Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2465/2022 03.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, 1033-cü məhəllədə olan “X5 Kompleksi” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: “X5 Kompleksi” MMC tərəfindən 469.000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Azərbaycan X2 hesabından 21.04.2020ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 12.042,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 16.05.2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X3 məhkəmə iclasında etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsi tərəfindən tərtib olunmuş protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tərtib edilməmişdir. "xxxx" MMC inzibati Xətalar Məcəlləsinin 65.4.5-ci Maddəsinə uyğun olaraq həmin protokoldan şikayət verir. Bundan başqa, işə daxil edilən sənədlərdən göründüyü kimi Azərbaycan Beynəlxalq Bankı tərəfindən iş üzrə bütün sənədlər 28 aprel 2022-ci il tarixli məktubla Mərkəzi Banka göndərilmiş, Mərkəzi Bank tərəfindən isə 19 may 2022-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 101.1-ci Maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 101.2-ci Maddəsinə əsasən, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fıziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 102.5-ci Maddəsinə əsasən, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “X5 Kompleksi” MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan hazırkı protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan edilmiş ödəniş barədə 21.04.2020-ci il tarixli (köçürmə sənədi) ödəniş tapşırığı məlumatlarına əsasən 469.000 ABŞ dolları məbləğində valyuta 13.04.2020-ci il tarixli ***-******* saylı müqavilə əsasında “EuroChem Trading RUS LLC” şirkətinə köçürülmüşdür. İş materiallarında olan gömrük bəyənnamələrində ölkəyə idxal edilmiş malların dəyəri üzrə müəyyən edilir ki, protokolda göstərilən 469.000 ABŞ dolları dəyərində valyuta hesabına 456.958 ABŞ dolları məbləğində mal ölkəyə idxal edilmişdir. Yerdə qalan 12042 ABŞ dolları dyərində malın ölkəyə idxal edilməsi və ya həmin məbləğin geri qaytarılması barədə hər hansı bir sübut “X5 Kompleksi” MMC və onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Qalıq valyuta dəyərində malların tam idxal edilməməsində və ya həmin qalıq məbləğin ölkəyə geri qaytarıla bilməməsində hər hansı bir üzürla hal da müəyyən edilmədi. Bu səbəbdən də inzibati xəta haqqında protokolda göstərilən əməlin törədilməsi öz təsdiqini tapır. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. “X5 Kompleksi” MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, Azərbaycan Beynəlxalq Bankının 28.04.2022-ci il tarixli, 04-6664/2022 saylı məktubu ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “X5 Kompleksi” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 12.042,00 ABŞ dolların 20% məbləğində, yəni 2.408,4 ABŞ dolları (iki min dörd yüz səkkiz dollar 40 sent) (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2465/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2465/2022
03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver