Məhkəmə qərarları › İş №3(004)-2453/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2453/2021

30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2453/2021 30.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus tibb müəssisəsində 04.10.2021-ci il tarixdə, saat 16:00-də plandankənar yoxlama keçirilərkən lisenziyadan kənar (immunogenetik) tibb fəaliyyətinin təşkil olunması aşkar edilmişdir. Bununla da Şəxs MMC İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Onun barəsində 04.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi İ.M.Hacıyev Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Stomatoloji Mərkəzə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bekə ki, İXM-in 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yoxlama aktı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək, 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar