı qüvvəsində saxlanılmışdır. Həmin işin hazırkı iş üzrə əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ barəsində İXM-in 539.1-1-ci maddəsi ilə 09 aprel 2024-cü il tarixli tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ tərəfindən X4 məzuniyyət haqqının 30 (otuz) gün müddətində ödənilməsi ilə bağlı icrası məcburi göstərişi qeyd olunan müddət ərzində yerinə yetirilməmişdir. Həmin protokol hüquqi şəxs barəsində işə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin işə məhkəmədə baxılmış və Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-2002/2024 saylı qərarına əsasən “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 09 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda müəyyən edilmişdir ki, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ tərəfindən onun tabeliyində olmayan müəssisənin işçisi ilə bağlı göstərişin icra edilməməsi məsuliyyətə səbəb ola bilməz. Göründüyü kimi yuxarı instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır və preyudisial əhəmiyyətə malikdir. Lakin hazırkı iş üzrə preyudisial əhəmiyyətli qərarla hazırkı protokolda göstərilən eyni fakt üzrə inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapmamışdır. İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin direktoru X2 barəsində İXM-nin 539.1-1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar