Məhkəmə qərarları › İş №3(004)-2478/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2478/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2478/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X10 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X19 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X15, X2 iştirakları ilə X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin 17 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin 17 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 17 mart 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. X19 Xidməti Bakı şəhər İdarəsi tərəfindən müvafiq olaraq həmin qərarın qəbul edilməsinə əsaslar ondan ibarət olmuşdur ki, idarənin baş melioratoru X6 əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən, xx.xx.2025-ci il tarixdə xitam verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbi pozularaq son haqq-hesab üzrə ödənişinin xx.xx.2025-ci il tarxidə ödənilməsi müəyyən olunmuşdur. Hesab edir ki, X19 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında sözügedən qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 27 dekabr 2024-cü il tarixli, FƏ66 nömrəli əmrinin 1.1 bəndinə əsasən Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi ləğv edilmişdir. Əmrdən irəli gələn məsələləri həll etmək məqsədi ilə, Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 105-K nömrəli əmr imzalanmış və vəzifədən azad edilmiş işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən, xx.xx.2025-ci il tarixədək tutduqları vəzifədən azad edilərək Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələbinə uyğun olaraq işdənçıxarma müavinəti və həmin məcəlləsinin 144.2-ci maddəsinə əsasən isə istifadə etmədikləri əmək məzuniyyəti günlərinə görə pul əvəzinin ödənilməsi müəyyən edilmişdir. Əlavə olaraq bildirmişdir ki, "Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023cü il tarixli, 2356 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində X22 Xidməti publik hüquqi şəxsi yaradılmışdır. Bundan sonra, X22 Xidməti publik hüquqi şəxsin struktur bölmələrinin (idarələrinin) adlarının yeni sturktura uyğunlaşdırılması barədə 26 avqust 2024-cü il tarixli, 13-4/3-1- 7Ü/2024 saylı əmri ilə, keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində X22 Xidmətinin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi kimi adlandırılmış və müvafiq ştat cədvəli təsdiq edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin sədrinin 27 may 2024-cü il tarixli 001/f nömrəli əmri ilə, X22 Xidməti publik hüquqi şəxsin strukturu təsdiq edilmiş və hüquqi şəxs olmayan Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi həmin struktura daxil edilmişdir. 26 avqust 2024-cü il tarixli 13-4/3-1-7Ü/2024 saylı əmrin icrası məqsədi ilə, Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin xx.xx.2024-cü il tarixli, 103-k nömrəli əmrinə əsasən, işçilərin köçürmə yolu ilə Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin təsdiq edilmiş ştat cədvəlinə uyğun müvafiq vəzifələrə keçirilməsi və əmək qanunvericiliyinin digər tələbləri təmin edilmişdir. Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin 10 yanvar 2025-ci il tarixli 309-k nömrəli əmri ilə, idarənin texniki istehsalat və istismar şöbəsinin mühəndis-mexaniki X12 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən xx.xx.2025-ci İİ tarixdə xitam verilərək, işçiyə xx.xx.2022-xx.xx.2025-ci İİ müddətinə istifadə etmədiyi 43 təqvim günü əmək məzuniyyətinə görə kompensasiya və müvafiq əmək stajına görə orta aylıq əmək haqqının 1.4 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi müəyyən edilmişdir. İşçinin son haqq-hesab üzrə ödənişinin xx.xx.2025-ci il tarixdə ödənilməsinin səbəbi olaraq bildirmişdir ki, idarə özü müstəqil hüquqi şəxs olmadığı və idarənin istehsalat-təsərrüfat fəaliyyəti, Xidmət tərəfindən ayrılan vəsaitlər hesabına malivələşdirildiyi üçün, ödənişlərin gecikdirilməsi idarənin rəisi və digər məsul şəxslərin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. İdarənin ləğv edilməsi ilə bağlı, xx.xx.2025-ci il tarixdə əmək mügaviləsinə xitam verilmiş bütün işçilər barədə tabe olduqları X22 Xidməti publik hügugi şəxsə rəsmi gaydada məlumat verilmiş və əmək mügaviləsinə xitam verilmiş işçilərin son hagg-hesabının və işdənçıxarma müavinətinin ödənilməsi barədə siyahı təgdim edilmişdir. Beləliklə, yuxarıda göstərilən inzibati xəta haqqında qərarların qəbul edilməsinə əsas olan inzibati xətanı o, törətməmişdir. İnzibati xətanın tərəfindən törədilməməsi isə barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasını tamamilə istisna edir. Eyni zamanda bildirir ki, tərtib edilmiş protokol və qərar müvafiq qaydada tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə" "İnzibati tənbeh vermə haqqında Qərar"ın 4 nömrəli əlavəsi ilə inzibati xəta haqqında sənədlər və onların tərtib olunma qaydalarına əsasən, inzibati xətalara aid sənədlər akt, protokol, qərar və qərardad şəkilində çıxarılır. Həmin qaydalara uyğun olmayan sənədlərin tərtibi, onun etibarsızlığına əsas yaradır. Odur ki, MN ******* nömrəli, 10 mart 2025-ci il tarixli protokol və MN ******* nömrəli, 17 mart 2025-ci il tarixli qərar onun iştirakı olmadan tərtib olunmuşdur. Barəsində protokol tərtib olunarkən və məcburi göstəriş qəbul edilərkən onun iştirakı təmin olunmamış, imza da etməmişdir. Bildirmişdir ki, inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 17 mart 2025-ci il tarixli qərar ona xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. Göstərilənləri nəzərə alaraq X19 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 17 mart 2025-ci il tarixli qərarlarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X16 şikayətin məzmununa uyğun çıxış edərək X19 Xidmətinin Bakı Şəhər İdarəsinin 17 mart 2025-ci il tarixli, MN ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarının əsassız və qanunsuz olduğundan ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X19 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X25 izahatında bildirmişdir ki, qərar tam qanunidir, ləğv olunması üçün heç bir əsas yoxdur, şikayət isə əsassızdır. Göstərilənləri nəzərə alaraq X16 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 17 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş 10 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X7 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilsə də, son haqq-hesabı gecikdirilərək xx.xx.2025-ci il tarixdə ödənilmiş, işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozulmuş, nəticədə X16 barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinin 17 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X7 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilsə də, son haqq-hesabı gecikdirilərək xx.xx.2025-ci il tarixdə ödənilmiş, işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozulmuş, nəticədə X16 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 700 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli FƏ 66 saylı əmrindən görünür ki, Agentliyin 27 may 2024-cü il tarixli 001/f nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “X22 Xidməti” publik hüquqi şəxsin strukturunda edilən dəyişikliklərdən biri də Hidrogeoloji-Meliorativ Xidmət idarəsinin ləğv edilməsi olmuşdur. Hidrogeoloji-Meliorativ xidmət idarəsinin əsasnaməsindən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin 27 may 2024-cü il tarixli 001/f nömrəli əmri ilə Xidmətin strukturu təsdiq edilmiş hüquqi şəxs olmayan Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi həmin struktura daxil edilmişdir. İdarənin istehsalat-təsərrüfat fəaliyyəti Xidmət tərəfindən ayrılan vəsaitlər hesabına maliyyələşdirilir. xx.xx.2024-cü il tarixli 616 saylı əmrdən görünür ki, 29 dekabr 2024-cü il tarixdən X22 Xidməti publik hüquqi şəxsin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi X16 idarənin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir və onunla bağlanmış 01 avqust 2022-ci il tarixli 568 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. 06 yanvar 2025-ci il tarixli əmrdən görünür ki, X22 Xidməti publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 616 nömrəli əmri qüvvdən düşmüş hesab edilmişdir. Hidrogeoloji- Meliorativ Xidmət İdarəsinin rəisi X16 əmək funksiyasının icrasını müvəqqəti davam etdirmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 309-K saylı əmrdən görünür ki, “Hidrogeoloji Mellorativ Xidmət və X5 Nəzarət İdarəsi” bölməsində “mühəndismexanik” vəzifəsində işləyən X13 ilə bağlanılmış 15RCYMT000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 a “müəssisə ləğv edildikdə” maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. 10 fevral 2025-ci il tarixli müraciət vərəqəsindən görünür ki, müraciət edən şəxs X14 olmaqla, müraciətin məzmunu “vətəndaş əvvəlki iş yerində (Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi) əmək müqaviləsinə xitam verildikdən sonra işəgötürən tərəfindən işdən çıxarma müavinətinin ödənilmədiyini bildirmiş və bununla bağlı araşdırma aparıımasını xahiş etmişdir” şəklində olmuşdur. Kapital Bank tərəfindən verilmiş çıxarışdan görünür ki, X4 olaraq xx.xx.2025-ci il tarixdə ödəniş edilmişdir. X22 Xidməti publik hüquqi şəxsin 28 fevral 2025-ci il tarixli, 3-53-2/2-725/2025 saylı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı sorğuya cavab məktubundan görünür ki, “Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi” X22 Xidməti publik hüquqi şəxsinin strukturuna aid deyil. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 102k saylı əmrdən görünür ki, “Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi” bölməsində idarə rəisi vəzifəsində işləyən X17 ilə bağlanmış 1UR5TZ0000300 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2. “a” - tərəflərin birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025 tarixindən xitam verilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X1-Meliorativ Xidmət İdarəsinin rəisi vəzifəsinə işə götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, qərar qəbul edərkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X4 haqq hesabın xx.xx.2025-ci il tarixdə gecikdirilərək verilməsini müəyyən etsə də, həmin gecikmənin, yəni inzibati xətanın məhz vəzifəli şəxs X11 təqsiri ilə bağlı olub-olmamasını araşdırmamış, inzibati araşdırma aparılmamış, yalnız inzibati xətanın mövcud olmasını əsas gətirməklə qərar qəbul edilmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli əmri ilə Hidrogeoloji-Meliorativ Xidmət idarəsinin ləğv edilməsinə baxmayaraq, şikayət verən şəxs X16 bir neçə dəfə işdən azad olunub, sonra yenə işə bərpa olunub və hazırda qüvvədə olan əmək müqaviləsinə əsasən Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi vəzifəsinə işə götürülmüşdür. Bundan əlavə X22 Xidməti publik hüquqi şəxsin 28 fevral 2025-ci il tarixli, 3-53-2/2-725/2025 saylı məktubu ümumiyyətlə iş materialları ilə uzlaşmır və inzibati orqan tərəfindən bu hal araşdırılmamışdır. Belə ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin maddənin qeydindən görünür ki, Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Həmin Məcəllənin 172.4-cü maddəsin əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış hesab edilir. Göründüyü kimi, dövlət orqanlarından (qurumlarından) məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir və inzibati araşdırmanın tələb olunduğu halda, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs bu barədə qərardad qəbul edib işin bütün hallarını araşdırmalıdır. X19 Xidməti isə Mayya Gözəlovanın təqdim etdiyi əmək haqqı bank hesabından çıxarış məlumatına baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Həmçinin o da qeyd edilməlidir ki, vəzifəli şəxsin nümayəndəsinin işin araşdırmasında iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 17 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarda isə X16 tərəfindən qərarda adı qeyd edilən şəxsə son haqq-hesabı gecikdirilərək ödənildiyi göstərilsə də, araşdırma natamam şəkildə aparıldığından və yuxarıda qeyd olunan xüsusatlar aydınlaşdırılmadığından, iş materiallarında bu barədə hər hansı sübut mövcud deyildir. O da vurğulanmalıdır ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar araşdırılmadan məhkəmə tərəfindən qərarın ləğv edilərək icraata xitam verilməsi və ya şikayətin təmin edilməyərək vəzifəli şəxsin barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətli qərar olmamaqla şəxsin törətmədiyi inzibati xətaya görə məsuliyyətə cəlb olunmasına və ya törətdiyi inzibati xətaya görə məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X19 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən X11 İXM-in 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı material üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. . İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 17 mart 2025-ci il tarixli, MN ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X11 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 17 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X16 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 17 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X19 Xidmətinin Bakı Şəhər İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar