Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2465/2025 25.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 16/1-186048 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 16/1-186048 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan X1 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) maddəsinə əsasən 300 manat miqdarında cərimə edilməyinə dair ayrı-ayrılıqda elektron “qərarlər” qəbul edilmişdir. Həmin qərarlar 2 dəfə ardıcıl olaraq məhkəmə iclasında baxılaraq ləğv edilmiş və yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Lakin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 16/1-186048 nömrəli qərarı ilə heç bir araşdırılma aparılmadan, onun iştirakı olmadan yenidən eyni məzmunlu qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, onun yaşayış ünvanı, əlaqə telefonu, habelə poçt ünvanı qeyd edilməsinə baxmayaraq o idarəyə dəvət edilməmişdir, bu səbəbdən də heç bir sübut təqdim etmək imkanı olmamışdır. Eyni zamanda heç bir araşdırılma aparılmamış, qərarda qeyd edilən göstərişlərə əməl edilməmişdir. Bundan əlavə qanunvericiliyin tələbləri pozularaq 3 ayrı elektron qərar ləğv edilərək ümumilikdə bir qərar qəbul edilmişdir. Sözügedən qərarın qəbul edilməsinə əsas olmuş qərarlar üzrə məsuliyyətə cəlb etmə müddəti artıq ötmüşdür. Bu səbəbdən, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, inzibati xətalar qanunvericiliyinin prinsiplərini və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini də, əsas götürərək xahiş etmişdir ki, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, Ns16/1-186048 nömrəli inzibati xəta haqqında qərarı ləğv edərək barəmdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayətdə göstərdiklərini müdafiə edərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 16/1-186048 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 16/1-186048 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 16/1-186048 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X1 iştirakı olmadan iş yenidən araşdırılmış və müvafiq qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 16/1-186048 nömrəli inzibati xəta haqqında iş üzrə qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qərarları ilə EQ 17004787, EQ 18613042 və EQ 19070058 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilmiş və iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə geri qaytarılmışdır. Lakin inzibati orqan tərəfindən iş yenidən araşdırılarkən və xx.xx.2024-cü il tarixli 16/1-186048 nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən şəxsin iştirakı təmin edilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 16/1-186048 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-ə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 16/1-186048 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2465/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2465/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver